İstehsalçı tərəfindən açıq şəkildə göstərilən və əsasən videozənglər və ya jestlə idarəetmə üçün istifadə olunan Smart TV kameralarından fərqli olaraq, istifadəçinin xəbəri olmadan quraşdırılan gizli kameralar daha ciddi təhlükə yarada bilər.
Lent.az xəbər verir ki, mütəxəssislər bu barədə xəbərdarlıq edirlər.
Onlar bildirir ki, bəzi Smart TV modellərində daxili kameralar mövcuddur, nadir hallarda isə kənar şəxslər televizora gizli qurğular yerləşdirə bilirlər.
Televizorda kamera olub-olmadığını necə bilmək olar?
Əksər müasir modellərdə daxili kameralar çərçivənin yuxarı hissəsində yerləşir. Bu kameralar adətən pis niyyətlə quraşdırılmır və videozənglər, jestlərin tanınması və ya ağıllı idarəetmə funksiyaları üçün nəzərdə tutulur. Bəzi hallarda istehsalçılar kameranı yan hissədə, aşağı tərəfdə yerləşdirir və ya dekorativ nöqtə kimi gizlədirlər.
Televizorunuzda kamera aşkarladıqda dərhal panikaya düşmək lazım deyil. Əlavə olaraq cihazın ayarlar menyusunu diqqətlə yoxlamaq tövsiyə olunur. Əgər menyuda videozəng, üz tanıma və ya kamera parametrləri ilə bağlı bölmələr varsa, bu, kameranın mövcud olduğuna işarədir.
Televizorda gizli kamera necə aşkar edilir?
İlk növbədə televizorun korpusu diqqətlə yoxlanmalıdır. Daxili kameralar adətən kiçik obyektiv kimi görünür, gizli kameralar isə dekorativ element, ventilyasiya dəliyi, sensor və ya xırda texniki yarıq şəklində maskalana bilər.
Mütəxəssislər belə hallarda güclü fənərdən istifadə etməyi tövsiyə edirlər. İşığı bucaqlı şəkildə yönəltdikdə kamera linzası adətən xarakterik parıltı verir. Bundan əlavə, televizorun arxa paneli, montaj dəlikləri, portlar və qoşulmuş qurğular da yoxlanmalıdır. Çünki kənar şəxslər kiçik USB-kamera və ya Wi-Fi modulunu adi adapter kimi gizlədə bilərlər. Xüsusilə televizor əvvəllər oteldə, kirayə mənzildə olubsa və ya sizdən əvvəl kimsə istifadə edibsə, yoxlama daha diqqətlə aparılmalıdır.
Digər yoxlama üsulu Smart TV-nin şəbəkə aktivliyinə nəzarət etməkdir. Əgər kamera və səs funksiyaları söndürülmüş vəziyyətdə olsa belə, televizor məlumat ötürürsə, bu, şübhə doğura bilər. Bəzi modellərin ayarlarında qoşulmuş qurğuların siyahısını görmək mümkündür və orada naməlum modullar aşkar edilə bilər.
Gizli kamera aşkar edilərsə nə etməli?
Əgər televizorda gizli kamera tapmısınızsa və bu sizi narahat edirsə, dərhal ayarlar menyusuna daxil olaraq məxfilik və təhlükəsizlik bölmələrini yoxlayın. Bu parametrlər bəzən alt menyularda gizlədilə bilər, ona görə də “Məxfilik”, “İcazələr”, “Ağıllı funksiyalar”, “Səs və video” kimi bölmələr diqqətlə araşdırılmalıdır.
Kamera ilə bağlı bütün tanımadığınız və istifadə etmədiyiniz funksiyaları söndürmək tövsiyə olunur. Buraya səsli idarəetmə, jestlə idarəetmə, fərdiləşdirilmiş reklamlar və kameradan istifadə edən digər ağıllı xidmətlər daxildir. Şübhə yaranarsa, televizorun internetə çıxışını məhdudlaşdırmaq da məsləhət görülür.
Qeyd edilir ki, kamera olmasa belə, Smart TV-lər baxış tarixçəsi və səsli komandalar daxil olmaqla müəyyən məlumatları toplaya bilər. Buna görə istifadəçilərə məxfilik ayarlarını mütəmadi yoxlamaq və cihazlarına diqqətli yanaşmaq tövsiyə olunur.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, lazımi portları olmayan Smart TV almaq məsləhət deyil. Çünki ən müasir televizor belə düzgün portlar olmadıqda funksiyalarının yarısını itirir. Bundan əvvəl isə keyfiyyətsiz və ucuz modellərdən uzaq durmağın vacibliyi barədə də məlumat verilmişdi.