Stalinin saatı, “İnturist”də “Vedma”,  Pirquluda şeş qoşa – HƏYAT HEKAYƏSİ
19 mart 2013 15:27 (UTC +04:00)

Stalinin saatı, “İnturist”də “Vedma”, Pirquluda şeş qoşa – HƏYAT HEKAYƏSİ

“Pul özü niyə haram olur ki? Qətiyyən elə deyil. O pulu qazanmaq var ha, bax, o yolun özü, ya haladır, ya da haram. Və sənə bir öz deyim. Haram yola, harınlaşmış adamın puluna-parasına hansı yolla olursa olsun sahib olmağın özü halaldır. Amma o halda haladır ki, sən bu pulları halal məqsədə xərcləyəsən. Qardaşoğlu, bu halal-haram məsələsi bizlik döyül eee? Bu işlərdə mizan-tərəzi itib. Sən çayını iç”.

 

Bunu deyib də əlindəki qayışı yenə o yan, bu yana fırlatmağa başladı. Havada Evklid həndəsəsinin bütün fiqurlarını cızdı, kvadrat, romb, trapesiyadan tutmuş…yarımçıq sınıq xəttə kimi. Qayışın havada ora-bura hərlənməsini diqqətim nəzərindən qaçmadı. “Əsəblərimi sakitləşdirir. Bir növ vərdiş eləmişəm”.

 

 

“Daha oralara getmirəm”

 

 

Hə, əslində elə onunla görüşməyimizin də əsas səbəbi bu vərdişlə bağlı idi. Söhbət təbii ki qayış yelləməkdən getmir. Tamam başqa vərdişdən-bəlkə də hobbidən, bəlkə də məşğuliyyətdən, peşədən, sənətdən, yazının sonunda seçim sizindir, necə istəsəz, adlandıra bilərsiz - söhbət açacayıq. Amma özünün dediyi kimi, “qardaşoğlu, mən intervyü-zad vermirəm. Nə yazırsan yaz. Söhbətdi eləyərik. Qonağımsan, gəlmisən, qapıdan qaytaran deyiləm. Amma inan ki, burda yazmalı, yaxşı heç nə yoxdur. Külək kimi bir ömür yaşamışıq. Allah qismətimizə bunu yazıbmış. Deyim peşmanam, düz olmaz. Qismətdən də artıq yemək mümkün deyil. İndi başım nəvələrə, oğul-uşağa qarışıb. Həmişəki deyiləm. Elə bil 50 ildir durmadan işləyirəm, yorulmuşam eee. Dincəlmək lazımdı, dincəlmək. Siz də qoymursuz. (Gülür) Səni and verirəm inandıqlarımıza, sənə kim deyib mənim barəmdə?

 

- Səni tanımayan var ki, əmi?

 

- Elə də deyil. İlin-günün bu vaxtında, haradan yadınıza düşdüm. Dəxli yoxdu, amma qonağımsan. Çörək hazırlayın?

 

Üzünü evdəkilərə tutur.

 

Həm də qayışı yelləyir havada.

 

…-  Daha oralara getmirəm. Lap çoxdan getmirəm. Evdə-eşikdəyəm. 70-ə çatıb eee yaşım. Həvəs idi, daha bəsdi. Bilirsən, həm də mənim danışmağım düz olmaz. Bircə onu deyim ki, indiyə qədər dilimə içki dəyməyib. Siqaretin nə olduğunu bilməmişəm. Qoy bunlar danışsın, mənim danışmağım vallah düz olmaz.

 

- Oralar nə deməkdi, əmi?

 

- (Qımışır. Qasıma-deyəsən əmisi oğludur-tərəf zəndlə baxır.

 

- Urisəytə deyir. Əminin ömrü oralarda keçib. Poyuzda, samalyotda. Oyun çıxarıb eee əmi.

 

Deyəsən Qasımın  bu sözündən də xoşhallanmadı.

 

- Oyun deyəndə ki, cavanlıq idi. Gözümüz də qorxu yox idi. O vaxt da işləməyənə tupolu deyirdilər. (Tüfeyli demək istəyir - E.M.) Amma mənim trudovoyum açılmayıb. Pul? Pul da ki gəlirdi. Nə bilim, bəlkə də naxış idi. Bəxt idi…

 

 

***

 

Zaman, 50-ci illərin sonları. Elə bu vədələr.

 

Məkan, Həmyə kəndi.

 

Deyir böyüklər saqqa-saqqa oynayırdılar. Mən də baxırdım.

 

 

Təpəlin hekayəti

 

 

- Təpəl vardı, adını düz-əməlli də bilmirəm, Hamı Təpəl deyirdi. Bayramqabağı kəndə getmişdik. Bax, o Təpəl qonşularda, tonqala yığışanlarda pul qoymadı. Bir yekə torbası vardı. İçi aşıqla doluydu. Sonra ondan borca aşıq alırdılar. O da satırdı, sonra yenə udurdu. Mənim dayım da çox pul uduzdu. Çox dilxor idi. Təpəldən nə qədər xahiş eləsə də, ona borc vermədi. Çox pis olmuşdum. 13-14 yaşım olardı. Arıq, zəif uşaq idim. Hələ ona tərəf bir daş da atdım. Yadımdadı, dayım ondan xahiş edəndə, mən də yalvardım. O isə gülə-gülə çıxıb getdi.

 

...Bu hadisədən çox yox, təxminən 15 il keçəcək. Günlərin bir günü elə həmin kənddəcə, həmin o Təpəl, kartda nəinki pullarını, bütün mal-qarasını belə bu uşağa uduzacaqdı. Həmin o uşaq, həmin o mal-qaranı kəndin ən kasıb adamına verəcəkdi. Udduğu pulu isə Təpələ yalnız və yalnız bir halda qaytaracaqdı. Rəhmətlik dayısının qapısında alaq təmizlətdirməklə…

 

Və taleyin işinə bax ki, bu hadisənin üstündən də bir neçə il keçəndən sonra elə həmin Təpəlin Seydi adlı oğlunu Çelyabinskdə külli-miqdarda pul uduzub qaytarmadığına görə, az qala öldürəcəklərmiş. Bundan xəbər tutan kimi gürcü qumarbazlarla əlaqə yaradan həmsöhbətimiz Təpəlin oğlunun borcunu qaytarıb, üstəlik onların 47 min rublunu belə udacaqdı. Həmin pulun bir hissəsini isə Təpəlin oğluna verəcəkdi və bərk-bərk tapşıracaqdı ki, bir də ayağı buralara dəyməsin.

 

 

“Beştau”da özbəyin uduzmaqlığı

 

 

Qasım danışır ki, əmi ən çox Minvoda gedib gələrmiş. Çünki sovet dönəmində, Minvod, Yesuntuki, Kislovodsk, Pyatiqorska dincəlməyə varlı adamlar gedərmiş.

 

- Qardaşoğlu, düzdü, Minvoda kasıb-kusub da gəlirdi. Amma gecə saat 10-11-dən sonra əksəriyyət dağılaşardı. Hamı gedirdi yatmağa. Restoranlar da işin bitirirdi. Amma “Beştau” vardı, ən bərkgedən restoran idi. Raykom katibləri, prokurorlar, pulu adamlar gecələr orada kart oynayardılar. Məni ora bir erməni aparmışdı. O erməninin qardaşıyla dost idim. Birinci dəfə ora gedəndə mənə pis baxdılar. Heç oynamağa qoymadılar. Səhəri, ya o biri gün idi, yadımda deyil. Dedim mən də oynayıram. Dedilər kimsən, nə qədər pulun var. Dedim mağaza müdiriyəm, 8 min pulum var. Biri Özbəkistandan idi, imkanlı adam idi. Dedi burda yüz manatdan yerə düşürük. Bu qədər pulnan hara girirsən? Dedim olanım budur. Razılaşmırdı. O birilərinə də deyirdi ki, bu adamın pulu azdı. Uduzsa ona borc verilməsin. Nə isə başladıq. Səhərə yaxın idi, mənim qabağımdakı pulu erməni dostum sayıb bitirə bilmirdi. O özbək dedi ki, yatdı yoxdu. Cibindən üzərində Stalinin şəkli olan qızıl saatını qoydu ki, bunun azı min manat qiyməti var. Dedim ki, mənim üçün bu saatın ümumiyyətlə dəyəri yoxdur. Dedi 500 manat borc ver. Qayıtdım ki, sənə yüz manat verə bilərəm, bir dəfə yer düşəsən. Əlacı kəsildi, razılaşdı. Şərt də bu oldu ki, kartı açıq paylayacam. 18 idi ya 19 bilmirəm, ona gəldi. Mənə isə iki tuz. Dedim qurtardıq. Saatı isə həmin axşam başqa restoranda bizə qulluq edən ofisianta bağışladım.

 

Əminin macəralarının əksəriyyəti Rusiya ilə bağlıdır. Qasım deyir ki, Moskvada, Leninqradda elə bir kübar qumar məclisləri olmazmış ki, əmi oranın üzvü olmasın.  Oynadığı adamlar arasında elələri var ki, özü desə, aləm qarışar. (Gülür)

 

- Qardaş oğlu, söhbətdi aaa, eləyirik.

 

 

Xalq artistinin onluq paçkası

 

 

Bunu deyib də, ciddi sifət alır əmi. Elə söhbət eləyə-eləyə, məlum olur ki, dünyaca məşhur SSRİ xalq artisti bir dəfə 25, bir dəfə də 18 min pulunu qoyub gedib. Amma o uduzanda əmi ona borc verirmiş. Bir dəfə dedi ki, İtaliyaya gedirəm sənə nə gətirim. Dedim nə ürəyin istəyir. İki dənə çəkmə gətirmişdi. Bəlkə də on il geyindim. Bir dəfə o Bakıya gəlmişdi. “İnturist”in yuxarısında restoran vardı. Oturduq orda. O idi, bir də  başqa bir vəzifəli adam. Dedi gəl “Vedma” oynayaq. “Vedma bilirsən nədi? Zəri atırsan, bir dəfə. Böyük bir məbləğə, Yəni ya o yanlıq, ya bu yanlıq. Hərəyə bir paçka qırmızı onluq qoyduq ortaya. O vəzifəli zəri adı rumkada fırladı-fırladı. Deyəsən çahar-sə atdı. Xalq artisti pənc-çahar. Mən də ya mədəd deyib, atdım. Şeh-beş. Əlimi pula uzadan kimi həmin vəzifəli adam dedi ki, bir də. Restorandan harasa zəng elədilər. Bir diplomat pul gətirdilər. Hamısı da beşlik paçkası. Adam göndərdi ki, başqa yerdən zər alıb gətirsinlər. 4 kruqa bunun pullarını uddum. Yox, qardaşoğlu, kələk deyəndə ki, nə kələk. Bəlkə də naxış idi. Amma zərə gərək sığal çəkəsən. Onu gücləyəndə də, atanda da. Zər sığalı sevər, sənə xal verər. Aaaz,  ordan nərdi gətirin?

 

Evdən nərd yox, elə zər gətirilər. Zəri götürüb deyir:

 

- Bax, nə atım səniçün?

 

- Məsələn, cüt sə?

 

Zəri baş barmağıyla, şəhadət barmağının arasında sanki əzizləyir. Təxminən 20-30 saniyə. Atır. Daha özünüz bilərsiz, istəyirsiz inanın, istəyirsiz yox: Cüt sə düşdü.

 

 

 

“Nərdi dağdan aşağı tulladı”

 

 

 

Qasım deyir bir dəfə də Ağcabədidən biri gəlib ki, bir tası üç mindən oynayaq.

 

 

  • Gedirlər Pirquluya, dağın təpəsində restoranların birində otururlar. Özü də ağcabədilinin gətirdiyi zərlə oynayırlar. Əmi bir tası udur. Üç mini götürür. Adam əl çəkmir ki, bir tas da oynayaq, amma 5 mindən. Oynayırlar və vəziyyət elə gətirir ki, əminin 4 daşı qalır. Üçü cahar, biri pənc ayağında. Ağcabədilinin isə iki daşı, yek və du ayağında. Zər atmaq növbəsi də əmidə olur. Əsəblər gərilir. Hamı gözləyir ki, əmi neyləyəcək. Əmi isə zəri əlində fırladır, fırladır. Amma atmır. Qonağa deyir ki, bayaqdan sənin zərinlə oynayırıq, qoy sonuncunu mən öz zərimlə atım. Qonaq deyir, at. Əmi bacısı oğlunu çağırır ki, maşından mənim zərimi gətir. Sən demə, zərin hər tərəfi şeş imiş. Əmi zəri atır: cüt şeş. Hamı şokda. Bu vaxt əmi cəld tərpənib nərdi zər qarışıq atır dağdan aşağı. Ağcabədili deyir sən neynirsən? Əmi də qayıdır ki, heç nə uddum, sevindiyimdən atdım aşağı…

 

 

      - Əmi “Forbes”in siyahısında olan hansı oliqarxla zər atıb?

 

 

  • Qastroldan gəlirdi, pulun qoyub gedirdi...

 

  • 3 “altı” 3 “tuz”dan qeyrətli xaldı...

 

  • Ən yaxşı aşıq, qara toğlunun dizindən çıxandı

 

  • Bu pulun bərəkəti olmur...

 

 

Sovet dönəminin ən bacarıqlı oyunçularından olmuş “Əmi”nin həyat hekayəsinin davamı çox maralı olacaq.

Qaçırmayın!

 

Ervin Mirzə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2774

Oxşar yazılar