"Böyrümüzdən ildırım sürəti ilə keçdi" - "Tiktok"er "Arzum999"un MƏHKƏMƏSİ
31 iyul 2026 14:22 (UTC +04:00)

"Böyrümüzdən ildırım sürəti ilə keçdi" - "Tiktok"er "Arzum999"un MƏHKƏMƏSİ

0

Bakı Apellyasiya Məhkəməsində paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli "tik-tok"er İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən İ. Hacıyeva özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmə daha sonra İ. Hacıyevaya ifadə verməyi təklif edib. Hacıyeva ifadəsində həmin gün qızı və rəfiqəsi Müjgan Məmmədzadə ilə dənizə getdiklərini bildirib:

"İyun ayı idi. Qızım Bakıya gəlmişdi, birlikdə dənizə getdik. Səhərə yaxın aeroporta gedəcəkdik. Mərdəkan-Qala yolu ilə gedirdik. 70-80-likdə sürəti azaldıb dönmək istəyəndə arxadan işıq sürəti ilə maşın gəlib elə keçdi ki, maşın yerində yellənməyə başladı. Bir də onu gördüm ki, həmin maşın düz üç dəfə yetində dönməyə başladı. Qorxudan, həyəcandan dizlərim tutuldu, özümdən getdim. Gözümü xəstəxanada açanda dəli kimi qışqıraraq qıza su verin dediyimi xatırlayıram. Təxminən 20 dəqiqəyə xəstəxanadan çıxandan sonra bağa getdim, baqajı götürdüm. Maşını ailə dostumuz sürdü, Müjgan və qızım arxa oturacaqda oturmuşdular. Almaniyada olanda bir-iki ay sonra mənə müxtəlif sosial şəbəkə hesablarından hədələyici mesajlar gəlməyə başladı ki, Bakıya qayıt, gördüyümüz yerdə dərini soyacağıq. Mən müstəntiq B-i tapıb onunla danışdım, mesajlar barədə ona bildirdim. O dedi ki, narahat olmayın, siz sadəcə şahidsiniz. Bakıya gələndə müstəntiq B-i yığıb burada olduğumu, ifadə vermək istədiyimi dedim. Lakin o, mənə izində olduğunu bildirdi. Qayıtdım Almaniyaya. Çox keçmədi ki, müstəntiq yığdı ki, gəl Bakıya, izahat ver. Gəldim, gələn kimi mənə  "stop" qoyuldu".

Zərərçəkənin hüquqi varisi İnqa Məlikova "Mən bu qətimkan tədbiri ilə razı deyiləm. Hadisə vaxtı sənə (təqsirləndirilən İ. Hacıyevaya baxır) kömək elədilər, bəs düşünmədin ki, onlar da kiminsə övladıdır? Şikayətçiyəm"- deyib.

Məhkəmə daha sonra şahidlərin ifadəsi ilə davam edib.

Şahid Müjgan Məmmədzadə hadisə günü təqsirləndirilən şəxsin maşınında olduğunu bildirib:

"Biz hava limanına gedirdik. Mən canlı yayımda idim. "Pavarotnik"in işığı yananda böyrümüzdən ildırım sürəti ilə maşın keçdi. Arzum maşını sağa çevirməsəydi, bəlkə də ölüb gedəcəkdik. Mən tez canlı yayımdan müraciət edib hadisə yerinə "təcili yardım" çağırdım. İlduzə xanımın vəziyyəti pisləşmişdi, panik-atak keçirirdi. Bizi xəstəxanaya apardılar. Oradan çıxıb həmin istqamətdən keçəndən hər şey sakitləşmişdi, heç kim orada yox idi".

Şahid Babək Piriyev bildirib ki, həmin vaxt Hacıyevada olan maşının icarədarı olub:

"İlduzə xanım bizdən maşın kirayələmişdi. Sonra bizə zəng etdilər ki, belə bir bədbəxt hadisə baş verib. Gedib maşını aeroportdan götürdük. Bir neçə gün sonra mənə polisdən zəng gəldi. Maşın 28 gün polisdə qalmışdı".

Şahid Hüseyn Əliyev hadisə baş verən istiqamətdə tikinti materialları dükanının olduğunu deyib:

"Həmin vaxt mən və bir neçə adam, ərazinin gözətçisi söhbət edirdik. Qəfildən az qala asfaltı üzən təkər vıyıltısının səsi gəldi. Bir də gördük bir maşın aşa-aşa dükanın qabağına kimi diyirlənib dayandı. Maşının zərblə çölə atdığı bir kişi və qadın müxtəlif istiqamətlərdə yerdə düşüb qalmışdılar. Tez köməyə qaçdıq, "102"yə məlumat verdik. İlduzə xanımın halı çox pis idi, özündə deyildi; əsirdi, panik -atak keçirirdi. Adının sonradan Amal olduğunu bildiyimiz adamın vəziyyəti çox pis idi, həyati təhlükəsi çox idi. İlk çağırdığımız "təcili yardım"la birinci onu, sonra ikinci gələn "təcili yardım"la da Sənubər adlı qadını yola saldıq. İlduzə xanım pis halda haradasa yarım saatdan çox hadisə yerində qaldı. O, Sənubəri "təcili yardım"la yola salana kimi orada idi".

Şahid Nurlan Hüseynov həmin vaxt ətrafdakı obyektdə işlədiyini deyib:

"Dəmir rəngləyirdim. Anidən gördüm ki, İlduzə xanım maşınını döndərmək istəyəndə, arxadan böyük sürətlə gələn maşın bir neçə dəfə fırlanıb boşluğa aşdı. Müjgan xanımın telefonu ilə "təcili yardım"a zəng elədilər, özüm danışdım həkimlə, vəziyyəti izah elədim. Arzum həmin vaxt orada idi, vəziyyəti pis idi. Sonra tanımadığım vətəndaş onları apardı".

Növnəti proses 7 avqust saat 10:30-a qalıb.

Qeyd edək ki, iyulun 22-də keçirilən məhkəmə prosesində məhkəmə tərkibi İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması barədə qərar vermişdi. Məhkəmə həmçinin İ. Hacıyevanın səhər saat 7-dən axşam saat 11-ə kimi evi tərk etməməsi, sosial şəbəkələrdən ailə üzvləri ilə ünsiyyət istisna olmaqla istifadəsinin qadağan olmasını qərar vermişdi.

Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.

O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar