Vətənə xəyanət edənlər:  Onlara jurnalist demək olmaz!
22 iyul 2026 13:31 (UTC +04:00)

Vətənə xəyanət edənlər: Onlara jurnalist demək olmaz!

0

Avropada "siyasi mühacir" adı altında bloqerlik fəaliyyəti ilə məşğul olan bəzi şəxlərlə bağlı zaman-zaman Azərbaycan mediasında yazılar dərc olunur. Bu yazılarda onların mahiyyəti açıq şəkildə ifşa edilir. Danılmaz faktlarla göstərilir ki, həmin şəxslərin hərəsi bir təşkilata xidmət edir. Əgər sən, hansısa bir xarici təşkilatın, yaxud hansısa bir dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək öz ölkənə qarşı qara yaxmaqla məşğulsansa deməli sən Vətəninə xəyanət edirsən. 

Ötən gün Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya məhz bunu başa salmaq istəyirdi. Əslində Hikmət müəllim səsləndirdiyi real arqumentlərlə Tural Sadıqlını məhv etdi. Tural Sadıqlının real arqumentlər qarşısında necə aciz duruma düşdüyünü hamımız gördük. Bəs görəsən Tural Sadıqlı və digərləri bundan nəticə çıxaracaqlarmı? Düşündürücü sualdır... Ümid edək ki, Hikmət müəlimin iradı onların milli ruhunu oyadacaq və onlar Vətənə xəyanət etməyin nə qədər ağır bir cinayət olduğunu dərk edəcəklər.

İndi isə Avropada məskunlaşan, özlərini “siyasi mühacir”, "bloqer" və "jurnalist" kimi təqdim edənlərin faəliyyətinə qısa nəzər salaq. Məlumdur ki, həmin şəxslər zaman-zaman bağlı olduqları dairələrin sifarişi ilə anti-Azərbaycan kampaniyalarına qoşulur, müxtəlif aksiyalar keçiririrlər. Adətən ya Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyi, ya yüksək səviyyəli azərbaycanlı rəsmilərin Avropaya səfərləri zamanı atılan bu addımların əsas məqsədi diqqət çəkmək, müxtəlif dairələrin ölkəmizə qarşı tapşırıqlarını icra etməkdir. Eyni ünsürlər bu dəfə Almaniyada fəallaşıb. Son bir neçə gündür bu ünsürlərdən ibarət bir qrupun Berlində aksiya adı altında şou göstərdikləri müşahidə edirik. Əslində təəccüblü deyil, çünki Avropada “siyasi mühacir” adı altında məskunlaşan ünsürlərin əsas işi maliyyələşdikləri dairələrdən sifariş veriləndə bir yerə toplanaraq, foto çəkdirməkdir. Onlar bundan həm də Avropada “siyasi mühacir” kimi qalmaq imkanından yararlanmaq üçün istifadə edirlər. Berlində keçirilən “aksiya” da onların Azərbaycana qarşı növbəti tapşırığı yerinə yetirmək cəhdidir. 

Həmin aksiyalara diqqət edəndə çox maraqlı faktlar üzə çıxır. İlk baxışdan bu aksiyaların Qərb yönümlü təşkilatlar tərəfindən təşkil edildiyi hiss olunur. Lakin bəzi faktlar bunun əksini deyir. Bu aksiyaların arxasında İran izlərini aşkar şəkildə sezmək mümkündür.

Aksiya iştirakçılarına baxanda görmək olur ki, onların əksəriyyəti dindarlardır. Avropaya xas olmayan geyim tərzi və saç-saqqalları ilə seçilən həmin şəxslər Azərbaycanda “6 inanclı məhbusa azadlıq” şüarı səsləndirir. Heç bir əsası olmayan “siyasi məhbus” iddiasının Azərbaycana qarşı siyasi təzyiq kampaniyasında intensiv şəkildə istifadə edilən elementlərdən olduğu sirr deyil. Berlində bu şüarlarla aksiya keçirən ünsürlərin İranın maliyyə və tapşırıqları ilə hərəkət etdiyini deməyə əsas verir. 

İki gündür İran mediası da Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərindən yazır. İranın məşhur “Tasnim” agentliyi İlham Əliyevin Berlinə səfərini "Azərbaycan və Almaniyanın "Enerji Plyus" dövrünə keçid planı" kimi təqdim edib. Yazıda paxıllıq hissi ilə qeyd olunur ki, "Bakı yalnız Avropanın qaz təchizatçısı olaraq qalmaq istəmir, həm də Xəzər dənizindən əldə edilən külək və günəş enerjisini Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəql etməyi hədəfləyir".

Görünən odur ki, Azərbaycanın artan nüfuzu və qlobal arenada güclənməsi bir çoxlarını kəskin şəkildə narahat etməyə başlayıb. Prezident İlham Əliyevin qlobal liderlər sırasındakı möhkəmlənmiş mövqeyi və nüfuzu Azərbaycanın cəlbedici qüvvəsini daha da artırır. Təəssüf ki, bəzi qonşu ölkələr Azərbaycan reallığını həzm edə bilmirlər. 

Bu narahatlıq yalnız hər hansı bir dövlət, xaricdəki qurum və təşkilatlarla məhdudlaşmır. Sapı özümüzdən olan baltalar da həmin dövlətlərin sifarişi ilə ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasına alət olurlar. 

Sonda isə gələk əsas məsələyə. Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Ölkəmizdə peşəkar jurnalistika ilə məşğul olan minlərlə insan var. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir".

Təəssüflər olsun ki, bu gün Avropada məskunlaşan, özlərini “siyasi mühacir”, "bloqer" və "jurnalist" kimi təqdim edən Vətən xainləri də var. Bəs onlara jurnalist demək olarmı? Birmənalı olaraq deyə bilərik ki, xeyr! Jurnalist peşəkarlığını, jurnalist məsuliyyətini və jurnalist etikasını onlara aid etmək olmaz! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar