Mütəxəssislər izah ediblər ki, qatarların təhlükəsizlik sistemi avtomobil və təyyarələrdəki kimi deyil və bunun elmi əsasları var.
Avtomobil, təyyarə və avtobuslardan fərqli olaraq, qatarlarda sərnişinlər təhlükəsizlik kəməri ilə bağlanmır. İlk baxışda bu qəribə görünə bilər, axı qatarlar da yüksək sürətlə hərəkət edir.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, mütəxəssislər bildirirlər ki, bu, təhlükəsizlik sistemindəki boşluq deyil, əksinə, illərlə aparılan araşdırmaların və texniki hesablamaların nəticəsidir.
Qatarla səyahət niyə daha təhlükəsiz sayılır?
Avropa Komissiyasının 2019-cu il tədqiqatına görə, Avropa İttifaqı ərazisində qatarda ölən sərnişinlərin riski təxminən milyard kilometr səfərə görə 0,09 hadisə təşkil edir. Bu göstərici avtobus sərnişinlərindən təxminən üç dəfə, avtomobil sürücü və sərnişinlərindən isə təxminən 30 dəfə azdır. Başqa sözlə, dəmir yolu nəqliyyatı dünyada ən təhlükəsiz səyahət üsullarından biridir.
Niyə kəmərlər burada uyğun deyil?
Dəmir yolu təhlükəsizliyi üzrə ekspertlərin fikrincə, kəmərlər qatar şəraitinə uyğun deyil. Çünki sərnişinlər çox vaxt vaqonda sərbəst hərəkət edir, dəhlizdə və ya tamburda dayanır. Belə hallarda qəza zamanı bağlanmamış sərnişinlər "uçan obyektlərə" çevrilə bilər və bu, xəsarət riskini azaldmaq əvəzinə artıra bilər.
Ekspertlərin qənaətinə görə, vaqonlardakı oturacaqların yerləşdirilməsi və konstruksiyası elə seçilib ki, toqquşma zamanı bədənin hərəkəti məhdudlaşdırılsın bu, kəmərdən daha effektiv müdafiə hesab olunur.
Tədqiqatlar və nəticələr
Qatarlarda təhlükəsizlik kəmərlərinin quraşdırılması məsələsi dəfələrlə araşdırılıb. Xüsusilə avtomobillərdəki kimi üçnöqtəli kəmərlər sınaqdan keçirilib.
Nəticələr göstərib ki...
Bəzi hallarda kəmərdən istifadə edən sərnişinlərdə xəsarət riski bir qədər azalır. Lakin azboylu sərnişinlər və yeniyetmələr üçün bu risk əksinə artır, çünki sərt oturacaq konstruksiyası boyun və sinə nahiyəsində zədə ehtimalını yüksəldir. Bundan əlavə, insanlar qatar səfəri zamanı ayağa qalxmağa, gəzməyə və sərbəst hərəkət etməyə öyrəşiblər.
Ekipajın hər sərnişinə nəzarət etməsi isə praktiki cəhətdən mümkün deyil. Beləliklə, mütəxəssislər yekdil qənaətə gəliblər ki, qatar vaqonlarında təhlükəsizlik kəmərlərinin quraşdırılması praktik baxımdan məqsədəuyğun deyil və ümumi təhlükəsizlik səviyyəsini artırmır.