1963-cü ildən bəri rekordu qırılmayan  mahnı
20 aprel 2026 13:44 (UTC +04:00)

1963-cü ildən bəri rekordu qırılmayan mahnı

0

Cəmi bircə mahnı yeniyetmə bir qızı bir neçə saatın içində dünya ulduzuna çevirdi.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 1963-cü ildə "I Will Follow Him" mahnısı hit-paradların birinci pilləsinə yüksəldi və onun müəyyən etdiyi rekord bu günə qədər qırılmayıb. Həmin vaxt mahnını ifa edən və daha çox "Little Peggy March" ləqəbi ilə tanınan Marqaret Battavionun cəmi 15 yaşı olub.

Mahnı işıq üzü görən kimi dərhal "Billboard Hot 100" siyahısında birinci yerə qalxdı və üç həftə boyu zirvədə qalıb. "Little Peggy March" bu siyahıda birinci yeri tutan ən gənc qadın ifaçı kimi tarixə düşüb. Mahnı təkcə ABŞ-da deyil, eyni zamanda Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Afrika və Honkonqda da hit-paradlara rəhbərlik edib. Bununla yanaşı, o, "R&B" çatlarında birinci olan ilk ağdərili qadın ifaçı kimi yadda qalıb.

Bu gün "I Will Follow Him" 1960-cı illərin əvvəllərinin en məşhur kompozisiyalarından biri sayılır. Mahnı müxtəlif filmlərdə, o cümlədən Vuopi Qoldberqin baş rolda oynadığı "Bacım, hərəkət et" (Sister Act) filmində səsləndirilib və hələ də bir çox sənətçilər tərəfindən ifa olunur.

Lakin ilk mahnısının gətirdiyi böyük uğura baxmayaraq, "Little Peggy March" dünya miqyaslı böyük ulduza çevrilə bilməyib. Amerika mətbuatı onu sonralar "bir hitin ifaçısı" adlandırsa da, o, Avropa ölkələrində daha 10 il ərzində populyarlığını qoruyub saxlayıb və uğurlu konsertlər verib.

Müğənninin karyerasındakı ən kədərli məqam isə maliyyə məsələləri ilə bağlı olub. O, səhnədə böyük uğur qazansa da, qazandığı vəsaitdən tam bəhrələnə bilməyib. "Peggy March" yetkinlik yaşına çatmadığı üçün onun pullarını meneceri idarə edib. Sonradan məlum olub ki, menecer müqavilə şərtlərindən istifadə edərək qazanılan vəsaitin böyük hissəsini mənimsəyib. 1970-ci illərin sonunda ifaçı aktiv müğənnilik karyerasını başa vuraraq ailə həyatı qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar