Şəxsiyyət vəsiqələrinə ana adı yazıla bilərmi? - DEPUTATLAR DANIŞDI
15 sentyabr 2026 13:58 (UTC +04:00)

Şəxsiyyət vəsiqələrinə ana adı yazıla bilərmi? - DEPUTATLAR DANIŞDI

0

Son günlər sosial şəbəkələrdə şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ana adının da qeyd olunması məsələsi müzakirə olunur. Xüsusən, övladını tək böyüdən analar bu fikri dəstəkləyərək, bütün məsuliyyəti daşımalarına rəğmən vəsiqədə yalnızca atanın adının olmasını ayrı-seçkilik kimi dəyərləndirirlər.

Bəs görəsən, şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ananın adının da yazılması gözlənilirmi? Ümumiyyətlə, belə bir dəyişiklik qanunvericilik və cəmiyyət baxımından nə dərəcədə məqsədəuyğundur?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, vəsiqədə ana adının yazılması geniş yayılomış təcrübə deyil:

Hikmət Babaoğlu: Yeni kadr təyinatları milli inkişafımızın prioritetlərinin  realizə olunmasına hesablanıb - AZƏRTAC

“Məncə, şəxsiyyət vəsiqəsinə ana adlarının yazılması təcrübəsi ümumiyyətlə dünyada geniş yayılmış bir təcrübə deyil.

Biz patriarxal bir ölkəyik. Matriarxalizm bəlkə bizim inkişaf, təkamül tariximizin hansısa mərhələsində olub. Amma bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da patriarxal sosial münasibətlər sistemi mövcuddur. Ana adının yazılması, bəlkə, hüquqi baxımdan mümkündür. Nəticə etibarilə, əlbəttə ki, burada bir hüquq pozuntusu yoxdur. Amma mənəvi-psixoloji baxımdan insanlarımız buna hazırdırmı? Məncə, bu sualın cavabını düzgün tapmalıyıq.

Bizim milli psixologiyamız belədir ki, kimisə çağıranda və kiməsə anasının adı ilə “filan xanımın övladı” deyəndə, bu, o qədər də xoş qarşılanmır. Bu, bizim mentalitetimizin bir tərkib hissəsidir.

Ona görə də əgər belə bir hüquqi məsələ müəyyənləşdirilibsə, onun mənəvi-psixoloji tərəfi də hazırlanmalıdır. İnsanların buna nə qədər hazır olduğu müəyyənləşdirilməlidir ki, onlar analarının adı ilə çağırılsınlar.

Əlbəttə ki, ana müqəddəsdir. Ana hər birimizin anasıdır. Bundan gözəl, bundan şərəfli ad yoxdur. Amma biz, eyni zamanda, patriarxal düşüncə və fəlsəfədən gələn xalqıq. Bütün dünya xalqlarının böyük əksəriyyəti də belədir.

Ona görə də mən düşünürəm ki, burada bəzi məsələləri həm milli psixologiya və milli mentalitet, həm də hüquqi kontekstdə düzgün qiymətləndirməyi bacarmalıyıq.

Qaldı ki, atası olmayan övladlara, məncə, belə bir kateqoriya yoxdur ki, atası olmayan övlad olsun. Mütləq kiminsə atası var. Yəni övlad varsa, onun mütləq atası var. Onun da həm mənəvi haqqıdır, həm də övlad üçün fəxarətdir ki, atasının adı orada yazılsın. Məncə, bu məsələni bu gün müzakirə etmək o qədər də uyğun deyil”.

Milli Məclisin deputatı Zahid Oruc Lent.az-a açıqlamasında bildirib ki, sosial mediada yayılan ictimai təşəbbüsün Milli Məclisdə müzakirəyə çıxarılması qanunvericilikdə müəyyənləşdirilən prosedurlara uyğun aparılmalıdır:

Zahid Oruc: Təklif edirik ki, Qarabağ Universitetində Türk Dünyası Elm  Mərkəzi yaradılsın VİDEO - AZƏRTAC

“Hazırkı qanunvericilik aktları şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı və atasının adının göstərilməsini birbaşa müəyyən edir. Ana adı isə şəxsiyyət vəsiqəsinin rekvizitləri sırasında yoxdur. Qərarın qəbulu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 3-cü maddəsinə dəyişiklik edilməsini tələb edir.

Lakin mövzunu “ata ilə ananın bərabərliyi” prizmasından qiymətləndirmək kifayət etmir. Çünki valideynlik məlumatının dövlət reyestrində saxlanması və onun şəxsiyyət vəsiqəsinin üzərində görünməsi müxtəlif hüquqi prinsiplərə uyğun tənzimlənir. Azərbaycanda ana haqqında məlumat onsuz da dövlət qeydiyyat sistemində mövcuddur. Doğumun dövlət qeydiyyatı zamanı həm ata, həm də ana barədə məlumat akt qeydinə və doğum haqqında şəhadətnaməyə daxil edilir. Mövcud vəziyyətdə söhbət dövlətin ananı “tanımamasından” getmir; müzakirə olunan məsələ bu məlumatın şəxsiyyət vəsiqəsinin üzərində də göstərilib-göstərilməməsidir. Beynəlxalq təcrübə vahid model göstərmir

Beynəlxalq təcrübədə üç əsas yanaşma görünür.

Birinci model – yalnız şəxsin öz identifikasiya məlumatları. Gürcüstanın elektron şəxsiyyət vəsiqəsində ad, soyad, doğum tarixi və yeri, vətəndaşlıq, cins, şəxsi nömrə və digər identifikasiya məlumatları var; nə ata, nə də ana adı ayrıca göstərilir. Bir çox Avropa ölkəsində də yanaşma belədir: valideynin kimliyi şəxsin kart üzərində identifikasiyası üçün zəruri məlumat hesab edilmir.

İkinci model – ənənəvi sistem. Ukraynanın daxili şəxsiyyət sənədində “patronymic” - ata adı ayrıca sahədir. Əgər şəxsin hüquqi adının tərkib hissəsi deyilsə, sahə boş qala bilər. Azərbaycan hazırda bir çox ölkələrdə mövcud olan modelə daha yaxındır.

Üçüncü forma – hər iki valideynin göstərilməsi. İspaniyanın 2025-ci ildən qüvvədə olan DNI qaydalarına görə kartın arxa hissəsində “Nombre de los progenitores” - valideynlərin adları göstərilir. Portuqaliyanın Citizen Card sistemində isə “filiação” - valideynlik məlumatı kartın görünən identifikasiya elementlərindən biridir və doğum qeydiyyatındakı valideynlərə əsaslanır.

Təklifin mənəvi arqumenti başadüşüləndir. Hazırkı vəsiqədə yalnız ata adının göstərilməsi patriarxal ənənənin hüquqi sənəddə davamı kimi qiymətləndirilə bilər. Ana adının da göstərilməsi valideynliyin hər iki tərəfinin dövlət sənədində bərabər görünməsi baxımından simvolik əhəmiyyət daşıya bilər.

Amma hüquqi nöqteyi-nəzərdən ata adının mövcudluğu ilə ana adının olmamasını avtomatik diskriminasiya kimi təqdim etmək çətindir. Ata adı Azərbaycan hüququnda sadəcə “atanın kimliyi haqqında məlumat” mənasında qəbul olunmur, şəxsin hüquqi ad sisteminin ənənəvi komponentidir. “Əli Məmməd oğlu Vəliyev” konstruksiyasındakı “Məmməd oğlu” valideynlik məlumatı olmaqla yanaşı adın hüquqi quruluşunun bir hissəsidir. Ana adının əlavə edilməsi isə iki fərqli şəkildə edilə bilər: şəxsin adının yeni komponenti kimi, məsələn, ata və ana adı. İkincisi isə şəxsiyyət vəsiqəsində ayrıca “Valideynlər” məlumatı kimi əksini tapması müzakirə oluna bilər.

Əgər məqsəd valideynlər arasında simvolik bərabərliyi təmin etməkdirsə, “ata adı” institutunu mexaniki şəkildə “ana adı” ilə qoşalaşdırmaq əvəzinə, kartda ayrıca “Valideynlər: ata / ana” sahəsinin olub-olmaması kimi sualı qoymaq olar. İspaniya və Portuqaliya modeli də buna daha yaxındır.

Əsas sual ana adının əlavə olunub-olunmamasından çox, dəyişiklik qəbul edilərsə onun necə tətbiq ediləcəyidir.

Əgər qanun qəbul edilərək bütün mövcud şəxsiyyət vəsiqələrinin qısa müddətdə məcburi dəyişdirilməsi tələb olunarsa, nəticəsi kifayət qədər böyük inzibati əməliyyata çevrilər. 2019-cu il siyahıya alınmasında Azərbaycanın 15 yaşdan yuxarı əhalisi təxminən 7,65 milyon nəfər idi; sonrakı demoqrafik artımı nəzərə alsaq, hazırda potensial yetkin kart sahiblərinin sayı daha yüksəkdir. Üstəlik, şəxsiyyət vəsiqələri uşaqlara da verilir.

Adi qaydada vəsiqənin 10 iş günü ərzində verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 5 manatdır. Təkcə 8 milyon kartın eyni vaxtda 5 manatlıq ən aşağı tariflə dəyişdirilməsi nəzəri olaraq götürülsə, vətəndaşların ödəyəcəyi məbləğ 40 milyon manat edər. Yetəricə yüksək rəqəmdir. Lakin iş yükü rüsumla başa çatmır. Yeni kart blanklarının dizaynı, çip məlumat strukturunun yenilənməsi, İAMAS və digər dövlət informasiya sistemlərinin uyğunlaşdırılması, proqram təminatı, terminallar, sertifikatlaşdırma və milyonlarla vətəndaşın ASAN xidmət və DİN infrastrukturu vasitəsilə yenidən qəbul edilməsi də tələb olunardı.

Ona görə kütləvi məcburi dəyişdirmə ən zəif variantdır.

Ən az xərc yaradan yol mövcud vəsiqələri etibarlılıq müddəti bitənədək qüvvədə saxlamaqdır. Azərbaycan vəsiqələrinin əsas etibarlılıq müddəti 10 ildir.

Daha az xərc tələb edən başqa bir variant ana haqqında məlumatı kartın vizual səthinə deyil, elektron daşıyıcıya və ya dövlət reyestrində əlçatan əlavə məlumat sahəsinə daxil etməkdir. Amma yeni halda kampaniyanın əsas ideyası- ananın da sənəd üzərində görünməsi - tam təmin olunmur.

Ona görə də birbaşa qanun layihəsindən əvvəl Ədliyyə Nazirliyi, DİN, ASAN xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquqşünaslar və informasiya sistemləri üzrə mütəxəssislərin iştirakı ilə qısa ictimai müzakirə keçirilməsi faydalı olar. Məsələni yalnız “ata adının yanına ana adını da yazaq” formasında qoymaq kifayət deyil. Əsas sual müasir Azərbaycan şəxsiyyət vəsiqəsində valideynlik məlumatının hansı prinsiplə əks olunmasıdır.

Müzakirələrdən sonra hər iki valideynin adının göstərilməsi daha ədalətli və məqsədəuyğun model hesab edilərsə, dəyişiklik bütün vəsiqələri birdən yeniləmək əvəzinə,  yeni verilən və növbəti dəfə dəyişdirilən sənədlərdən başlayaraq mərhələli tətbiq olunmalıdır. Belə yanaşma həm qadın və kişinin valideyn kimi bərabər statusu barədə ictimai tələbə cavab verər, həm də dövlət və vətəndaş üçün əlavə böyük büdcə və inzibati yük yaratmaz”.

Milli Məclisin deputatı Vüqar İskəndərov Lent.az-a açıqlamasında bildirib ki, dünyanın çox az ölkəsində vəsiqədə ata adı ilə yanaşı ana adı da qeyd olunur:

Vüqar İskəndərov şadlıq saraylarının sayının azaldılıb idman obyektlərinin  tikilməsini təklif edib

“Dünyada az da olsa, elə ölkələr var ki, şəxsiyyət vəsiqəsində həm atanın, həm də ananın adı göstərilir. Buna misal olaraq Portuqaliya və Braziliyanı göstərə bilərik. Həmin ölkələrdə şəxsiyyət vəsiqəsində valideynlər haqqında ayrıca bölmə var və bu məlumatlar orada qeyd edilir.

Bu ölkələrdə fərqli formalar mövcuddur. Şəxsin sənədində atasının soyadı ilə yanaşı, anasının soyadı da yazıla bilər. Lakin bu təcrübə çox az ölkədə tətbiq olunur. Dünyadakı ölkələrin, demək olar ki, 99 faizində şəxsiyyət vəsiqəsində atanın adı göstərilir.

Belə bir təklif varsa, dəyərləndirilə bilər. Amma bu, hələlik dünyada geniş yayılmayan bir məsələdir. Ölkəmizdə bunun nə vaxtsa tətbiq olunması məsələsi haqqında isə hazırda heç bir fikir söyləyə bilmərəm”.

Milli Məclisin deputatı Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, ana himayəsində böyüyən uşaqlar üçün belə bir addım atıla bilər:

Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil” | Modern.az

“Qanunvericilik qarşıya çıxan hansısa bir problem varsa, onu həll etməklə məşğul olmalıdır. Həqiqətən də atasız, ana himayəsində olan uşaqlar üçün belə bir  addımın  atılması mümkündür. Düşünürəm ki, bu istisna qaydada, ana adının qeyd olunması da nəzərdə tutula bilər. Yəni burada bir qəbahət yoxdur.

Bu, sadəcə, cəmiyyətdə belə proseslər ortaya çıxırsa, belə bir tələbat varsa, qanunvericiliyin ona müdaxilə etməsi anlamında əvvəldən mövcud olmuş qaydaları dəyişməyə maraq göstərməsidir. Çünki bütün hallarda qanunvericilik insanın maraqlarına xidmət edir.

Əgər kiçik görünə biləcək belə bir detal insanların maraqlarını pozursa, ona hər halda müəyyən qanunvericilik müdaxiləsi və tənzimlənməsi vacibdir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Lent.az-a açıqlamasında qeyd edib ki, beynəlxalq təcrübə və hüquqa uyğun olaraq dəyişiklik edilib-edilməyəcəyi müəyyənləşdirilə bilər:

Ceyhun Məmmədov: Elm sahəsindəki islahatlar ölkənin inkişafına təsir  göstərəcək - Muallim.edu.az

“Bu kimi məsələlər müzakirə olunarkən onun hüquqi tərəfi də araşdırılmalıdır. Eyni zamanda beynəlxalq təcrübə də öyrənilməlidir.

Bəzən cəmiyyətdə bu kimi məsələlər müzakirə olunarkən fərqli yanaşmalar ortaya qoyulur və burada nə beynəlxalq təcrübə, nə də hüquqi vəziyyət nəzərə alınır. Hesab edirəm ki, bu məsələdə sözü aidiyyəti qurumlar, mərkəzi icra hakimiyyəti orqanları deməlidirlər. Bu da beynəlxalq standartlara əsaslanmalıdır.

Yəni hər gün hansısa bir ideya gündəmə gəlir və bu ideyaların hamısının həyata keçirilməsi doğru olmazdı. Beynəlxalq standart nə deyir, hüquq nə deyir, nəyi edə bilərik, hansı addımları ata bilərik, hansı işləri görə bilərik, məsələləri bu istiqamətdə nəzərdən keçirməli və bu məsələyə həmin yöndən baxmalıyıq.

Əgər ailə dağılıbsa, ailənin pozulması haqqında sənəd var, sistemdə bu məlumatlar mövcuddur. Uşağı kimin böyütdüyünü təsdiqləyən əlavə və dəstəkləyici sənədlər də var.

Ona görə də bu, mənim mövqeyimlə və ya hansısa bir insanın təklifi ilə həllini tapacaq məsələ deyil. Qeyd etdiyim kimi, mərkəzi icra hakimiyyəti orqanları beynəlxalq standartlara və beynəlxalq hüquqa əsaslanaraq bu məsələdə sözlərini deməlidirlər. Beynəlxalq standart və hüquq nə tələb edirsə, proses də ona uyğun getməlidir”.

Milli Məclisin deputatı Razi Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, o, bu təşəbbüsün müzakirəyə çıxarılmasının tərəfdarıdır:

Razi Nurullayev: Ağdam tamamilə yeni nəfəs alır

“Bu məsələyə ilk növbədə ailə münasibətlərindən və valideynlərin hüquq və məsuliyyətlərinin bərabərliyindən yanaşmaq lazımdır. Uşağın həyatında həm ana, həm də ata mühüm rol oynayır və sənədlərdə bunun əks olunması prinsip etibarilə müzakirə oluna biləcək məsələdir.

Lakin şəxsiyyət vəsiqəsinə ana adının əlavə edilməsi təkcə texniki dəyişiklik deyil. Bunun hüquqi nəticələri, mövcud qanunvericiliyə uyğunluğu və digər sənədlərlə necə uzlaşdırılacağı əvvəlcədən ciddi şəkildə qiymətləndirilməlidir.

Xüsusilə övladını tək böyüdən anaların bu məsələyə həssas yanaşmasını başa düşmək mümkündür. Ancaq hər hansı dəyişiklik yalnız istəklərlə deyil, hüquqi və praktiki baxımdan əsaslandırılmalıdır.

Ona görə də mən bu təşəbbüsün müzakirəyə çıxarılmasının tərəfdarıyam. Əgər ana adının qeyd olunması valideynlərin bərabərliyini daha düzgün əks etdirəcək və uşaqlar üçün əlavə hüquqi və ya inzibati problem yaratmayacaqsa, bunun qanunvericilikdə nəzərə alınması məqsədəuyğun ola bilər.

Əsas məsələ dəyişiklik edərkən onun bütün mümkün nəticələrinin əvvəlcədən nəzərə alınmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar