Azərbaycanın quru ərazisində daha 4 seymik stansiyanın quraşdırılmasına hazırlıq işləri aparılır. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli söyləyib.
Onun sözlərinə görə, yeni seymik stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı rayonlarında quraşdırılacaq.
Qurban Yetirmişli deyib ki, artıq quraşdırılacaq stansiyalar üçün lazımi cihazlar alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru dənizin dibində 3 seysmik stansiyanın quraşdırılması ilə bağlı layihə işlərinin görüldüyünü də bildirib. O, dəniz dibində seysmik stansiyaların nə vaxt quraşdırılmağa başlanılacağını söyləməyin isə çətin olduğunu dilə gətirib: “Çünki dənizin dibində axınlar və digər məsələlərlə bağlı dənizçilər rəylərini söyləməlidirlər. Müvafiq vaxtda seysmik stansiyaların quraşdırılmasına başlanacaq və həmin vaxt amerikalı mütəxəssislər də Azərbaycana dəvət ediləcəklər. Yəqin ki, dəniz dibində seysmik stansiyaların quraşdırılmasına bu ilin payızında başlanılacaq”.
Qurban Yetirmişli GPS stansiyalarının quraşdırılmasından da danışıb. O, ümumilikdə 24 rayonda GPS stansiyaların quraşdırılmasının nəzərdə tutulduğunu qeyd edib: “Artıq 17 rayonda belə stansiya quraşdırılıb, 7 rayonda da quraşdırılacaq”.