ai.com domenini 70 milyon dollara  kim aldı?
12 fevral 2026 12:14 (UTC +04:00)

ai.com domenini 70 milyon dollara kim aldı?

0

İnternetdə ən qısa və semantik baxımdan ən dəyərli domenlərdən biri olan AI.com rekord məbləğə, 70 milyon ABŞ dollarına satılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun alıcısı Kris Marşalek olub.

O, kriptovalyuta platforması Crypto.com-un həmtəsisçisi və baş icraçı direktorudur. Marşalek sövdələşməni X (keçmiş Twitter) sosial şəbəkəsində təsdiqləyib.

Məlumata görə, ödəniş tam şəkildə kriptovalyuta ilə həyata keçirilib. Bu məbləğ 2019-cu ildə Voice.com domeninin 30 milyon dollara satılması ilə müəyyən olunan əvvəlki açıq rekordu iki dəfədən çox üstələyir.

Sövdələşmənin brokeri, Larri Fişer (GetYourDomain.com) bildirib ki, razılaşma hələ 2025-ci ilin aprelində bağlanıb, lakin detalları yalnız indi ictimaiyyətə açıqlanıb. Qeyd olunur ki, satıcı əvvəlcə domeni 100 milyon dollara təklif etsə də, yekun qiymət 70 milyon dollar olub.

Marşalek bu alışı simvolik hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, müasir texnologiyalar üçün açar hesab olunan iki domenə Crypto.com və AI.com-a sahib olmaq xüsusi məna daşıyır.

Yeni sahib domeni süni intellekt sahəsində iddialı layihə üçün istifadə etməyi planlaşdırır. AI.com platforması istifadəçi adından real tapşırıqları yerinə yetirə bilən avtonom süni intellekt agentlərinin mərkəzsizləşdirilmiş şəbəkəsi kimi təqdim olunur. Bu agentlər maliyyə əməliyyatları apara, cədvəlləri idarə edə, tətbiqlərlə qarşılıqlı əlaqə qura və hətta tanışlıq saytlarındakı profilləri yeniləyə biləcəklər.

Xidmətin rəsmi təqdimatı 8 fevral 2026-cı ildə Milli Futbol Liqasının final oyunu Super Bowl yayımı zamanı göstərilən reklam çarxı ilə eyni vaxta salınıb. Reklam böyük marağa səbəb olub və ziyarətçi axını nəticəsində saytın işi müvəqqəti olaraq dayanıb.

Hərçənd bu sövdələşmə açıq şəkildə açıqlanan ən böyük domen alışı kimi qiymətləndirilir, tarixdə daha iri əməliyyatlar da olub. Məsələn, Cars.com domeni 2014-cü il sövdələşməsindən sonra maliyyə hesabatlarında 872,3 milyon dollar dəyərində qeyri-maddi aktiv kimi göstərilib.

Buna baxmayaraq, AI.com domeninin alınması süni intellekt bumunun fonunda rəqəmsal daşınmaz əmlakın sürətlə dəyər qazanmasını və kriptoindustriyanın bu sahəyə strateji marağını açıq şəkildə nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar