"Uşağı tərəf seçməyə məcbur etməyin"  – Psixoloq boşanmanın təsirindən danışdı
12 iyun 2026 14:20 (UTC +04:00)

"Uşağı tərəf seçməyə məcbur etməyin" – Psixoloq boşanmanın təsirindən danışdı

0

Ailə cəmiyyətin təməl sütunlarından biri hesab olunsa da, son illərdə boşanmaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Tərəflər üçün olduqca çətin və emosional baxımdan yüklü qərar olan ayrılıq prosesi təkcə həyat yoldaşlarının həyatına təsir göstərmir. Bu prosesdən ən çox təsirlənən tərəf isə uşaqlar olur. Mütəxəssislər bildirirlər ki, boşanmanın özü qədər, valideynlərin bu prosesi necə idarə etməsi, uşaqlarla necə ünsiyyət qurması və onların emosional ehtiyaclarına nə dərəcədə həssas yanaşması da uşağın gələcək psixoloji vəziyyətinin formalaşmasında mühüm rol oynayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında ölkədə 3376 boşanma və 5250 nikah qeydə alınıb. Ötən il isə ümumilikdə 48 min 546 nikah bağlanıb, 20 min 675 boşanma rəsmiləşdirilib. Rəqəmlər ailə institutunun qarşılaşdığı problemlərin getdikcə aktuallaşdığını göstərir.

Bəs görəsən, boşanma ərəfəsini necə idarə etmək lazımdır? Uşaqların bu prosesdən təsirlənməsini minimuma endirmək mümkündürmü?

Psixoloq Nicat Qurbanov məsələ ilə bağlı Lent.az-ın suallarını cavablandırıb.

- Valideynlərin boşanması uşaqlara ən çox hansı yaş dövründə təsir edir?

- Boşanma həm valideynlər həm də uşaqlar üçün çətin və emosional bir prosesdir. Boşanmalarda ən çox təsirlənən heç şübhəsiz uşaqlardır. Boşanma uşağın yaşından aslı olmayaraq müəyyən təsirləri olur. Lakin məktəbə qədər yaş dövrü və yeniyetməlik mərhələsi xüsusilə həsas olur.

Kiçik yaşlı uşaqlar baş verənləri tam anlaya bilmədikləri üçün özlərini günahlandır bilərlər, yeniyetmələr isə qəzəb və davranış problemləri göstərə bilərlər. Bununla belə uşağın psixoloji vəziyyətini müəyyən edən əsas amil valideynlərin boşanmanı necə idarə etməsidir.

- Bəs boşanma uşaqların cinsinə görə fərqli təsir edə bilərmi? Qız və oğlan uşaqlarında bu hadisəyə reaksiya necə dəyişir?

- Bəli, araşdırmalar göstərir ki, boşanma prosesi sağlam şəkildə həll edilmədikdə qız uşaqları həyatlarında daha çox münasibət problemləri ilə oğan uşaqlar isə davranış problemləri ilə qarşılaşırlar, emosiyalarını dava-dalaş vasitəsilə ifadə  edirlər.

- Boşanmalarda uşaqların travma yaşamaması üçün nə etmək lazımdır?

- Uşaqlar üçün ən böyük risk valideynlərin ayrılması deyil, ayrılıq prosesində davam edən konfliktlərdir. Valideynlər uşağı tərəf seçməyə məcbur etməməli, bir-birlərini onun yanında pisləməməli və yaşına uyğun şəkildə vəziyyəti izah etməlidirlər. Uşaq bilməlidir ki, valideynlər həyat yoldaşı kimi ayrılırlar, amma valideyn olaraq onun yanında qalmağa davam edəcəklər. Təhlükəsizlik hissinin və gündəlik rutinlərin qorunması uşağın adaptasiyasını asanlaşdırır.

- Münasibətlərin bitmə səbəbi adətən nə olur?

- Münasibətlər adətən bir hadisəyə görə deyil, zamanla yığılan və həll olunmayan problemlər səbəbindən sona çatır. Həm yerli, həm də qlobal araşdırmalara görə, münasibətlərin bitməsinin ən çox rast gəlinən səbəblər arasında ünsiyyət çatışmazlığı, uzunmüddətli konfliklər, xəyanət, maliyyə çətinlikləri yer alır.

- Cütlük seanaları boşanmaların qarşısını ala bilirmi?

- Bəli, böyük ölçüdə ala bilir, lakin müəyyən şərtlərlə. Cütlük terapiyası seansları sehrli bir çubuq deyil, bir vasitədir. Terapevt cütlüyü barışdırmağa məcbur etmir onlara problemləri kor nöqtələrdən çıxarıb sağlam şəkildə həll etməyi öyrədir. Əgər hər iki tərəf münasibəti xilas etmək üçün istəklidirsə və problemlər xroniki çevrilməyibsə, cütlük seansları boşanma riskini kəskin azaldır. Lakin terapiyanın məqsədi hər vəziyyətdə boşanmanın qarşısını almaq deyil. Bəzən terapiya münasibəti bərpa etməyə, bəzən isə tərəflərin daha sağlam və hörmətli şəkildə ayrılmasına dəstək olur.

Yazı Medianın İnkişafı Agentliyinin “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar