Milli mədəniyyətin qorunması və gələcək nəsillərə ötürülməsi bu gün cəmiyyət üçün ən vacib məsələlərdən biri hesab olunur. Çünki hər bir xalqın kimliyi, tarixi və ənənələri onun mədəniyyəti ilə bağlıdır. Əsrlər boyu formalaşan adət-ənənələr, dil, musiqi, incəsənət və həyat tərzi xalqın milli yaddaşını qoruyub saxlayır və bu dəyərlər nəsildən-nəslə ötürülərək yaşayır.
Müasir dövrdə milli-mənəvi dəyərlərin qorunması daha da vacib hesab olunur. Qloballaşma və müxtəlif mədəni təsirlərin artdığı bir zamanda gənclərin öz milli köklərini tanıması və onlara bağlı olması xüsusi əhəmiyyət daşıyır.
Bəs görəsən, milli mədəniyyətin qorunması ilə bağlı parlamentdə hansı təşəbbüslər irəli sürülür?
Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, Milli Məclisdə “Mədəniyyət yaradıcılığı haqqında” qanuna dəyişikliklər edilməsini müzakirə edilir:

“Hər bir xalq tarixdə yaratdığı milli dəyərlər və mədəniyyəti ilə bugünə qədər gəlib, çatıb. Tarixdə özünəməxsus dəyərlər sistemi yarada bilməyən çoxsaylı xalqlar öz dillərini də, etnik kimliklərini itiriblər. Keçmişə nəzər salsaq görərik ki, onlar bu gün tarix səhifəsində yoxdurlar. Azərbaycan dünyada ən qədim maddi və mənəvi mədəniyyət nümunələri yaradan xalqlardan biridir. Təkcə Qobustana nəzər salsaq, görərik ki, bizim mədəniyyətimizin dərinliyi və inkişafı qayaüstü rəsimlərdə də mövcuddur. İlkin tunc dövrünə aid olan bu əsərlər Azərbaycanın ilk milli kitabxanasıdır. Əcdadlarımızın 5 min il əvvəl bizə miras qoyduğu mədəniyyət nümunələri ilə fəxr edə bilərik. Şübhəsiz ki, Azərbaycan xalqı eyni coşğu və yaradıcılıqla yeni mədəniyyət yaratmaqla milli mədəniyyətini zənginləşdirir.
Azərbaycan Prezidenti daim mədəniyyətimizin inkişafına diqqət və qayğı göstərib, mədəniyyət xadimlərinin yaradıcılığını motivasiya etmək üçün onları həmişə fəxri adlarla təltif edib.
Mədəniyyət çox ümumi anlayışdır. Burada ümumi milli mədəniyyətimizdən, musiqi, dil, sosial, siyasi, efir və mətbuat mədəniyyətimizdən danışa bilərik. Mədəniyyət əslində bizim bütün sferalarda olan ictimai münasibətlərimizin keyfiyyətinin məcmusudur. Musiqi mədəniyyətimizdən danışanda həm də musiqi zövqümüzdən bəhs etməliyik. Bu barədə problemlər var, musiqi zövqümüzü yenidən formalaşdırmalıyıq. Siyasi mədəniyyətdən bəhs edəndə siyasi leksikonumuzdan, siyasi münasibətlərimizin keyfiyyətindən danışmalıyıq. Bunların yeni çağırışlar əsasında yenidən zənginləşdirilməsi üçün Milli Məclisdə müxtəlif qanunlar qəbul edilir. “Mədəniyyət yaradıcılığı haqqında” qanuna dəyişikliklər edilməsini müzakirə edirik, artıq ikinci oxunuş olacaq. Bu da mədəniyyətimizin inkişafı üçün qanunvericilik bazasının genişləndirilməsinə xidmət edəcək.
Son dövrlərdə Azərbaycanda Mədəniyyət Nazirliyinin tabeliyində yaradılan (ARKA) və digər strukturlar mədəniyyətimizin inkişafına töhfə verirlər. Bizim teatr mədəniyyətimiz olduğu kimi kino mədəniyyətimiz də olub. Yeni çağırışlarda milli mənafelərimizin konteksində bu mədəniyyətimizin də zənginləşdirilməsi məsələləri aktualdır.
İlk növbədə yaradılan mədəniyyət nümunələri də, təqdim olunan kütləvi mədəniyyət çağırışları da bir məqsədə - dövlətin, millətin və bugünə qədər yaratdığımız mədəniyyətin daha da inkişafına töhfə versin ki, biz də onları yeni nəsilə ötürə bilək”.
Gənc nəslin milli dəyərlərə bağlılığının artırılması üçün hansı tədbirlər görülə bilər?
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, milli-mənəvi dəyərləri qorumadan güclü cəmiyyət qurmaq qeyri-mümkündür:

“Hər bir cəmiyyətin güclü olmasında onun milli-mənəvi dəyərlərinə bağlılığı böyük rol oynayır. Bu gün milli-mənəvi dəyərləri qorumadan güclü cəmiyyət, güclü dövlət qurmaq qeyri-mümkündür.
Biz dəyərlərimizi və ənənələrimizi qoruyub, gələcək nəsillərə çatdırmalıyıq. Bunu etməsək, gələcəkdə bizi daha ciddi problemlər gözləyəcək.
Ailələrimiz güclü olmalıdır, onlar övladlarının tərbiyəsinə, təliminə xüsusi önəm və diqqət yetirməlidir. Milli irsin qorunmasına xüsusi diqqət göstərilməlidir. Burada həm ailələrin, həm məktəbin həm də kütləvi informasiya vasitələrinin üzərində böyük iş düşür. Televiziyalarda maarifləndirici və təbliğat xarakterli verilişlərə böyük yer verilməli və davamlı olaraq bu istiqamətdə səyləri artırmaq lazımdır”.
Yazı Medianın İnkişafı Agentliyinin Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzusunda dərc edilib.
