Professor Nadir İsmayılov: “İntiharların qarşısını almaq üçün səlahiyyətli insanlar düşünməlidirlər...” - MÜSAHİBƏ
12 iyun 2009 14:15 (UTC +04:00)

Professor Nadir İsmayılov: “İntiharların qarşısını almaq üçün səlahiyyətli insanlar düşünməlidirlər...” - MÜSAHİBƏ

“Azərbaycanda heç 10 nəfər də tibbi psixoloq yoxdur”

Son zamanlar intihar hadisələri ilə bağlı xəbərlər artıb. Bu tipli məlumatlar təkcə quru statistika və ya həyəcanlı kriminal xəbər deyil, həm də və ən əsası, cəmiyyətin psixoloji halına diqqət cəlb edir. Ekspertlərin fikrincə, hətta Azərbaycanda aktiv hərbi əməliyyatlar gedən zaman, yaxud sosial-iqtisadi vəziyyətin indikindən ağır olduğu vaxtlarda intihar statistikası bu səviyyədə olmayıb. O halda, son aylarda baş verən bu “statistika partlayışı”nın səbəbi nədir?

Respublikanın baş psixoloqu, professor Nadir İsmayılovla söhbətimiz bu barədədir.

- Əvvəlcə onu deyim ki, aclıq, müharibə olanda heç vaxt intiharlar olmur. Əksinə, intiharlar əsasən bolluq zamanında olur. Dünyada ən çox intihar hadisəsi Şimali Avropada baş verir. Skandinaviya ölkələri, Belçika, Niderland, İsveçrə kimi ölkələrdə intiharlar daha çox olur. Bunun əsas səbəblərindən biri də yüksək təminatlı həyat şəraitinin gətirdiyi psixoloji problemlərdir.

Əsas söhbət insanları özünü öldürmə həddinə çatdıran faktorlardan getməlidir. Yəni əvvəlcə müəyyən etməliyik ki, hansı faktorlar intihara şərait yaradır?

Onlardan ən birincisi depressiyadır. Bu, artıq bir xəstəlikdir. Belə xəstələri vaxtında müalicə etsələr, intihardan uzaqlaşmaq mümkündür. Onları yalnız özləri könüllü müraciət etsələr, müalicə etmək olur. Elə adam var ki, onda aylarla depressiya davam etsə də heç həkimə müraciət etmir. Həmin adamı məcburi şəkildə xəstəxanaya aparmaq qaydası yoxdur.

İntihara səbəb olan ikinci faktor ədalətsizliklə üzləşməkdir. İnsanların bu cür vəziyyətə reaksiyasının necə olacağını əvvəlcədən müəyyən etmək mümkün deyil. Məsələn, biri çox savadlıdır, bu savadı qazanmaq üçün illər boyu zəhmət çəkib, lakin savadsız birinin qazancının ondan qat-qat artıq olduğunu görür. Bunun nədən belə olduğunu fikirləşir. Çox təəssüf ki, həyatdakı qayda-qanunların hamısının ədalətə xidmət etdiyini söyləyə bilmirik. İnsanları qıcıqlandırıb təbdən çıxaran kifayət qədər ədalətsizliklər olur. Küçəyə çıxırsan ki, səkilər qədər maşınlarla doludur, bəs bu yazıq piyada hara ilə getsin? İdarələrdə insanları adi bir arayış üçün get-gələ salırlar. Bir başqası isə iş adamıdır, amma onun işləməsinə xeyli süni maneələr yaradılır və s. Bu halların hamısı insanları dilxor edir. Xırda faktorların yığılması isə artıq təhlükəyə doğru yol alır. Bunlar insanları həyatdan bezdirir. Bu motiv üzərində də xeyli intiharlarla rastlaşmaq mümkündür.

- Daha hansı səbəbləri sadalamaq olar?

- Bir qisim intiharlar da gənclər də olur. Bu gənclər televiziyanı açanda orada yalnız silah, terror, ölüm hadisələri ilə rastlaşırlar ki, bu da hamısı psixoloji təsirdir. Yeniyetmə fikirləşir ki, elə həyat bundan ibarətdir. Amma 20-30 il əvvəl bu səbəblər yox idi.

- İntihar hallarının qarşısını almaq üçün nə etmək lazımdır?

- Yuxarıda sadaladığımız faktorları aradan qaldırmaq gərəkdir. Bu məsələləri səlahiyyətli insanlar dərindən düşünməli, analiz edib problemdən çıxış yollarını tapmaq gərəkdir. Amma bununla kim məşğul olacaq, Allah bilir.

- Depressiyadan söz açdınız. İnkişaf etmiş ölkələrdə bu məsələyə çox ciddi yanaşsalar da Azərbaycanda hələ bir çoxu depressiyanın nə olduğunu bilmir və bu halı xəstəlik kimi qəbul etmir. Ümumiyyətlə, depressiya nədir, bunun əlamətlərini söyləyə bilərsiniz?

- Əvvəllər səhiyyə maarifi deyilən bir anlayış var idi. Bizlər müəyyən təşkilatlara, zavodlara, müəssisələrə gedib məruzələr oxuyurduq. İndi nəinki belə görüşlər təşkil olunur, heç dərsdə tələbələr də müəllimin dediyinə qulaq asmır. Tələbələr deyirlər ki, bizə lazım olan informasiyanı gedib internetdən götürəcəyik və s. Bax, bu sistemdə də axsamalar var. Bu cür xırda sistemlərin hamısını analiz edirsən, görürsən ki, hərəsinin payına 10-ca faiz düşəndə gəlib hara çıxır...

Depressiyanın əsas əlaməti ruh düşkünlüyü, fəaliyyətsizlik, küskünlük, yuxunun pozulması, tez-tez ağlamaq hissinin yaranmasıdır.

- Bunun müalicəsi mümkündür?

- Bəli. Elə depressiya var ki, bir aya, eləsi də olur ki, 1 ilə qədər müalicə olunur. Xəstələr, onların yaxınları səbir nümayiş etdirməlidirlər.

- Fəsil dəyişməsinin intihara hər hansı bir aidiyyatı varmı?

- Ümumiyyətlə, fəslin dəyişməsinin, Günəş ritminin dəyişməsinin insan orqanizminə çox böyük təsiri var. Hətta göydəki ulduzların hərəkətinin dəyişməsi belə təsirsiz ötüşmür. Bu təsirlərin bir çox hissəsi hələ də öyrənilməyib.

- Sizinlə ötən söhbətlərimizin birində Neft Akademiyasındakı faciəvi hadisədən şoka düşən tələbələr barədə də danışmışdıq. Həmin tələbələr xəstəxanalara müraciət edib psixoloji reabilitasiyadan keçdilərmi?

- Xeyli sayda müraciət edən oldu. Hətta bizim gözlədiyimizdən də çox. Biz ən birinci elə akademiyanın nəzdində kabinet açdıq və bu kabinet növbəlilik prinsipi ilə fasiləsiz işlədi. Ora və digər dispanserə də xeyli adam müraciət etdi. Hətta anonim şəkildə 50-60 adam tibbi yardım aldı. Bunların bəziləri ilə psixoloji söhbətlər aparmaqla kifayətləndik, bəziləri isə müalicə almalı oldu.

- Avropada demək olar ki, hərənin öz psixoloqu var. Bizdə isə buna nədənsə ehtiyac duyulmur...

- Biz hələ bu səviyyəyə çatmamışıq. Bizdə tibbi psixologiya elə bünövrədən, sovetlərin dönəmindən zəif inkişaf etdi. ABŞ-da 38 min psixiatr həkimə qarşı 45 min psixoloq var. Türkiyədə də 1550 psixiatr varsa, ən azı 1000 psixoloq olmalıdır. Məndən soruşdular ki, neçə nəfər tibbi psixoloqunuz var, cavab verməyə utandım. Heç 10 nəfər də yoxdur. Baxmayaraq ki, neçə illərdi BDU tibbi psixoloqlar hazırlayır, amma onları işə götürən yoxdur. İşə götürmək üçün də əvvəlcə ştat olmalıdır. Hər bir kliniki müəssisədə bu ştat olmalıdır. Azərbaycanda sadə vətəndaşlar bu xidmətdən istifadə edə bilmirlər, amma narahat olmayın, imkanlı ailələr psixoloq yardımından lazımınca istifadə edə bilirlər.

Problemin biri də budur ki, biz hələ xalqımıza tibbi psixologiyanın nə qədər faydalı olduğunu başa sala bilməmişik.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3328
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar