Pul üstündə mübahisən i necə dayandırmaq olar?
05 iyun 2026 18:04 (UTC +04:00)

Pul üstündə mübahisəni necə dayandırmaq olar?

0

Mütəxəssislər bildirirlər ki, münasibətlərdə yaranan mübahisələrin əsas səbəblərindən biri maliyyə məsələləridir. Amerika Psixoloji Assosiasiyasının məlumatına görə, cütlüklərin 31 faizi məhz pulu münasibətlərdə əsas konflikt mənbəyi hesab edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, maliyyə ilə bağlı mübahisələr digər mövzulardakı münaqişələrlə müqayisədə daha uzun çəkir, daha gərgin keçir və daha çətin həll olunur.

Psixoloqlar isə belə problemlərin qarşısını almaq üçün üç pulqabısı sistemini tövsiyə edirlər.

Ekspertlərin sözlərinə görə, maliyyə konfliktlərinin əsas səbəbi pulun azlığı deyil, ailədaxili maliyyə qaydalarının olmamasıdır. Bir çox cütlükdə kimin hansı xərcləri ödəyəcəyi, nə qədər vəsaitin sərbəst xərclənə biləcəyi və böyük məqsədlər üçün necə qənaət ediləcəyi əvvəlcədən müəyyənləşdirilmir. Bu isə zamanla narazılıq və gərginlik yaradır.

Psixoloqlar qeyd edirlər ki, insanların pula münasibəti əsasən ailədən formalaşır. Bəziləri qənaətcil ailədə böyüyür, digərləri isə pulun rahat xərcləndiyi mühitdə yetişir. Fərqli maliyyə düşüncələrinin toqquşması münasibətlərdə konfliktə səbəb olur.

Mütəxəssislərin tövsiyə etdiyi “üç pulqabısı” sistemi bir ümumi və iki şəxsi büdcədən ibarətdir. Ümumi hesab ailə xərcləri – kommunal ödənişlər, ərzaq, ipoteka və böyük alış-verişlər üçün nəzərdə tutulur. Hər iki tərəfin şəxsi hesabına isə eyni məbləğ köçürülür və həmin vəsaiti istədikləri kimi xərcləyə bilirlər.

Ekspertlər bildirirlər ki, bu üsul münasibətlərdə ədalətsizlik hissini azaldır və tərəflərin bir-birinə qarşı iradlarını minimuma endirir. Şəxsi xərclərə görə hesabat verilməməsi cütlüklər arasında psixoloji rahatlıq yaradır.

Psixoloqlar həmçinin “maliyyə görüşləri” adlandırılan vərdişin də münasibətlərə müsbət təsir etdiyini bildirirlər. Tövsiyəyə əsasən, cütlüklər həftədə və ya iki həftədə bir dəfə birlikdə oturaraq xərcləri, hesabları və gələcək planları müzakirə etməlidirlər.

Mütəxəssislər hesab edir ki, maliyyə ilə bağlı mübahisələr əslində puldan çox, düzgün ünsiyyətin və sistemin olmamasından qaynaqlanır. Onların fikrincə, aydın maliyyə qaydaları və açıq ünsiyyət münasibətlərdəki gərginliyin böyük hissəsini aradan qaldıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar