Qadınlar və uşaqlar məişət zorakılığının qurbanları kimi
21 mart 2023 08:00 (UTC +04:00)

Qadınlar və uşaqlar məişət zorakılığının qurbanları kimi

Qadın yaradılışdan təbiətən zərif və zəif varlıqdır. Baxmayaraq ki, bugünkü dünyada qadınlar bütün sahələrdə çalışır və öz peşələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Hələ də ailələrdə qadınlarla münasibətdə zorakılıq halları da qalmaqdadır. Bu hallar özünün ən çox məişət zorakılıqları müstəvisində göstərir.

Dünya təcrübəsi və aparılan araşdırmalar göstərir ki, məişət zorakılıqlarının qurbanları daha çox qadınlar və uşaqlar olur. Hər gün 3 qadından biri məişət zorakılığına məruz qalırlar. Hər il 5 mindən artıq qadın məişət zorakılığı müstəvisində baş verən hadisələrlə qətlə yetirilirlər.

Məişət zorakılığının motivinin nə olmasından asılı olmayaraq əksər hallarda bu zorakılığı törədən tərəf kişilərdir.

Qeyd edək ki, məişət zorakılığı daha çox ailə üzvləri, qohumlar, birgə yaşayan və ya əvvəllər birgə yaşayıb sonradan ayrılmış insanla arasında baş verən münaqişələr zamanı ortaya çıxır. Məsələnin ən acınacaqlı tərəfi isə budu ki, qadınlar və uşaqlar bu zorakılıqlara doğmaları, yaxın ailə üzvləri və ya qohumları tərəfindən məruz qalırlar.

“Məişət zorakılıqları niyə baş verir?” - sualına cavab axtarsaq, müxtəlif motivlərlə rastlaşa bilərik. Məişət zorakılıqların baş verməsinə təsir edən başlıca amillər bunlardır: erkən nikahlar və ya yaşlı kişi və yeniyetmə qızla izdivacı, qısqanclıq, tərəflərdən birinin digərin məxsus hansısa mülkiyyəti öz nəzarətində saxlamaq və ya ələ keçirmək istəyi, seksual uyğunsuzluq, işsizlik və bundan doğan sosial problemlər, iqtisadi amillər və s.

Qeyd edək ki, məişət zorakılığı müstəvisində ən çox qətl hadisələri erkən nikahla qurulmuş ailələrdə baş verir. Yaşlı kişi və gənc qız arasında olan izdivacın davamlı olmamasının əsas səbəbi isə tərəflərin istək və maraqların uzlaşmaması, yaşlı kişinin daim qadın tərəfindən tərk edilmək qorxusu, gənc qadın üçün isə yaşlı həyat yoldaşının onun istək və tələblərinə cavab verməməsi,vəd olunan həyat tərzini keçirə bilməməsi kimi düşüncələr münasibətlərin pisləşməsi ilə müşayiət olunur ki, bununla da mütəmadi xarakter alması sonda ailə münaqişələrinə gətirib çıxarır. Bəzən isə bu tipli ailələrdə problemlər kişinin birinci nikahından olan  övladlarının problemlərinin önə keçməsi müstəvisində yaranır.

Məişət zorakılığının əsas qurbanları əksər hallarda qadınlar olur. Bu məsələ  aydındır ki, yaxın ailə üzvü tərəfindən davamlı fiziki şiddətə və ya seksual zorakılığa məruz qalan qadınlarda həmin şəxsə qarşı nifrət, kin və aqressiya formalaşır. Adətən belə vəziyyətlər də münaqişələrin sonu bir-birinə xəsarət yetirmə, psixoloji təzyiq göstərməsi qətllərlə bitir. İradəsi zəif olan qadınların isə seçimi isə intihar olur. Son illər bu sahədə diqqət çəkən nüanslardan biri isə odur ki, bəzən özünə qarşı göstərilən fiziki, psixoloji şiddətdən bezən qadınlar belə qatil ola bilirlər. Son açıqlanan statistikalara görə təkcə son 2-3 ildə onlarla kişi qadınlar tərəfindən bu müstəvidə qətlə yetiriliblər. Yüzlərlə qadın isə ailədə ona göstərilən fiziki və mənəvi təzyiqlərdən bezərək intihar ediblər.

Qeyd edək ki, məişət zorakılığından ən çox əziyyət çəkən ən çox uşaqlar olur.

Belə ailələrdə böyüyən uşaqların psixoloji problemləri olur və çox zaman bu problemlər onların gələcəyi ilə bağlı da narahatçılıqlar yaradır.

Psixoloqu dinləyək: “Uzun illər əvvəl yanıma bir uşaq gətirmişdilər. Fikir verdim ki, uşaq özü danışsa da əli ilə masada elə bil nəyisə dağıtmaq, vurmaq, ya da uçurmaq istəyirdi. Tez-tez əllərini stolun kənarına vururdu”.  

Həmin uşaqla aparılan psixoloji söhbət əsnasında məlum olur ki, adətən ailə münaqişələri baş verərkən ata və ana bunun uşağın psixikasına təsirini nəzərə almayıblar və bütüm münaqişələr uşaqların gözü önündə baş verib. Atanın daima stola qoyulan qabları bir-birinə vurması, əlini stola çırparaq içki tələb etməsi o qədər davam edib ki, körpə yaşlarında bu səhnəni görməyə adət edən uşaq da əlini stola vurmaq kimi refleks yaranıb.

Yaxud başqa bu məqam ananın fiziki şiddətə məruz qalması halı da uşaqların psixikasına olduqca pis təsir edir. Bu halda uşaqlarda ya böyüyüb atasından anasının intiqamını almaq düşüncəsi formalaşır.

Ya da həmin uşaqda böyüyəndə atası kimi davranmasının normal olduğunu qəbul edən şüuraltı düşüncəni inkişaf etdirir. Ona görə də problemli ailələrdə uşaqların tərbiyəsi və psixikası daha tez pozulur.

Qeyd edək ki, uşaqların evdən qaçması halları da daha çox məişət zorakılıqlara dair ailələrdə baş verir. Bəzən həmin uşaqların psixologiyası o qədər pozulur ki, onları sonradan öz ailələrinə qaytarmaq belə mümkün olmur.

Bu cür uşaqlar bəzən istismar alətinə də çevrilə bilirlər. Xüsusən də bu yetkinlik yaşına çatmayan qızlarla bağlı narahatedici faktdır. Heç kim qarantiya verə bilməz ki, ailə münaqişəsindən bezərək evdən qaçan qız uşaqları sonradan seksual zorakılıq qurbanlarına və ya insan alveri qurbanına çevrilməyəcək.

Odur ki, valideynlər istənilən problemi həll edərkən bu amillər də nəzərə almalıdırlar.

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

# 2256
avatar

Oxşar yazılar