Yaş artdıqca insanların dost çevrəsinin kiçilməsi çoxları üçün narahatlıq doğursa da, psixoloqlar bunun tamamilə təbii və sağlam bir proses olduğunu bildirirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, illər keçdikcə ünsiyyət dairəsinin daralması insanın qapalı xarakterə çevrilməsi və ya insanlardan uzaqlaşması demək deyil.
Əksinə, bu, həyat təcrübəsinin artması, dəyərlərin dəyişməsi və insanın vaxtına, enerjisinə daha şüurlu yanaşmasının göstəricisidir.
Psixoloqlar dost sayının yaşla azalmasının əsas səbəblərini belə izah edirlər:
Əvvəlcə ünsiyyətin keyfiyyəti ön plana çıxır. Gənclik illərində insanlar mümkün qədər çox dost və tanış qazanmağa çalışırlar. Lakin zaman keçdikcə çoxsaylı səthi münasibətləri qoruyub saxlamağın həm emosional, həm də fiziki baxımdan yorucu olduğu anlaşılır. Bu səbəbdən də insan daha çox etibar etdiyi və özünü rahat hiss etdiyi azsaylı insanlarla münasibətlərə üstünlük verir.
Digər səbəb isə ortaq xatirələrin artıq kifayət etməməsidir. Məktəb, universitet və ya ilk iş illərində qurulan dostluqlar uzun müddət ortaq keçmişə söykənir. Ancaq zaman keçdikcə yalnız köhnə xatirələr münasibətləri əvvəlki kimi yaxın saxlamağa kifayət etmir. İnsanların maraqları, həyat tərzi və məqsədləri dəyişdiyi üçün bəzi dostluqlar təbii şəkildə zəifləyir.
Mütəxəssislər bildirirlər ki, həyat şəraitinin dəyişməsi də dostluqlara təsir göstərir. İş, ailə, uşaqlar, şəxsi layihələr və gündəlik məsuliyyətlər insanların vaxtının böyük hissəsini alır. Fərqli həyat ritmində yaşayan insanların əvvəlki kimi tez-tez görüşməsi və ünsiyyət saxlaması çətinləşir. Qarşılıqlı səy göstərilmədikdə isə münasibətlər zamanla soyuyur.
Yaş artdıqca insanların şəxsi sərhədləri də daha sağlam şəkildə formalaşır. Gənclik dövründə gözardı edilən bəzi davranışlar sonradan yorucu və ya zərərli hesab olunur. Daim şikayət edən, manipulyasiya edən, şəxsi sərhədlərə hörmət etməyən və ya günahkarlıq hissi yaratmağa çalışan insanlarla əlaqələrin məhdudlaşdırılması emosional sağlamlığın qorunması baxımından normal qəbul edilir.
Bundan əlavə, zaman keçdikcə insanların həyata baxışı da dəyişir. Ailə, karyera, maliyyə, həyat məqsədləri və mənəvi dəyərlərlə bağlı fərqli düşüncələr əvvəllər çox yaxın olan dostların yollarını ayıra bilər. Psixoloqlar qeyd edirlər ki, belə hallarda münasibətlərin zəifləməsi münaqişədən deyil, həyat yollarının fərqli istiqamətdə inkişaf etməsindən qaynaqlanır.
Mütəxəssislər dostluqların nə dərəcədə sağlam olduğunu müəyyənləşdirmək üçün bir neçə əlamətə diqqət yetirməyi tövsiyə edirlər. Onların sözlərinə görə, dostla görüşdən sonra insan özünü yorğun deyil, ruh yüksəkliyi içində hiss etməlidir. Bundan başqa, problemlərini çəkinmədən bölüşə bilməli, qarşı tərəf isə şəxsi sərhədlərə hörmət etməli və imtinaya görə təzyiq göstərməməlidir.
Psixoloqların qənaətinə görə, bu xüsusiyyətlərin əksəriyyəti münasibətlərdə yoxdursa, dostluğun zamanla zəifləməsi mənfi hadisə deyil. Əksinə, bu proses insanın indiki dəyərlərini və həyat prioritetlərini bölüşən insanlara daha çox yer ayırmasına imkan yaradan təbii inkişaf mərhələsi hesab olunur.