Səhiyyə sistemində 10 milyonluq pozuntu
22 aprel 2026 14:42 (UTC +04:00)

Səhiyyə sistemində 10 milyonluq pozuntu

0

Şuşa xəstəxanasının tikintisində 7,9 mln. manatlıq iş icra edilməyib, 2,5 mln. manatlıq şişirtmə aşkarlanıb.

Lent.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi ilə bağlı Hesablama Palatasının hesabatında əksini tapıb.

Məlumata görə, Şuşada 90 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisi layihəsi üzrə bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları müəyyən edilib.

Audit göstərib ki, layihə ilkin mərhələdə lazımi əsaslandırmalar olmadan hazırlanıb, bu isə Dövlət İnvestisiya Proqramının tələblərinin pozulmasına səbəb olub. Layihələndirmə səhvləri nəticəsində əlavə torpaq ayrılıb və xərclər artaraq ümumi vəsaitin təxminən 15%-ni təşkil edib.

Hesabata əsasən, müqavilədən kənar və artıq işlərin daxil edilməsi nəticəsində podratçıya 392,9 min manat artıq ödəniş edilib. Normativlərə uyğun olmayan xərclərin smetaya salınması isə əlavə 341,7 min manat artıq xərcə səbəb olub.

Bundan əlavə, faktiki icra olunmayan işlərin sənədlərdə göstərilməsi nəticəsində 113,3 min manatlıq şişirtmə qeydə alınıb.

Daha böyük uyğunsuzluq isə bəzi işlərin və avadanlıqların təkrar daxil edilməsi ilə bağlı olub – bu, ümumilikdə 2,54 mln. manat məbləğində dəyərin əsassız artırılması ilə nəticələnib.

Audit zamanı həmçinin müəyyən edilib ki, smetada nəzərdə tutulmayan avadanlıqlar üzrə 7,9 mln. manat dəyərində işlərin tam icra edilmədiyi halda sənədlərdə yerinə yetirilmiş kimi göstərilib.

Hesablama Palatası qeyd edir ki, satınalma proseslərində planlaşdırma və sənədləşmə ilə bağlı çoxsaylı pozuntulara yol verilib, mühasibat uçotu və aktivlərin qeydiyyatı sahəsində şəffaflıq tam təmin olunmayıb.

Bildirilib ki, tikinti işləri 2023-cü ildə başa çatsa da, obyektin istismara qəbulu gecikdirilib və bu hal maliyyə hesabatlarında uyğunsuzluqlara səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar