Meyitdən orqan köçürülməsi ilə bağlı son zamanlar daha çox xəbərlərlə rastlaşırıq. Sevindirici haldır ki, bir nəfərin ölümü bir neçə insana həyat verir. Bəs görəsən, götürülən orqanlar necə mühafizə olunur, onların kimlərə veriləcəyi hansı yolla seçilir?
Bu və ya digər suallarla bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Lent.az-a müsahibə verib.

- Yeganə xanım, meyitdən götürülmüş orqanların kimə veriləcəyini müəyyən edən sistem necə işləyir? Öncəlik kimindir?
- Meyit donorun orqanlarının kimə veriləcəyini Vahid İnformasiya Sistemi müəyyən edir. Donor haqqında məlumat daxil edildikdən sonra sistemdə qeydiyyatda olan bütün gözləyən xəstələrin tibbi göstəriciləri avtomatik analiz olunur və uyğunluğa görə sıralanır. Eyni tibbi səviyyədə olan xəstələr arasında isə daha uzun müddət gözləyənə üstünlük verilir.
- Meyitdən orqan köçürülmüş şəxs həmin orqanın kim tərəfindən ona verildiyini öyrənə bilər? Bu mümkündür?
- Xeyr, meyitdən orqan köçürülən şəxsə donorun kimliyi açıqlanmır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən donor haqqında məlumatların məxfiliyi ciddi şəkildə təmin edilir.
- Bəs meyitdən götürülən orqanlar necə saxlanılır? Onları ən çox nə qədər saxlamaq olar?
- Meyit donordan götürülən orqanlar dərhal xüsusi məhlulla yuyulur və soyudulmuş steril qabarlara yerləşdirilir. Hər orqanın saxlanma müddəti fərqlidir: ürəyi ən çox 4–6 saat, ağciyəri 6–8 saat saxlamaq olur. Qaraciyər adətən 10–12 saat, mədəaltı vəzi 12–18 saat davam gətirir. Ən uzun müddət isə böyrəkdədir. Onu təxminən 24–36 saata qədər qorumaq mümkündür. Bu vaxt keçəndən sonra orqanın funksiyası pisləşdiyi üçün transplantasiya artıq mümkün olmur.
Donor orqanı xəstəyə nə qədər tez köçürülərsə, onun funksiyası daha yaxşı qorunacaq və transplantasiyadan sonra xəstənin bədənində yaşama müddəti daha çox olacaq.

- Hazırda ən çox hansı donor orqanına ehtiyac var?
- Böyrək və sümük iliyi. Böyrək həyati baxımdan daha təcili tələb olunan orqandır.
- Hazırda neçə nəfər orqan növbəsində gözləyir və onların hansı qruplar üzrə paylanması mövcuddur?
- Hazırda ölkədə orqan transplantasiyası üzrə gözləmə siyahısında olan vətəndaşların sayı 1000-dən yuxarıdır. Bu şəxslərin orqanlar üzrə təqribi bölgüsü belədir: böyrək üzrə təxminən 360 nəfər, gözün buynuz qişası üzrə təxminən 20 nəfər, qaraciyər üzrə təxminən 150 nəfər, ürək üzrə təxminən 25 nəfər və sümük iliyi üzrə təxminən 540 nəfər.
- Donorluqla bağlı son illərin ən vacib statistik dəyişiklikləri nələrdir?
- Son illər ölkəmizdə orqan donorluğu sahəsində böyük irəliləyişlər əldə olunub. Regionda ilk dəfə meyit donordan orqan götürülərək ehtiyacı olan xəstələrə uğurla köçürülüb. Bu ilin oktyabrında isə regionda ilk ürək transplantasiyası həyata keçirildi və əməliyyat tam müvəffəqiyyətlə başa çatdı. Bu hadisələr ölkəmizin tibbi imkanlarının mürəkkəb əməliyyatları icra edə biləcək səviyyəyə çatdığını göstərir. Eyni zamanda, cəmiyyətdə orqan donorluğuna münasibət də müsbət istiqamətdə dəyişib. Donorluq üzrə göstəricilər əhəmiyyətli dərəcədə artıb: keçən illə müqayisədə 8 dəfə daha çox insan ölümdən sonra donor olmaq üçün qeydiyyatdan keçib. İnsanlar bu mövzuya daha məlumatlı yanaşır, ailələr ölümdən sonra orqan bağışlanmasına razılıq verirlər.
- Meyitdən donor orqan köçürülməsi ödənişsiz əsasla keçirilir?
- Bəli, meyitdən donor orqan köçürülməsi dövlət hesabına həyata keçirilir.
- Donor olan şəxs öldükdən sonra yaxın qohumları onun verdiyi qərardan etiraz edərsə, nə olur? Orqan köçürülməsinə mane yaranır?
- Əgər vətəndaş ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçibsə, əsas hüquqi sənəd onun özü tərəfindən verilmiş razılıqdır. Yaxın qohumların etirazı bu qərara təsir edə bilməz. Qanun bu yanaşmanı qoruyur ki, donorun şəxsi hüququ və iradəsi tam təmin olunsun və proses etik prinsiplərə uyğun aparılsın.
- İndiyə qədər meyitdən neçə orqan köçürülüb?
- İndiyə qədər meyit donorlardan 42 orqan götürülərək ehtiyacı olan insanlara köçürülüb. Nəticədə, ağır vəziyyətdə olan, illərlə müalicə alan, bəzən isə həyatı yalnız tibbi aparatların dəstəyi ilə davam edən xəstələr normal həyata geri dönüblər. Meyit donorlardan həyata keçirilən bu transplantasiyalar həm də ölkəmizdə orqan donorluğu sisteminin inkişaf etdiyini, cəmiyyətin maariflənməsini və daha çox ailənin belə nəcib addımı dəstəklədiyini göstərir. Hər uğurlu əməliyyat düzgün koordinasiyanın, tibb personalının yüksək peşəkarlığının və ailələrin böyük ürəyinin nəticəsidir.
- Donor orqanı köçürülən şəxs ömür boyu dərman istifadə edir? Əgər edirsə, o xərcləri kim qarşılayır?
- Donor orqanı köçürülən şəxs ömür boyu immunosupressiv dərmanlardan istifadə etməlidir. Bu dərmanların xərcləri dövlət tərəfindən qarşılanır.
- Ölümündən sonra donor olmaq üçün razılıq vermiş şəxs qəzaya düşərsə, yaxud evdə vəfat edirsə, onun orqanları götürülür?
- Ölümdən sonra orqan donorluğunda həm tibbi, həm də hüquqi baxımdan əsas şərt beyin ölümünün müəyyən edilməsidir. Yalnız xəstəxanada, reanimasiya şəraitində dünyasını dəyişən şəxslərin orqanları transplantasiya üçün götürülə bilər. Beyin ölümü diaqnozu yalnız reanimasiyada, xüsusi tibbi avadanlığın köməyi ilə ixtisaslaşmış həkim komissiyası tərəfindən rəsmi şəkildə təsdiqlənir. Əgər şəxs qəflətən qəzada, evdə və ya xəstəxanadan kənarda vəfat edibsə, onun orqanlarını transplantasiya üçün götürmək mümkün olmur. Çünki belə hallarda ürək dayanır, qan dövranı kəsilir və orqanlar çox qısa müddətdə zədələnir. Bu isə onların transplantasiya üçün yararsız olmasına səbəb olur. Beyin ölümü zamanı isə insan klinik olaraq artıq vəfat etmiş sayılır, lakin süni nəfəs aparatı bir müddət qan dövranının davam etməsini, orqanların qidalanmasını təmin edir və onların funksional olaraq transplantasiya üçün uyğun qalmasına imkan yaradır.
- Niyə məhz gözün buynuz qişası xarici ölkədən gətirilə bilir, digər orqanlar yox?
- Gözün buynuz qişası xarici ölkədən gətirilə bilən yeganə orqan deyil. Lakin onun daşınması digər orqanlara nisbətən daha asandır və ölkədə meyit donorlardan əldə olunan buynuz qişalar kifayət etmir. Üstəlik, qanla təchiz olunmayan toxuma olduğu üçün xüsusi məhlullarda uzun müddət saxlanıla bilir; buna görə praktik olaraq yalnız buynuz qişa gətirilir.
- Bütün orqanlarını bağışlayan şəxslər var? Siyahıda bunu görə bilirsiniz?
- Donor qeydiyyatı zamanı insanlar ya seçilmiş orqanları, ya da bütün orqan və toxumalarını bağışlamağa razılıq verə bilirlər. Sistem bu məlumatı qeydə alır. Donor qeydiyyatı üçün müraciət edənlərin əksəriyyəti bütün orqanlarını bağışlamağa razılıq verir.

- Meyitdən orqan köçürüldükdən sonra dünyasını dəyişən şəxslər olub?
- Xəstələrdən biri transplantasiyadan təxminən 1–2 ay sonra ağır infeksiya nəticəsində septik şok diaqnozu ilə dünyasını dəyişib. Qalan xəstələrin isə vəziyyəti stabildir və bərpa prosesləri davam edir.
- Ölümümüzdən sonra orqan donoru olmaq üçün onlayn formada ərizə doldururuq. Əgər donor olmaq istəyən şəxs qeydiyyatdan keçərkən bir neçə orqanı qeyd edibsə, yenidən başqa orqanlar üçün də qeydiyyatdan keçə bilərmi? Yoxsa razılıq formasını dəyişmək olmur?
- Vətəndaş ölümdən sonra donorluq üçün qeydiyyatdan keçərkən yalnız bir dəfə seçim etmir. İstədiyi zaman öz razılıq formasını yeniləyə bilər. Əgər əvvəlcə bir neçə orqanı qeyd edibsə, sonradan başqa orqanları da əlavə etmək mümkündür. Bu, tamamilə vətəndaşın istəyindən asılıdır və məhdudiyyət qoyulmur.
- Bəs razılıq forması necə dəyişdirilir?
Donorluqla bağlı verilmiş razılıq şəxsi kabinetə daxil olmaqla dəyişdirilə bilər. Kabinetdə “razılığın ləğvi” funksiyası aktivləşdirildikdən sonra əvvəlki razılıq qüvvədən düşür. Sonrakı mərhələdə yenidən qeydiyyatdan keçmək mümkündür. Bu zaman razılıq forması yenilənir və əvvəlki kimi istənilən orqan və toxuma siyahısına düzəlişlər edilə, əlavə və ya çıxarışlar oluna bilər.
- Qeydiyyat zamanı təmsilçiyə dair məlumatları doldurmaq tələb olunur. Təmsilçi kimdir?
- Təmsilçi, donorluq üçün qeydiyyatdan keçən vətəndaşın özünün seçdiyi bir şəxs olur. Bu şəxs qohum, dost və ya tanış ola bilər. Beyin ölümü halında orqanların götürülməsi barədə məlumatlandırılan tərəf kimi göstərilir. Təmsilçinin vətəndaşın qərarına hüquqi təsir etmək səlahiyyəti yoxdur. O, yalnız məlumatlandırılır. Eyni zamanda, həmin vaxta qədər təmsilçi bu barədə məlumatlandırılmır və vətəndaşın donorluq qərarı tam məxfi saxlanılır.