Bakıda keysəriyyə üsulu ilə doğuş edən gənc qadın komaya düşüb.
Bu barədə Lent.az-a zərərçəkən 28 yaşlı Quliyeva Şəhla Muxtər qızının yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, əməliyyat iyulun 28-i gecə saatlarında “Baku Medical Plaza”da, ginekoloq Təravət Məmmədova tərəfindən keçirilib:
“Şəhla 5 ay idi ki, Təravət həkimin nəzarətində idi. Əvvəlki analizlərdə xəstədə zülalın çox olduğu bildirilmişdi. İyulun 8-də də yoxlanışda zülal yüksək çıxdı Amma ayın 21-i və 27-si təzədən yoxlanışa çağırsalar da, heç birində zülal analizi götürülməyib. 28-i zəng ediblər ki, gecə gəlin əməliyyat edək. Gecə saat 1-də əməliyyat baş tutdu. Doğuşdan əvvəl təzyiqi aşağı düşüb, dərman verib salıblar əməliyyata. Bizə dedilər ki, ana və uşağı əməliyyatdan problemsiz çıxıb. Lakin 20 saat sonra vəziyyət dəyişdi. Hələ günorta da Şəhlanın təzyiqi 180-ə qalxıbmış. O, zəng edib atasına bu məlumatı verərək, deyib ki, dərman vasitəsilə təzyiqi aşağı salınıb. Amma axşamtərəfi yenə təzyiqi 200-ə qalxıb və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəmizə beyin ölümü diaqnozu qoyulub”.
Zərərçəkənin yaxınları bildirib ki, Şəhla Quliyevanın təzyiqi təhlükəli vəziyyətə qalxandan sonra da o, nəzarətdə saxlanılmayıb. Həmçinin qadın doğuş edəndən sonra reanimasiyaya yerləşdirilməli olduğu halda, palataya yerləşdirilib. Yalnız beyninə qansızma olandan sonra Şəhla Quliyeva reanimasiya şöbəsinə aparılıb:
“Xəstəxanadan dedilər ki, artıq əməliyyat edə bilmərik. Ancaq biz xarici həkimlərlə maraqlandıq, sən demə 4 saat ərzində əməliyyat olunmalı imiş. Biz dedik ki, əməliyyat olunmasına razıyıq, lakin xəstəxana yenə də əməliyyatdan boyun qaçırdı. İyulun 28-dən bugünədək xəstəmiz süni tənəffüs aparatına qoşuludur. Xəstəxana beyin ölümü diaqnozu qoyub”.
Şəhla Quliyevanın ailəsi Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə şikayət etdiklərini, Prezident Administrasiyasına da şikayət edəcəklərini deyib. Onlar həmçinin yaxınlarının başına gələn olayda sadəcə Təravət Məmmədovanı deyil, cərrahı, neyrocərrahı, reanimasiya şöbəsinin və digər tibb işçilərinin də günahı olduğunu iddia edirlər.
Ailə həmçinin yeni doğulan körpənin də vəziyyətinin yaxşı olmadığını iddia edib. Onların sözlərinə görə, uşaq ana bətnində ikən böyrək genişlənməsi olub. Körpə doğulandan dərhal sonra heç bir analiz götürülməyib. İki gün sonra götürülən analizlərdə məlum olub ki, uşağın ürəyində yırtıq, tənəffüsündə problem var və ürəyində çəpərin qalınlığı daha çoxdur. Həmçinin bədənində də infeksiya yayılıb. Nəticədə uşaq da reanimasiyaya yerləşdirilib.
Lent.az-ın əməkdaşı iddiada qeyd olunan klinika ilə əlaqə saxlayıb. “Baku Medical Plaza”dan hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.