Uzunömürlülüyün sirrinin yalnız faydalı qidalar qəbul etməkdən ibarət olduğunu düşünənlər çoxdur. Lakin mütəxəssislər hesab edirlər ki, sağlam və uzun ömür üçün bəzi məhsullardan uzaq durmaq da ən az düzgün qidalanmaq qədər vacibdir.
Lent.az bu 6 qidanı təqdim edir:
Alimlər dünyanın "mavi zonalar" adlandırılan insanların daha çox 100 yaşa çatdığı və sağlam qocaldığı bölgələrdə yaşayan insanların qidalanma vərdişlərini araşdıraraq onların rasionunda demək olar ki, rast gəlinməyən məhsulları müəyyən ediblər.
Uzunömürlülərin qidalanması nədən fərqlənir?
Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi və digər "mavi zonalar" üzərində aparılan uzunmüddətli müşahidələr göstərib ki, bu insanların qidalanması tipik Qərb pəhrizindən xeyli fərqlənir.
"Mavi zonalar"ın tədqiqatçısı Den Büttner bildirir ki, bəzi məşhur qidalardan imtina etmək xroniki xəstəliklərin riskini azaltmağa və yaşlı dövrdə aktiv qalmağa kömək edir.
1. Rafinə edilmiş taxıl məhsulları
Uzunömürlülər ağ çörəyə, şəkərli səhər yeməyi lopalarına və rafinə edilmiş undan hazırlanan makaronlara çox nadir hallarda üstünlük verirlər.
Onların əvəzinə tam taxıllı məhsullar seçilir.
Mütəxəssislər bildirirlər ki, sənaye emalı zamanı taxılın qabığı və rüşeymi çıxarıldığı üçün lif, vitamin və mineralların böyük hissəsi itir. Nəticədə məhsulun qida dəyəri azalır və qan şəkərinin daha sürətli yüksəlməsinə səbəb olur.
2. Qırmızı ət
"Mavi zonalar"da mal, donuz və quzu əti gündəlik qida hesab edilmir. Bu məhsullar əsasən xüsusi günlərdə və az miqdarda istehlak olunur. Əsas zülal mənbəyi isə balıq, paxlalılar və bitki mənşəli məhsullardır. Araşdırmalar göstərir ki, qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskini artıra bilər.
3. Ultra emal olunmuş qidalar
Uzunömürlülərin süfrəsində hazır yarımfabrikatlar, qablaşdırılmış qəlyanaltılar və fast-food məhsulları demək olar ki, olmur. Belə məhsullar adətən çoxlu duz, şəkər, doymuş yağ, konservant və digər əlavələr ehtiva edir. Alimlər onların həddindən artıq istifadəsinin maddələr mübadiləsini pozduğunu və yaş artdıqca idrak funksiyalarının zəifləməsi riskini artırdığını bildirirlər.
4. İnək südü
İnək südü kalsium mənbəyi hesab olunsa da, "mavi zonalar"ın sakinləri onu çox az miqdarda istifadə edirlər. Onlar daha çox bitki mənşəli içkilərə və ya keçi və qoyun südündən hazırlanan məhsullara üstünlük verirlər. Mütəxəssislərin fikrincə, bu seçim doymuş yağların qəbulunu azaltmağa kömək edir və ürək-damar sağlamlığı üçün daha faydalıdır.
5. Şəkərli məhsullar
100 yaşını keçən insanların gündəlik menyusunda şirniyyatlar demək olar ki, yoxdur. Qazlı içkilər, enerji içkiləri və qablaşdırılmış şirin şirələr də onların rasionunda çox nadir hallarda yer alır. Əlavə şəkərin həddindən artıq qəbulu piylənmə, 2-ci tip diabet, qaraciyərin piylənməsi və xroniki iltihabla əlaqələndirilir. Şirniyyat əvəzinə onlar daha çox təzə meyvələr yeyirlər.
6. Emal olunmuş ət məhsulları
Kolbasa, sosiska, vetçina, bekon və digər emal olunmuş ət məhsulları uzunömürlülərin rasionunda demək olar ki, yoxdur. Bu məhsullar yüksək miqdarda duz, doymuş yağ və nitrit kimi konservantlar ehtiva edir. Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti kanserogen məhsullar sırasına daxil edib və onun bəzi onkoloji xəstəliklərin riskini artırdığını bildirib.
Alimlərin qənaətinə görə, "mavi zonalar"ın sakinlərinin uzun və sağlam ömür sürməsinin sirri yalnız nə yemələrində deyil, həm də hansı qidalardan uzaq durmalarındadır. Onların qidalanmasının əsasını tərəvəzlər, paxlalılar, tam taxıllar, balıq və meyvələr təşkil edir. Şirniyyatlar, emal olunmuş ət məhsulları, ultra emal olunmuş qidalar və qırmızı ət isə yalnız nadir hallarda istehlak olunur.