Məişət kimyasının beyin hüceylərinə  zərəri ilə bağlı XƏBƏRDARLIQ
19 aprel 2026 20:15 (UTC +04:00)

Məişət kimyasının beyin hüceylərinə zərəri ilə bağlı XƏBƏRDARLIQ

0

Yeni elmi araşdırma gündəlik istifadə olunan bəzi məişət kimyəvi maddələrinin beyin hüceyrələrinə zərər verə biləcəyini göstərib. Alimlər xüsusilə uşaqların sağlamlığı üçün bunun daha riskli ola biləcəyini bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dezinfeksiyaedici vasitələrdə və yanğına davamlı materiallarda istifadə olunan bəzi kimyəvi maddələr mielin adlı qoruyucu təbəqənin yaranmasına cavabdeh olan beyin hüceyrələrinə təsir göstərə bilər. Mielin sinir liflərini qoruyur və sinir impulslarının düzgün ötürülməsini təmin edir.

Bu proses pozulduqda isə sinir sistemi xəstəliklərinin yaranma ehtimalı artır. Məsələn, mielinin zədələnməsi dağınıq skleroz kimi ciddi nevroloji xəstəliklərlə əlaqələndirilir.

Araşdırma zamanı alimlər insanların gündəlik həyatda qarşılaşdığı 1800-dən çox kimyəvi maddəni analiz ediblər. Onların bir hissəsinin mielin yaradan hüceyrələr üçün zəhərli olduğu müəyyən edilib. Xüsusilə dezinfeksiyaedici vasitələrdə geniş istifadə olunan kvaterner ammonium birləşmələri və mebel, elektronika və tekstil məhsullarında istifadə edilən alovgecikdirici maddələr daha təhlükəli hesab olunur.

Mütəxəssislərin fikrincə, bu maddələr beyin hüceyrələrinin fəaliyyətinə təsir göstərə və onların inkişafını zəiflədə bilər. Bu isə sinir impulslarının ötürülməsini ləngidir və beyin fəaliyyətində problemlərə səbəb ola bilər.

Alimlər uşaqların daha çox risk altında olduğunu qeyd edirlər. Bunun səbəbi uşaqların beyninin hələ inkişaf mərhələsində olmasıdır. Araşdırmalar göstərir ki, bəzi alovgecikdirici maddələrin izləri demək olar ki, bütün uşaqlarda aşkar edilir və yüksək səviyyədə təsir öyrənmə problemləri ilə əlaqələndirilə bilər.

Pandemiya dövründə dezinfeksiyaedici vasitələrdən geniş istifadə olunması da bu maddələrə məruz qalma səviyyəsini artırıb. Bəzi tədqiqatlara görə, insanların qanında bu maddələrin miqdarı əvvəlki illərlə müqayisədə daha yüksək ola bilər.

Mütəxəssislər evdə riskləri azaltmaq üçün daha təhlükəsiz və kimyəvi tərkibi az olan təmizləyici vasitələr seçməyi məsləhət görürlər. Bundan əlavə, otaqları mütəmadi havalandırmaq, nəm təmizlik aparmaq və tozu tez-tez silmək zərərli maddələrin yığılmasının qarşısını almağa kömək edir.

Alimlər hesab edirlər ki, gələcək tədqiqatlar məişət kimyəvi maddələrinin insan sağlamlığına, xüsusilə də uşaqların beyninə uzunmüddətli təsirini daha ətraflı araşdırmalıdır. Bu isə gündəlik istifadə olunan məhsulların tərkibinə daha ciddi nəzarətin vacibliyini bir daha göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 42

Oxşar yazılar