Qapısına qıfıl vurulan  universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
31 iyul 2026 15:43 (UTC +04:00)

Qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?

0

Müstəqillik illərində Azərbaycanda ali təhsil sistemində bir sıra ciddi islahatlar aparılıb. Bu islahatlar nəticəsində bəzi ali təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılıb, bəziləri isə digər universitetlərlə birləşdirilib. Əsas səbəblər sırasında təhsil standartlarına cavab verməmək, lisenziya tələblərini pozmaq, qanunsuz tələbə qəbulu və ali təhsil sisteminin optimallaşdırılması dayanıb.

Lent.az müstəqillik illərində Azərbaycanda fəaliyyəti dayandırılan və ya digər müəssisələrə birləşdirilən ali məktəblərin siyahısını təqdim edir:

Müstəqil Azərbaycan Universiteti

Universitet müxtəlif  ixtisaslar üzrə tələbə qəbul etsə də, sonradan maliyyə problemləri və təhsil standartlarına uyğun fəaliyyət göstərə bilməməsi səbəbindən çətinliklərlə üzləşib. 2005-ci ildə ali məktəbin fəaliyyəti dayandırılıb və universitet təhsil bazarından çıxıb.

Azərbaycan Beynəlxalq Universiteti (ABU)

Təhsil qanunvericiliyini pozduğu və qanunsuz tələbə qəbulu keçirdiyi üçün 2010-cu ildə lisenziyası ləğv edilib.

Azərbaycan İctimai-Siyasi Universiteti

2014-cü ildə lisenziya müddətinin bitməsi səbəbindən fəaliyyəti tamamilə dayandırılıb.

Bakı Asiya Universiteti

Təhsil fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı öz müraciəti əsasında Təhsil Nazirliyinin qərarı ilə 2015-ci ildə bağlanıb.

Təfəkkür Universiteti

Universitetin Təsisçilər Şurasının qərarı və lisenziya müddətinin uzadılmaması səbəbindən 2017-ci ildə fəaliyyətinə son qoyulub.

Naxçıvan Universiteti

1999-cu ildə özəl ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınan universitetin fəaliyyətinin dayandırılması ilə bağlı qərar 2024-cü ilin fevralında qəbul edilib.

Elm və təhsil naziri Emin Əmrullayev universitetin bağlanmasının təsisçinin müraciəti və qərarı əsasında həyata keçirildiyini bildirib. Qərara əsasən, sonuncu kurs tələbələri təhsillərini həmin universitetdə başa vurub, aşağı kurs tələbələri isə digər ali təhsil müəssisələrinə köçürülüblər.

Bakı Qızlar Universiteti

2000-ci ildə yaradılmış ali məktəb uzun illər yalnız qız tələbələr üçün fəaliyyət göstərib. Sonradan lisenziyası uzadılmayıb və universitet fəaliyyətini dayandırıb. 2026-cı il iyulun 22-də Akkreditasiya Şurasının qərarı ilə universitet institusional akkreditasiya qiymətləndirilməsindən mənfi rəy alıb.

Təhsilin keyfiyyəti və ali təhsil müəssisələrinə qoyulan tələbləri ödəmədiyi üçün universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Tələbələrin təhsillərini digər ali təhsil müəssisələrində davam etdirməsi nəzərdə tutulur.

Birləşdirilən və Optimallaşdırılan Universitetlər

Azərbaycan Müəllimlər İnstitutu (AMİ)

Ali təhsil müəssisələrinin şəbəkəsini optimallaşdırmaq məqsədilə 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilib.

Bakı İslam Universiteti

2018-ci ildə fəaliyyətini dayandırıb və funksiyaları yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna dövr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar