Məktəblərə dəvət alanları kim seçir? – Növbədə avtoritet olacaq
11 mart 2024 16:28 (UTC +04:00)

Məktəblərə dəvət alanları kim seçir? – Növbədə avtoritet olacaq

Bakının 45 saylı orta məktəbində  fitnes məşqçisi Kamil Zeynallı ilə görüş keçirilib. Onun məktəblilərlə görüşü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çoxları orta məktəbdə şagirdlərlə görüş üçün məhz Kamil Zeynallının dəvət edilməsini narazılıqla qarşılayıblar.

Düzdür, Kamil Zeynallı bu görüşdə şagirdlərə pis heç nə tövsiyə eləməyib. Əlbəttə, auditoriya qarşısına çıxan birinin ilk edəcəyi şey ağıllı-ağıllı danışmaq, öz təcrübəsini paylaşmaqdır ki, Kamil də bunu edib. Amma onun ömür yolunun heç də hamar olmadığını nəzərə alsaq...

Kamil öz karyerasında irəliləyiş etmiş, müəyyən səviyyəyə çatmış ola bilər. Amma nə Olimpiya çempionudur, nə ölkə bayrağını dalğalandırmış idman ustası. Sadəcə sosial şəbəkələrdə şəxsi həyatını, özünü nümayiş etdirən bir insandır. Ölkədə blogerlikdən də, idmandan da danışacaq çoxlu sayda mütəxəssis, peşəkar ola-ola niyə məhz Kamil şagirdlərin qarşısına dəvət edilirdi?  

Kamil tez-tez kiminləsə qalmaqalı, davaları, söyüşləri ilə gündəmə gəlir, zaman-zaman “sutkalıq” həbslərə düşüb-çıxır. Düzdür, savaş dövründə xeyriyyəçilik elədi, amma o sadəcə vasitəçi idi. Eyni şəkildə addım atmış, kölgədə qalmış minlərlə azərbaycanlı kişi və qadın var.  Kamilin yerinə o məktəbə hansısa bir qəhrəmanı, döyüşçünü çağırmaq olmazdımı? Məktəb bu dəvətlə tələbələrinin dünyagörüşünə hansı töhfələri vermək istəyirdi? Məktəb rəhbərliyi eyni işgüzarlığı başqa bir məşhurla görüş üçün sərgiləyə bilərdi. Məsələn xalq artisti, aktyor, əmək veteranı, qazi, şəhid ailəsi, igid döyüşçü və.s.

Əgər populyarlıq bu haqqı verirsə, belə çıxır ki, sabah o səhnəyə söyüşləri ilə sosial şəbəkələrdə populyarlıq qazanmış Ləman, Bayram Nurlu, Nia və fırıldaqçı sevgilisi, “qırmızı adam”, qara şeytan, narkoman, avara meyxanaçı, küçə qadını, göbək rəqqasəsi və daha kimlər, kimlər çıxacaq. 

Bu gün bir jurnalist hər hansı bir problemi işıqlandırmaq üçün Bakı məktəblərindən birinin qapısını açmaq istəsə, yüz dənə əngəllə qarşılaşacaq, hətta kobud şəkildə sinəsindən geri itələnərək ayrılacaq o məktəb qapısından. Amma məktəb qapıları məmuniyyətlə şoumenlərə, blogerlərə, tiktokerlərə açılır. Bu gün ictimai şəxs deyəndə sosial şəbəkədə öz cibi üçün işləyənlər nəzərdə tutulur və müəllimlər də yeniyetmələrə bunu təlqin edirlər?

O məktəblilərin çoxu belə görüşlərdən sonra oxumadan da məşhurlaşmağın, varlanmağın mümkün olması kimi şirin nağıllara inanmağa başlayır, “yaxşı ceyil, yaxşı oğlan” olmağın “razborka”larına girişirlər. Oğru dünyasının əlindən su içmiş kumirlərinin həyatına baxıb oğru aləminin onlara verəcəyi “işıqlı gələcək” barədə fantaziyalar qururlar. 

Bəlanı qapıdan içəri dəvət edən isə nə şeytandır, nə əcəl. Məktəb rəhbərliyinin özüdür!
 

# 3690
avatar

Oxşar yazılar