Hər il ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali, orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə müəllimlərin sertifikatlaşdırma prosesin keçirilir.
Təəssüflər olsun ki, zaman-zaman müəllimlərin keçirilən sertifikasiya imtahanından narazılıqlar olur.
Maraqlıdır, müəllimlərin imtahanları ən çox problem yaradan səbəb nələrdir?
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Elm və təhsil nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, sertifikasiya savadlı müəllimləri seçə bilmək üçün düzgün addımdır:
“Müəllimlərin sertifikasiyasını olduqca vacib bir addım hesab edirəm. Düşünürəm ki, bu, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən növbəti bir mərhələnin başlanğıcıdır və bütövlükdə sertifikasiya tətbiqi təhsilin keyfiyyətini yüksəldəcək. Çünki təhsilin keyfiyyətinə təsir göstərən ən vacib faktorlardan biri keyfiyyətli müəllimlərlə bağlıdır. Yəni müəllimlər daha təcrübəli olsalar, təbii ki, təhsilimiz də keyfiyyətli olacaq. Bu baxımdan müəllimlərin sertifikasiyasını çox yüksək qiymətləndirirəm. Sertifikasiyaya müəllimlərin cəlb olunması savadlı müəllimləri müəyyənləşdirməkdə, onların əmək haqlarını düzgün qiymətləndirməkdə bizə köməklik edəcək.
Digər tərəfdən, bu, bütövlükdə uzun illər təhsilin keyfiyyəti ilə bağlı mövcud olan problemi - keyfiyyətsiz müəllimlərin məktəblərdə fəaliyyətinə, nəhayət son verəcək. Eyni zamanda, bu sertifikasiyanın keçirilməsi ilə biz yaxşı müəllimləri müəyyənləşdirib, onların mərhələli şəkildə əmək haqlarını yüksəldə bilərik”.

Təhsil ekspertinin sözlərinə görə, sertifikasiyada problem görünmür:
“Sertifikasiyada əslində problem görmürəm və düşünmürəm ki, sertifikasiya öz ixtisasını yaxşı bilən müəllimlər üçün bu və ya digər formada problem yarada bilər. Burada problem yalnız, mövzu ətrafında yalançı ajiotaj yaratmaq istəyi ilə bağlıdır. Yəni, əslində sertifikasiyanın mahiyyətini başa düşməyən və yaxud başa düşüb onu yanlış təqdim etmək istəyində olan təəssüf ki, müəyyən adamlar var. Əlbəttə, bu ilkin prosesdir. Hər hansı çatışmazlığı ola bilər.
Təbii ki, bu gün ən ideal formada bunu təqdim edə bilmərik. Amma bütövlükdə prosesin başlanğıcıdır və sertifikasiyada təqdim olunan suallar çətin suallar deyil. Əvvəlki ildə keçirilmiş sertifikasiyanın nəticələrinə nəzər salanda, uğur əldə etmiş müəllimlərin yanaşmalarına diqqət yetirsək, əslində məsələnin nə qədər obyektiv, şəffaf və eyni zamanda doğru aparıldığına şahid ola bilərik. Əvvəlki sertifikasiyada uğur qazanmış müəllimlər əslində sertifikasiya suallarının çətinliyin olmamasını dilə gətirirlər. Bu çox sevindiricidir. Digər tərəfdən, qeyd etdiyim kimi, uzun illər məktəb sistemində çalışan müəllimlərin keyfiyyəti ilə bağlı məsələlər gündəmdə idi. Əlbəttə, bunun çıxış yolu olmalıdır. Heç kim istəməz ki, onun övladı, uşağına keyfiyyətsiz və savadı yerində olmayan müəllim təhsil versin. Bu baxımdan da mən düşünürəm ki, cəmiyyət bu prosesi alqışlamalıdır. Cəmiyyət bu prosesi dəstəkləməlidir və bu, təhsilimiz naminə atılan addımdır. Burada yalançı ajiotaj yaratmaq istəyi mövcuddur.
Cəmiyyət məhz bu istiqamətdə irəli atılan addımları dəstəkləməlidir və sertifikasiya bunlardan biridir. Mən burada problem yaradan digər səbəblər görmürəm və düşünürəm ki, özünə arxayın olan müəllimlər təbii ki, prosesi uğurla keçəcəklər. Hesab edirəm ki, sertifikasiya prosesində bu və ya digər səbəbdən yaxşı nəticə qazana bilməyən müəllimlərə ikinci şans veriləcək və əlbəttə ki, müəllim pedaqoq, psixoloji hazırlığa malik olan mütəxəssis olaraq öz ixtisası ilə bərabər, həm də o psixoloji hazırlığa malik olmalıdır. Proses barədə yaradılan süni ajiotaja inanmamağa çağırıram”.