Sığınacaqdan sonra taleyin ümidinə qalanlar – ARAŞDIRMA
20 fevral 2026 15:07 (UTC +04:00)

Sığınacaqdan sonra taleyin ümidinə qalanlar – ARAŞDIRMA

0

Azərbaycanda uşaq və qadın sığınacaqları illərdir zorakılığa məruz qalan, evsiz və həyatı birbaşa təhlükə altında olan insanlar üçün son ümid məkanı kimi təqdim olunur. Bu müəssisələr kağız üzərində fiziki təhlükəsizliyin təmin edilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi, zərərçəkmiş şəxslərin cəmiyyətə reinteqrasiyası üçün nəzərdə tutulsa da, həqiqi vəziyyət bu məqsədlərin hər zaman tam reallaşmadığını göstərir.

Bu sahədə əsas problemlərdən biri sığınacaqların fəaliyyəti ilə bağlı sistemli və açıq statistikanın mövcud olmamasıdır. Ölkə üzrə neçə uşaq və qadın sığınacağının fəaliyyət göstərdiyi, onların hansı bölgələri əhatə etdiyi, real tutum imkanları və illik xidmət göstəriciləri ictimaiyyət üçün açıq deyil.

Sosioloq: Sığınacaqların ünvanı hər zaman gizli saxlanılmalıdır

Lent.az xəbər verir ki, məsələ ilə bağlı APA-ya danışan sosioloq Mətanət Məmmədova bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən sığınacaqların dəqiq sayı və yerləşmə ünvanları haqqında rəsmi statistika mövcud deyil: “Sayı çox olmasa da, həm dövlət nəzarətində, həm də qeyri-hökumət təşkilatlarının nəzdində uşaq və qadın sığınacaqları fəaliyyət göstərir. Bu sığınacaqların sayı ictimaiyyət üçün açıq ola bilər, lakin ünvanları təhlükəsizlik baxımından hər zaman gizli saxlanılmalıdır.

Sığınacaqlar hansı quruma məxsusdursa, təhlükəsizlik nəzarəti də ona aiddir. Məhz buna görə də sığınacaqların ünvanlarının ictimaiyyətə gizli saxlanılmasında fayda var. Çağrı mərkəzləri, onlayn əlaqələr mövcuddur, bu vasitə ilə zorakılığa məruz qalan, fiziki, psixoloji, cinsi zorakılıq görən, evdən qovulan, həyatı təhlükədə olan şəxslər müvəqqəti təhlükəsiz məkan olaraq bu sığınacaqlara gətirilir və onların harada olmasının gizli saxlanılması, təbii ki, təhlükəsizliyi üçün vacibdir”.

Regionlarda sığınacaqların azlığı və sosial baryerlər

Sosioloq deyir ki, regionlarda sığınacaqların sayı çox azdır: “Bir neçə böyük şəhəri çıxmaq şərti ilə başqa yerlərdə sığınacaqlar yoxdur. Olsa belə, regionlarda zorakılığa məruz qalan qadın çox vaxt bu ünvana üz tutmur. Çünki regionlarda yaşayış məntəqələrində hər kəs bir-birini tanıyır, qadın zorakılığa məruz qalsa da, evdən bayıra çıxmır, bunu kiməsə deməkdən utanır, zülm, məşəqqətlə üz-üzə qalsa da, evini tərk etmir. Gedəcəyi yer ata evi ola bilər, vəssalam. Deməli, alternativ mexanizm də nəzərdə tutulmalıdır.

Sonrakı taleyin qeyri-müəyyənliyi və dövlət mexanizmi ehtiyacı

Sığınacaqlarla bağlı dövlət səviyyəsində yeni mexanizm hazırlanıb həyata keçirilməlidir. Sığınacaqlara yerləşdirilmiş şəxslərin sonrakı taleyi də müəyyən qədər, tam təminatlı olmasa da, diqqət mərkəzində saxlanılır. Onlara psixoloji dəstək göstərilir, hüquqi məsləhətlər verilir, uşaqların reabilitasiyası, məktəbə yönləndirilməsi həyata keçirilir.

Lakin bütün bunlar dövlət nəzarətində olan sığınacaqların az olması və bu sığınacaqlara sığınan şəxslərin sonrakı taleyi haqqında rəsmi qaydanın tənzimlənməməsi səbəbindən hələ də insanların taleyini sual altında saxlayır. Bütün bunlar nəzərə alınaraq paytaxt Bakıda və ümumilikdə ölkəmizin regionlarında sığınacaqlarla bağlı dövlət səviyyəsində yeni mexanizm hazırlanıb həyata keçirilməlidir. Vətəndaş dövlətin himayəsindədirsə, baş verən bütün bu kimi hallarda da dövlətə sığınmalı, gələcəyi üçün təminatı olmalıdır”.

Məişət zorakılığı qurbanının ailə üzvləri ilə birgə yaşaması üçün şərait yaradılır

Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq sosial xidmət müəssisəsində məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir. Belə ki, məişət zorakılığının qarşısının alınması və preventiv tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür, adıçəkilən şöbədə məişət zorakılığı qurbanının ailə üzvləri ilə birgə yaşaması üçün şərait yaradılıb:

“Məişət zorakılığından zərər çəkmiş şəxslər, eləcə də həmin şəxslərin razılığı ilə onların qohumları, qanuni nümayəndələri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər aidiyyəti şəxslər yerli icra hakimiyyəti orqanlarına və ya şəhər və rayon polis orqanlarına müraciət edə bilərlər.

İcra hakimiyyəti və ya polis orqanları tərəfindən təqdim olunan müvafiq sənəd əsasında zərərçəkmiş şəxslər dərhal sığınacağa yerləşdirilir. Sığınacaqda onların həm fiziki, həm də hüquqi təhlükəsizliyi təmin olunur. Müəssisənin yerləşdiyi ünvan da daxil olmaqla, bütün məlumatlar konfidensial qaydada qorunur”.

Ötən il 74 nəfər xidmətə cəlb edilib

Qeyd edilib ki, müəssisədə 2025-ci il ərzində 74 nəfər xidmətə cəlb edilib və zəruri sosial xidmətlərlə təmin olunub.

Müəssisənin filiallarının istifadəyə verilməsi nəzərdə tutulur

Eyni zamanda, müvafiq xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi, xidmət əlçatanlığın daha da inkişaf etdirilməsi məqsədilə gələcəkdə müəssisənin filiallarının istifadəyə verilməsi nəzərdə tutulur: “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası da Agentlik tərəfindən həyata keçirilir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət Akkreditasiya Komissiyası tərəfindən akkreditasiya olunmuş 8 qeyri-dövlət yardım mərkəzi hazırda bu sahədə fəaliyyətini davam etdirir. 3 ildə bir dəfədən çox olmamaq şərtilə bu mərkəzlərin fəaliyyəti monitorinq edilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, əlaqələndirici rol oynayaraq qurumlar arasında məlumat mübadiləsini və birgə fəaliyyəti təmin edirlər. Sonda müraciət üzrə görülmüş tədbirlər ümumiləşdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətçiyə məlumat verilir.

Deputat: Ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova vurğulayıb ki, məişət zorakılığı bütün dünyanın diqqətindədir: “Əfsuslar olsun ki, ölkəmizdə də belə hallar var. Bu gün əsas məsələ bu cinayət hadisələrinin baş verməməsi üçün icra mexanizmlərinin daha da gücləndirilməsidir. Qeyd etmək lazımdır ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalanlarla, zorakılığı törədənlərlə iş aparılır. Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığınacaqlar yetərli deyil. Lakin bu sahədə işlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Eyni zamanda, bu yaxınlarda Nazirliyin nəzdində dövlət sığınacaq mərkəzi yaradılıb. Bütün yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Təcrübə göstərir ki, məişət zorakılığının baş vermə səbəblərini, onun nəticə və fəsadlarının qarşısının alınması, həlli istiqamətində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi mühüm əhəmiyyət kəsb edir”.

Hicran Hüseynova qeyd edib ki, 2023-cü ildə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib: “Bu dəyişikliklər çərçivəsində məişət zorakılığının bütün formalarından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi daha da gücləndirilib.

Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqi-mədəni dəyərlərinə söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmı. Bir daha qeyd edirəm ki, insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması рökumətin əsas prioritetlərdir.

Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı ciddi hüquq pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir”.

Şəxs zorla sığınacaqda saxlanıla bilməz

Hüquqşünas Şamil Paşayevin fikrincə, sığınacaqlarla bağlı anlayış bəzən yanlış şəkildə izah edilir: “Sığınacaqlar insanların hüquq və azadlıqlarının məhdudlaşdırıldığı məkan deyil, əksinə şəxsin hüquq və azadlıqları sığınacaqlarda da tam şəkildə təmin edilməlidir. Şəxslərin sığınacaqlara yerləşdirilməsi və saxlanılması könüllülük, konfidensiallıq, fərdi yanaşma, təhlükəsizliyin təmin edilməsi və bərabərlik prinsiplərinə riayət olunmaqla həyata keçirilməlidir. Şəxsin icazəsi olmadan fərdi məlumatların digər şəxslərə verilməsi, video çəkilməsi, foto və audio materialların yayılması, sığınacaqdakı davranışların ictimaiyyətə təqdim edilməsi qanunsuz və əsassızdır.

Sığınacaq zorla şəxsin orada saxlanılması üçün əsas ola bilməz. Bu proses könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Şəxs özünü sığınacaqda qalmağa və yaşamağa razı olmalı və buna məcbur edilməməlidir”.

Beynəlxalq təcrübədə proses necə həyata keçirilir?

Şamil Paşayev qeyd edib ki, bəzi Avropa ölkələrində ailə münasibətləri zamanı münaqişə yarandıqda, tərəflərin müəyyən müddət ayrı qalması üçün xüsusi mexanizmlər tətbiq olunur: “Bizdə isə ər və arvad arasında münaqişə olduqda hüquq-mühafizə orqanlarında barışırlar, lakin bu münaqişənin tamamilə bitməsi anlamına gəlmir və ya tərəflər arasında barışıq olmaya da bilər ki, onlar biri-birindən şikayət etdikdən sonra bir yerdə qalmağa, yaşamağa, eyni evi və ya mənzili bölüşməyə davam edirlər. Hazırkı qanunvericiliyimizin tələbinə görə məhkəmə qərarı olmadan şəxsi öz mülkiyyətindən və ya istifadə etdiyi mənzildən uzaqlaşdırmaq mümkün deyil. Çünki əksər hallarda evlər birgə nikah dövründə əldə olunur və ya birgə istifadə hüquqları var. Əgər tərəflərdən heç biri evi tərk etmirsə, məhkəmə qərarınadək, hətta məişət zorakılığı hallarında belə, eyni evdə yaşamağa davam edirlər. Bu isə münaqişənin davam etdirilməsi zamanı neqativ halların qarşısını almaqda çətinlik yaradır. Bu da sığınacaq sistemində əsas problemlərdən biridir.

Sığınacaqlara yerləşdirmə zamanı isə digər problem onların sayının az olmasıdır. Azərbaycanda bir neçə qeyri-hökumət təşkilatının sığınacaqları fəaliyyət göstərir, lakin bu kifayət qədər deyil. Üstəlik, sığınacaqların əksəriyyəti Bakı şəhərində yerləşir. Regionlarda isə bu məsələ daha da aktual olaraq qalmaqdadır. Şəxs könüllü şəkildə münaqişə dövründə izolə edilmək istəsə də, sığınacaq müəyyən etmə məsələsi çətinlik yaradır.

Sığınacaqlar sadəcə şəxsin izolyasiya edilməsi üçün deyil, həmçinin şəxsin cəmiyyətə psixoloji sağlam qaytarılması üçün işlər aparılmalıdır. Burada kompleks yardım edilməli, psixoloq, pedaqoq, hüquqşünas, sosial işçi və s. yardımından istifadə etmək olar və bu davamlı xarakter almalıdır”.

Uşağın sığınacağa yerləşdirilməsi könüllülük əsasında olmalıdır

Hüquqşünas uşaqların sığınacağa yerləşdirilməsi məsələsinə də toxunub: “Uşaqların sığınacaqda yerləşdirilməsi məsələsinə hüquqi prosedur kimi yox, ilk növbədə insan hüquqları və təhlükəsizlik prizmasından yanaşmaq lazımdır. Sığınacaq cəza məkanı deyil. Orada uşağın hüquq və azadlıqları tam şəkildə qorunmalı, onun təhlükəsizliyi, ləyaqəti və maraqları əsas götürülməlidir.

Uşağın sığınacağa yerləşdirilməsi könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Eyni zamanda konfidensiallıq təmin olunmalıdır. Yəni uşağa dair məlumatlar, onun harada yerləşdirilməsi, hansı vəziyyətdə olması barədə informasiyalar qanunvericiliyin tələblərinə uyğun şəkildə qorunmalıdır. Heç bir halda uşağın razılığı və qanuni əsas olmadan onun görüntülərinin, səsinin və ya şəxsi məlumatlarının yayılması yolverilməzdir.

Hər bir uşağın yaşı, psixoloji vəziyyəti, keçirdiyi travma, ehtiyacları fərqlidir. Ona görə də göstərilən xidmətlər – tibbi, psixoloji, hüquqi və sosial yardım – məhz onun maraq və ehtiyaclarına uyğun təşkil edilməlidir. Uşağın təhsilini davam etdirməsi üçün də şərait yaradılmalıdır.

Burada əsas prinsip ondan ibarətdir ki, heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Uşağın haradan gəlməsi, hansı vəziyyətdə olması, hansı sosial təbəqəyə aid olması fərq etməməlidir. Sığınacaqda hər kəsə eyni yanaşma tətbiq olunmalıdır.

Eyni zamanda, uşağa onun vəziyyəti, hüquqları və göstəriləcək xidmətlər barədə yaşına və inkişaf səviyyəsinə uyğun, başa düşəcəyi formada məlumat verilməlidir. Xüsusilə 10 yaşdan yuxarı uşaqların fikri nəzərə alınmalı, onların mövqeyi öyrənilməlidir”.

Sığınacaqda qalma müddəti

Hüquqşünas vurğulayıb ki, sığınacaqda qalma müddəti adətən müəyyən zaman çərçivəsi ilə məhdudlaşdırılır: “Lakin əgər uşağın təhlükəsizliyi tam təmin olunmayıbsa, ailə mühiti hələ də risklidirsə, reabilitasiya prosesi başa çatmayıbsa və ya istintaq hərəkətləri davam edirsə, bu müddət uzadıla bilər. Burada əsas meyar yenə də uşağın mənafeyidir.

Sığınacaqda qaldığı müddətdə uşağa tibbi yardım, psixoloji dəstək, hüquqi məsləhət və sosial reabilitasiya xidməti göstərilməlidir. Onun təhlükəsizliyi təmin olunmalı, anonimliyi qorunmalıdır. Eyni zamanda uşağın insan alveri və ya zorakılıq qurbanı olması ehtimalı varsa, onunla işləyən qurumlar arasında koordinasiya gücləndirilməlidir.

Bu prosesdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qəyyumluq və himayə orqanları, eləcə də yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar birgə fəaliyyət göstərməlidir. Onların əsas vəzifəsi uşağın hüquq və mənafelərinin qorunmasını təmin etmək, reabilitasiya planına nəzarət etmək və gələcək taleyi ilə bağlı düzgün qərarın verilməsinə kömək etməkdir.

Sığınacaqdan sonrakı dövrə nəzarət mexanizmi

Sığınacaqda qalma müddəti başa çatdıqdan sonra da uşaq nəzarətsiz qalmamalıdır. Onun harada yerləşdiriləcəyi, hansı mühitə qaytarılacağı, ehtiyaclarının necə təmin olunacağı əvvəlcədən planlaşdırılmalıdır. Dövlət qurumları bu prosesə nəzarət etməli və uşağın yenidən riskli mühitə düşməsinin qarşısını almalıdır.

Yəni ümumilikdə yanaşma belə olmalıdır: sığınacaq uşağın həyatında keçid mərhələsidir – təhlükəsiz, qoruyucu və bərpaedici bir mərhələ. Burada əsas məqsəd sadəcə onu yerləşdirmək deyil, onun hüquqlarını qorumaq, psixoloji və sosial baxımdan gücləndirmək və gələcək həyatını daha təhlükəsiz istiqamətə yönləndirməkdir”.

Reinteqrasiya modellərinin yaradılmasının zəruriliyi

Aparılan təhlil göstərir ki, Azərbaycanda uşaq və qadın sığınacaqları zorakılıq qurbanlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşısa da, mövcud sistem hələ də müvəqqəti və reaktiv yanaşma ilə məhdudlaşır. Sığınacaqların sayı və regional əlçatanlığı real ehtiyacları tam qarşılamır, vahid hüquqi çərçivənin və açıq statistik mexanizmlərin olmaması isə institusional dayanıqlığı zəiflədir.

Eyni zamanda, sığınacaqdan çıxışdan sonrakı reinteqrasiya mərhələsinin yetərincə tənzimlənməməsi zorakılıq qurbanlarının yenidən risk altına düşməsi ehtimalını artırır. Bu baxımdan sığınacaqların yalnız sosial yardım vasitəsi kimi deyil, insan hüquqlarının müdafiəsi sisteminin ayrılmaz hissəsi kimi qəbul edilməsi, dövlət səviyyəsində məqsədli proqramların, regionları əhatə edən davamlı mexanizmlərin və uzunmüddətli reinteqrasiya modellərinin yaradılması zəruri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar