Bakıda özəl klinikaların birindən oğurluq edənə hökm oxunub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Doktor Maya” klinikasında qeydə alınıb.
Gecə saatlarında klinikanı mühafizə edən və təhlükəsizlik məqsədilə orada qalan 42 yaşlı Nuran Cavadov (ad və soyad şərtidir) həkim-terapevtin otağına icazəsiz daxil olub. Belə ki, ona bir neçə otağa giriş icazəsi verilsə də, terapevtin və başqa bir neçə otağa girməsinə icazə olmayıb. O isə qeydiyyat şöbəsindən açarı götürərək həmin otağa daxil olub. Burada çarpayıdakı adyalın üzərində ağ kağız zərf görərək onu götürüb.
Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bayıra çıxanda zərfin içərisində 540 manat pul olduğunu görüb və onun 490 manatını xərcləyib. Səhər isə qalan 50 manatı da şəxsi ehtiyacına sərf edib. O, əməlindən peşman olmasını, zərərçəkənə dəyən ziyanı ödəməsini və barışmasını bildirərək barəsində amnistiya aktının tərtib olunmasını istəyib.
Zərərçəkən şəxs də həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə klinikanın mühafizəçisi N. Cavadov 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, sözügedən klinika tibb üzrə fəlsəfə doktoru olan tanınmış xanım həkimə məxsusdur.