Millət vəkili Qənirə Paşayeva Dünya Autizm Günü və ayı ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə iştirak edib. Lent.az-ın məlumatına görə, millət vəkili çıxışında bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik.
Q. Paşayeva bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirilən çoxlu sayda layihələr barədə danışıb: “Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar”.
Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb. Bütün cəmiyyətimiz bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır.