Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldadılaraq pullarını mənimsədiyi ilə bağlı iddialar var. Zərərçəkmiş şəxslər bildirirlər ki, onlara qeydiyyatın pulsuz olacağı bildirilsə də, şirkətə yaxınlaşanda 20 manat tələb olunub, daha sonra aktyorluq kursuna yazılmaları üçün 1000 manat istənilib. Kursun gedişatında isə Türkiyədə yayımlanacaq seriallarda oynaya biləcəkləri vəd edilib.
Zərərçəkmiş Əfsələddin Ağabəyli Lent.az-a açıqlamasında bildirib ki, o kurs üçün ümumilikdə 590 manat ödəniş edib:
"Bir gün mənə zəng gəldi, bildirdilər ki, “Devin Media”nın əməkdaşıdırlar, aktyorluq kursu keçirlər. Açığı, mən bu zəngə əhəmiyyət vermədim. Təxminən iki-üç aydan sonra yenidən zəng gələndə “yaxınlaşaram” dedim. Beləcə, İmişlidən Bakıya gəldim. Məni qarşılayanda 20 manat ödəməli olduğumu, daha sonra qeydiyyatımın tamamlanacağını söylədilər. Deyilən məbləği ödədim və çəkiliş oldu. Daha sonra kursa yazılmaq üçün 250 manat ödəməli olduğum bildirildi. Həmin məbləğin 150-ni karta göndərdim, 100-nü isə nağd şəkildə verdim. Ümumilikdə kursa 590 AZN ödəniş etmişəm.
Bir müddət “Amay Ticarət Mərkəzi”ndə yerləşən kursa getdim, sonra gördüm ki, verilən vədləri doğrultmurlar. Səhhətimdəki problemə görə, müalicəyə başlamalı oldum. Ancaq imkanım yox idi. Kursdan da narazı qaldığım üçün ödədiyim pulu geri istədim. Lakin vermədilər, onun yerinə mənə qarşı təhqir xarakterli paylaşımlar etdilər".
Digər zərərçəkmiş Səid Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, o, kursa 800 manat ödəniş edib:
“Fevral ayının axırları “Instagram” sosial şəbəkəsində “Devin Media”nın elanını gördüm. Mən də qatılmaq üçün müraciət etdim. Daha sonra mənimlə əlaqə saxlayaraq bildirdilər ki, “Amay Ticarət Mərkəzi”nə yaxınlaşmalıyam.
Qeydiyyat üçün Şəlalə xanım məni qarşıladı, özünü oranın administratoru kimi təqdim elədi. O xanım məni qeydiyyata aldı və bildirdi ki, telefonu qeydiyyat otağına qoyub, onunla gəlim. Digər otağa keçəndə mənə dedilər ki, sizin simanız bizim üçün uyğundur, sizi seriallara çəkə bilərik, hətta Türkiyəyə də göndərə bilərik. Yəni başdan-ayağa manipulyasiya etdilər.
Müqaviləni imzaladıqdan sonra mənə dedilər ki, kursa qoşulmaq üçün 250 manat ödəniş etməliyəm. Kurs dörd ay davam edəcəkdi, sonda isə sertifikat veriləcəkdi. Hətta iddia etdilər ki, bu sertifikat nəinki Azərbaycanda, hətta dünyada tanınır. Mən də fikirləşdim ki, qarşımda yeni bir yol açılıb. Kursa başlamaq üçün borca pul tapdım, 250 manat ödəniş elədim.
Bir ay keçdi, gördüm ki, serialla bağlı ortada heç nə yoxdur. Məlumat üçün Şəlalə xanıma yaxınlaşdım ki, seriallar nə vaxt çəkiləcək, hələ ortada heç bir irəliləyiş yoxdur. Dedi ki, narahat olma, mart ayını gözləyirik, mart ayında villada kliplər, kinolar çəkiləcək.
Yenə gözlədik, dərslərə də qoşulduq. Mən onlara bildirmişdim ki, hər ay ödənişi ayın 5-i edəcəyəm. Mənə dedilər ki, problem deyil. Amma özünü müəllim kimi təqdim edən Sevinc xanım hər həftə mənə deyirdi ki, ödəniş etməsən, səni dərsə buraxmayacağam. Üç ay belə davam etdi. Hər ay 250 manat olmaqla, borc alaraq ödəniş elədim. Sonuncu ay ödəniş edə bilmədim. 50 manat ödədim, qalan 200 manatı ödəyə bilmədim. Dedim ki, imkanım çatmır.
Sevinc xanım mənə dedi ki, ödəməsən, səni məhkəməyə verəcəklər və məbləği tam alacaqlar. Mən də dedim ki, problem deyil, verin. Borcum var, ödəniş edə bilmirəm. Maksimum nə edə bilərlər? Heç nə edə bilməzlər.
Ondan sonra dərslərə qoşulmadım.
Bizə Pərviz Məlikəjdər adlı şəxs dərs keçirdi. O, özünü azərbaycanlı aktyor, xalq artisti kimi təqdim edirdi. Təhsil səviyyəsi sıfır idi. Bizə nağıllar və monoloqlar öyrədirdi. Bu şəkildə vaxtımızı alırdılar. Hər həftə eyni şey.
Mən dəfələrlə özlərinə bildirmişdim ki, aktyorluq yalnız monoloqdan və ya nağıldan ibarət deyil. Aktyorluğun başqa növləri də var, bildiyim qədər. Bunları niyə öyrətmirsiniz?
Bu barədə uşaqlara da dəfələrlə demişdim ki, bu iş deyil, gəlin birləşək, şikayət edək. Heç kim məhəl qoymurdu. Zamanla gördüm ki, “Devin Media” ilə bağlı şikayətlər var. Məsələ Prokurorluğa qədər gedəcək, lazım olsa, onları məhkəməyə də verəcəyəm.
Bizim qrupda təxminən 20-yə yaxın şagird var idi. Zamanla ödəniş edə bilməyənlər, imtina edənlər oldu. Üç ayın sonunda qrupumuzda cəmi 7 nəfər qalmışdı. 20 nəfərdən 7 nəfərə düşmüşdük. Kimisi ödəyə bilmirdi, kimisini çıxartmışdılar.
Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Göhkan Ege adlı şəxs nümayəndələrinə göndərmək üçün bizim şəkillərimizi çəkirdi. Onlar da rəy versinlər ki, bizi qəbul edirlər, simamız uyğundur, ya yox. Bildiyimə görə, həmin adam bizim şəkillərimizi öz kompüterində saxlayır. Mən özümə görə qorxmuram, kişiyəm. Amma xanımların şəkillərini fotomontaj edib yaymaq təhlükəsi ola bilər. Şantaj kimi istifadə edib şikayətlərimizi geri çəkdirmək istəyə bilərlər”.
Məsələ ilə bağlı “Devin Media” ilə də əlaqə saxladıq. Bildirdilər ki, söylənilən iddialar həqiqəti əks etdirmir:
""Devin Media" ilə bağlı hər hansı polis bölməsinə və ya məhkəməyə şikayət edilməyib.
Bir neçə şəxs kursa yazılandan sonra onu yarımçıq qoyan adamlar qəribə şikayətlər səsləndirirlər. Biz onlara demişik ki, kursun sonunda sertifikat alacaqsınız, lakin kursun yaramçıq dayandırılması zamanı həmin sertifikatı verə bilmirik. Ortada müqavilə var. Onlar həmin müqaviləyə özləri imza atıblar.
Sadəcə şifahi şəkildə gəldim, qeydiyyatdan keçdim, kurs keçdim, aktyorluğu öyrənə bilmədim, ona görə pulumu qaytarın deyə bilməzlər. Belə bir şey mümkün deyil. Bu, ingilis dili kursuna gedib orada ingilis dilini öyrənə bilmədiyiniz üçün pulunuzu geri istəməyə bənzəyir. Bura kursdur. Bundan başqa hər şeyimiz qanuni şəkildə qeydiyyat altındadır.
Türkiyəyə göndərəcəyik vədi verməmişik. Bunu sözlə deyə bilərlər, amma sübut edə bilməzlər. Çünki “Devin Media” Azərbaycanda yaradılmış şirkətdir, “Devin Film MMC”dir. Layihələri buradadır.
“Devin Media” Türkiyəyə tələbə göndərmir, oradan da bura aktyor gətirmir. Sadəcə burada fəaliyyət göstərən bir şirkətdir. Türkiyəyə aparacağam deyə heç kimə söz verə bilməz və verməyib. Bunu tələbə sübut etməlidir. Mənə söz verdilər, müqavilə bağladılar, məni aparmadılar deyirsə, bunu sübut etməlidir. Bu, əsassız xəbərdir”.

_1787143571.jpeg)