1 Oktyabr – Beynəlxalq Ahıllar Günü yaşlı nəslin illər ərzində qazandığı bilik, bacarıq və həyat təcrübəsinin cəmiyyət üçün dəyərini bir daha xatırladır. Bu təcrübə bu gün artıq yalnız ailə daxilində deyil, rəqəmsal platformalar vasitəsilə minlərlə insana çatır, yeni nəsillərlə paylaşılır.
Bunun nümunələrindən biri Goranboyda yaşayan 70 yaşlı aşpaz Arifə xanımdır. 47 illik aşpazlıq təcrübəsinə sahib olan Arifə xanım bu gün bildiklərini TikTok vasitəsilə paylaşır, reseptlərini izləyicilərinə öyrədir və Azərbaycan milli mətbəxinin ənənələrini rəqəmsal mühitdə yaşadır. Onun hekayəsi göstərir ki, yeni texnologiyalar üçün yaş məhdudiyyəti yoxdur, illərlə toplanmış təcrübə isə düzgün platforma vasitəsilə yeni auditoriyalar və yeni nəsillərlə görüşə bilər.
Arifə xanımla aşpazlığa başladığı ilk illərdən, Goranboy mətbəxindən, TikTok-la tanışlığından və rəqəmsal platformanın onun həyatında yaratdığı dəyişikliklərdən danışdıq.
Lent.az Arifə xanımla müsahibəni təqdim edir:
– Arifə xanım, 47 ildir aşpazlıqla məşğulsunuz. Bu uzun yol necə başladı?
– Yemək bişirməyə marağım uşaqlıqdan yaranıb. Balaca vaxtlarımdan böyüklərin yanında olmuşam, onlara baxa-baxa öyrənmişəm. Artıq 47 ildir ki, bu işlə məşğulam. İllər keçdikcə təcrübəm artıb, öz bişirmə üsullarımı yaratmışam. Mənim üçün aşpazlıq sadəcə iş deyil, sevdiyim bir sənətdir.
– Bu 47 ildə sizə ötürülən ən dəyərli kulinariya biliyi nə olub?
– Mən çox şeyi böyüklərimdən öyrənmişəm. Yoldaşımın bibisi çox gözəl yeməklər hazırlayırdı. Aş bişirməyin bir çox incəliklərini ondan öyrənmişəm. Amma zaman keçdikcə öz təcrübəm də yaranıb. İndi hazırladığım yeməklərin çoxunu öz reseptim, öz üsulumla bişirirəm. Məncə, aşpazlıqda təkcə resepti bilmək kifayət deyil. İllərlə bişirdikcə insan yeməyin dilini öyrənir.
– Goranboy mətbəxini digər bölgələrin mətbəxindən fərqləndirən nədir?
– Mən öz bölgəmin yeməklərini çox sevirəm. Bəlkə goranboylu olduğum üçün mənə daha doğmadır, amma düşünürəm ki, bizim bölgənin yeməklərinin xüsusi dadı var.
Goranboyda yemək bişirmək özü də bir ənənədir. Mən bölgəmizin yeməklərini həvəslə hazırlayıram və istəyirəm ki, insanlar onları daha yaxından tanısınlar.
– Sizin TikTok hekayəniz isə həyatınızın çox çətin bir dövründən başlayıb. Bu platformaya necə gəldiniz?
– Həyatımda çox ağır bir hadisə olmuşdu. Körpə balamı itirmişdim. Allah heç kimə belə dərd göstərməsin. Ondan sonra çox pis vəziyyətdə idim, xəstələnirdim, fikrimi heç yerə verə bilmirdim. Böyük oğlumun qızı - nəvəm gördü ki, mənə bir məşğuliyyət lazımdır. Dedi: “Nənə, gəl sənin işlərini çəkim, Tik-Tok-da paylaşım, başın qarışsın”. Elə-beləcə də başladı.
Övlad dərdi unudulan dərd deyil. Amma TikTok-da videolar paylaşmaq, insanlarla ünsiyyət qurmaq mənim ağır günlərimi bir qədər dəyişdi. Fikrimi toplamağa, yenidən məşğul olmağa başladım.
– Deməli, TikTok təkcə sizin üçün rəqəmsal platforma olmadı…
– Yox. Mənim üçün tamam başqa bir şey oldu. Məni tanıyanların sayı çoxaldı. Təkcə Goranboydan yox, Azərbaycanın başqa bölgələrindən, hətta başqa ölkələrdən insanlar yazmağa başladılar. Bir vaxt mən öz mətbəximdə yemək bişirirdim, indi isə hazırladığım yeməyi çoxlu insan görür. Mənə yazırlar, resept soruşurlar, gözəl sözlər deyirlər. Bu, insana həvəs verir.
– TikTok-da tanınmağınız həyatınızda ən çox nəyi dəyişdi?
– Ən çox insanların münasibəti dəyişdi. Məni axtaran, tanıyan, yazan insanların sayı artdı.Goranboyda uşağından böyüyünə kimi insanlar məni tanıdı, daha çox hörmət, sevgi göstərdilər. Başqa şəhərlərdən, başqa ölkələrdən də yazanlar oldu. İnsan görür ki, onun zəhmətinə qiymət verilir. Əlbəttə ki, bu isə mənim üçün çox dəyərlidir.
– İzləyiciləriniz sizdən resept istəyəndə bu, sizə nə hiss etdirir?
– Çox sevinirəm. Mənə çoxlu reseptlər barədə yazırlar. Telefonla soruşan olur, mesajla soruşan olur. Nəyi bilirəmsə, deyirəm. Mən heç vaxt bildiyimi insanlardan əsirgəmirəm. İnsanın illərlə öyrəndiyi bir şeyi başqasına öyrətməsi gözəl hissdir. Mən istəyirəm ki, məndən sonra da bu yeməkləri bişirənlər olsun.
– Hansı yeməkləriniz TikTok izləyiciləri arasında daha çox maraq doğurur?
– Salatlarımı çox istəyirlər. Hazırladığım salatların reseptlərini tez-tez soruşurlar. Amma ümumiyyətlə, insanlar ənənəvi yeməklərə də maraq göstərirlər. Mən hansı yeməyi həvəslə hazırlayıramsa, insanlar da onu hiss edir. Mən də onların marağını görəndə daha böyük həvəslə bişirirəm və paylaşıram.
– TikTok sizi yeni insanlarla, yeni müştərilərlə və yeni imkanlarla da tanış edibmi?
– Bəli. TikTok vasitəsi ilə məni tapırlar, əlaqə saxlayırlar, dəvət edirlər. Əvvəllər əsasən öz rayonumuzda tanınırdım. İndi başqa yerlərdən də məni tanıyanlar olur. Dəvət olunan yerlərə gedirəm, yeməklər hazırlayıram. TikTok mənim gördüyüm işi daha çox insana göstərdi.
– 70 yaşında TikTok-da aktiv olmaq ətrafınızdakı insanlarda necə qarşılanır?
– Mənə elə gəlir ki, insanlar mənə baxanda həvəslənirlər. Düşünürlər ki, bu yaşda bir insan işləyirsə, nəsə hazırlayırsa, yeni şey öyrənirsə, deməli, insan istəsə yaşından asılı olmayaraq fəaliyyət göstərə bilər. Mən bu yaşda da işləyirəm. Əlimdən gələn qədər özümə, övladlarıma, nəvələrimə faydalı olmağa çalışıram. Yaş insanı işdən, həvəsdən salmamalıdır.
– TikTok-dan istifadə etməyə başladığınız ilk vaxtları necə xatırlayırsınız?
– Əvvəllər mənə çətin gəlirdi. Nəvəm mənim videolarımı TikTok-da paylaşanda orada yazılanları yaxşı oxuya bilmirdim. İşdən evə gəlirdim, görürdüm ki, mənə nəsə yazıblar. Tez nəvəmə deyirdim: “Oxu görüm, mənə nə yazıblar”.
İnsanlar mənə o qədər gözəl sözlər yazırdılar ki, bəzən utanırdım. Düşünürdüm ki, bu qədər insan mənə niyə belə gözəl sözlər yazır?
İndi isə buna sevinirəm. Fəxr edirəm ki, yaxşı ki, özümü və bacarığımı TikTok-da paylaşmışam, nümayiş etdirmişəm.
– Sizcə, TikTok kimi platformalar yaşlı nəslin topladığı təcrübənin itməməsinə kömək edə bilərmi?
– Əlbəttə. Bizim milli mətbəximiz illərlə analardan qızlara, böyüklərdən kiçiklərə keçib. Əvvəllər insan baxa-baxa, yanında dura-dura öyrənirdi. İndi isə video çəkib paylaşmaq mümkündür. Mən hazırlayıram, göstərirəm, öyrənmək istəyən də baxıb öyrənir. Bizim kimi anaların bildiklərini gələcək nəsil də bilməlidir. Milli mətbəximizi qorumaq lazımdır.
– Yəni TikTok sizin üçün bir növ nəsillər arasında körpüyə çevrilib?
– Bəli, mən belə düşünürəm. Mən bu yaşda hələ də öyrənirəm, eyni zamanda öyrədirəm. Bir gənc mənim videoma baxıb bir yeməyi öyrənirsə, sabah onu öz ailəsinə bişirəcəksə, mən bundan yalnız sevinə bilərəm. Bildiyimiz şeyləri özümüzlə aparmamalıyıq. Öyrətməliyik ki, davam etsin.
– İzləyicilərinizin reaksiyaları sizi yeni videolar hazırlamağa nə qədər həvəsləndirir?
– Çox həvəsləndirir. İnsan mənə yazanda, “sizi izləyirəm”, “reseptinizi hazırladım”, “çox xoşuma gəldi” deyəndə sevinirəm. Onların sevgisini görəndə mən də yorulmuram. Daha böyük həvəslə bişirirəm, çəkirəm, paylaşıram. Məni izləyənlər mənə qiymət verirlər, mən də onları çox sevirəm.
– Sizcə, ənənəvi Azərbaycan mətbəxinin rəqəmsal platformada daha çox təqdim olunması niyə vacibdir?
– Çünki bizim mətbəximiz çox zəngindir. Mən istəyirəm ki, Azərbaycan mətbəxi həmişə yaşasın, tanınsın, öndə olsun. Əgər biz öz yeməklərimizi, öz bişirmə üsullarımızı göstərməsək, gələcək nəsillər bunları haradan öyrənəcək? Mənim üçün yemək bişirmək təkcə süfrə hazırlamaq deyil. Bu, bizim keçmişimizdən gələn bir ənənədir.
– Bu gün rəqəmsal platformada fəaliyyət göstərməyə tərəddüd edən, “mənim artıq yaşım keçib” deyən insanlara nə söyləyərdiniz?
– Mən deyərdim ki, insanın bacarığı varsa, onu göstərməkdən çəkinməsin. Yaşın burada heç bir fərqi yoxdur. Mən 70 yaşımda TikTok-da paylaşım edirəm, insanlarla ünsiyyət qururam, öyrənirəm, öyrədirəm. Əsas odur ki, insan öz sənətini gözəl təqdim etsin, faydalı iş görsün.
Hər kəs öz bacarığını paylaşa bilər. Amma mən istəyərdim ki, paylaşdığımız şeylər gözəl olsun, insanlara fayda versin və milli dəyərlərimizi qorusun.
– 1 Oktyabr – Beynəlxalq Ahıllar Günündə gənclərə vermək istədiyiniz əsas mesaj nə olardı?
– Böyüklərdən öyrənməkdən çəkinməsinlər. Bizim illərlə gördüyümüz, öyrəndiyimiz şeylər var. Gənclər də yeni şeyləri bizdən daha yaxşı bilirlər. Bir-birimizdən öyrənməliyik. Mən 70 yaşımda TikTok öyrənmişəmsə, gənc də məndən bir yeməyin sirrini öyrənə bilər. Belə olanda həm bizim bildiklərimiz itmir, həm də yeni nəsil onu davam etdirir. Mən bu yaşda hələ də həvəslə bişirirəm, paylaşıram, öyrənirəm və öyrədirəm. İnsanların məni tanıması, sevməsi və məndən nəsə öyrənmək istəməsi isə mənim üçün ən böyük sevincdir.