Tibb işçisi olmayan kosmetoloq "AKADEMİYA" AÇIB
29 aprel 2026 14:05 (UTC +04:00)

Tibb işçisi olmayan kosmetoloq "AKADEMİYA" AÇIB

0

Son vaxtlar sosial şəbəkələrdə ən çox şikayət olunanlar kosmetoloq kimi fəaliyyət göstərənlərlə bağlıdır. İndi kimlərin həkim-kosmetoloq, kimlərin isə sadəcə 3-6 aylıq kurs keçərək, “sertifikat” alıb, çalışdığı naməlumdur. Əlbəttə, daha aşağı qiymətlər və estetik prosedurlarla gözəlləşmiş qadınlar digərlərini də asanlıqla cəlb edir. Həm də indi kosmetoloq peşəsinin yaxşı qazanc yeri olması, hamını ora cəlb edir.

Maraqlısı budur ki, özləri kosmetoloq kimi fəaliyyət göstərməklə yanaşı, bəziləri hətta bu “bilik”lərlə kurs da keçirlər. Bu da kifayət etmir, öz adları, imzaları əks olunan "sertifikat"lar da təqdim edirlər. Yəni, siz bu kursu bitirmisiniz, sizin müəlliminiz də mənəm. Hər yerdə "qapı üzünüzə açıqdır". 

Tik-tok və instaqramda tez-tez paylaşımlar edən, kurs keçdiyini də bildirən kosmetoloqlardan biri də Qabuna Cəlalova (Gabuna Jalalova) kimi tanınan şəxsdir. Bu yaxınlardaa həkimlərdən biri onun haqqında paylaşım edərək, saxta həkim olduğunu iddia etmişdi. Hətta sosial şəbəkə hesablarında paylaşdığı əməliyyatların belə adını düz yazmadığını göstərmişdi.

Bəs görəsən, həmin şəxs həqiqətən də həkim-kosmetoloqdur? Onun sahibkarlıq fəaliyyəti (kurs keçmək) etməklə bağlı lisenziyası varmı? Ümumiyyətlə, o, tibb işçisidir?

Məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğu ünvanladıq.

Mərkəzdən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, lisenziyaları qüvvədə olan özəl tibb müəssisələrinin məlumat bazası üzrə aparılan araşdırma nəticəsində Gabuna Jalalova adlı şəxsin fərdi sahibkar qismində özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazəsinin (lisenziyasının) olmadığı müəyyən edilib:

Eyni zamanda, aparılan yoxlama zamanı qeyd olunan şəxsin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da müəyyən olunub”.

Maraqlıdır, tibb işçisi kimi qeydiyyatda olmadığı məlum olan şəxs hələ də necə fəaliyyət göstərə bilir? Bu kimi şəxslərlə bağlı hansı halda tədbir görülür?

AEM-dən bildirildi ki, mərkəz nəzarət tədbirlərini qanunvericiliyə uyğun olaraq yalnız rəsmi müraciətlər, konkret ünvan və faktlar əsasında həyata keçirir:

Bununla belə, qeyd olunan şəxsin konkret tibb müəssisəsində və ya ünvanda tibbi fəaliyyət göstərməsinə dair sənədli sübutlar və ya rəsmi şikayət daxil olduğu halda, qanunvericiliyə uyğun şəkildə dərhal nəzarət tədbirlərinin həyata keçirilməsi təmin olunacaqdır.

Vətəndaşlar özəl tibb müəssisələri və aptek təşkilatlarının fəaliyyəti ilə bağlı qarşılaşdıqları halları Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının “MÜRACİƏT” bölməsi vasitəsilə təqdim edə bilərlər. Daxil olan hər bir müraciət operativ şəkildə araşdırılır və zərurət yarandıqda qanunvericiliyə uyğun tədbirlər görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar