Android telefonlarında təhlükəsizlik baxımından ən vacib funksiyalardan biri standart olaraq deaktiv vəziyyətdədir və bir çox istifadəçi onun mövcudluğundan belə xəbərsizdir. Söhbət Advanced Protection (“Genişləndirilmiş qoruma”) rejimindən gedir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Google telefonun təhlükəsizliyini artırmaq üçün çoxsaylı ayarları ayrıca axtarmaq əvəzinə, bütün əsas qoruma mexanizmlərini bir düymə altında birləşdirib.
Bu rejim oğurluq, sındırma və fırıldaqçılıq risklərini minimuma endirməyə kömək edir. Mahiyyət etibarilə bu, Apple cihazlarındakı Lockdown Mode funksiyasının Android versiyasıdır. Funksiya standart olaraq aktiv edilmir, çünki sərt təhlükəsizlik ayarları gündəlik istifadəyə müəyyən məhdudiyyətlər yarada bilər. Lakin təhlükəsizliyi prioritet hesab edirsinizsə, onu aktivləşdirmək tövsiyə olunur.
Androiddə genişləndirilmiş qorumanı necə aktiv etmək olar?
Advanced Protection funksiyası üçün Android 16 tələb olunur. Buna görə əvvəlcə smartfonunuzun ən son versiyaya yeniləndiyinə əmin olun:
Ayarlar > Sistem > Proqram təminatının yenilənməsi bölməsinə keçin və mövcud yeniləmələri quraşdırın.
Daha sonra aşağıdakı addımları yerinə yetirin:
“Ayarlar”ı açın. “Təhlükəsizlik və məxfilik” bölməsinə daxil olun.
Aşağı diyirlədərək “Əlavə qoruma” bölməsini seçin.
“Cihazın qorunması” funksiyasını aktiv edin.
Təsdiqləyin və tələb olunarsa telefonu yenidən başladın.
Advanced Protection aktiv edildikdən sonra altı əsas qoruma kateqoriyası (Tətbiqlər, Təhlükəsizlik, Mesajlar, Şəbəkə, Zənglər və Veb) bir ümumi keçid altında birləşdirilir və deaktiv edilə bilməz.
Bu rejim aşağıdakı imkanları təmin edir:
Üçüncü tərəf APK fayllarının bloklanması və daimi virus yoxlaması.
Spam filtrasiya və şübhəli keçidlər barədə xəbərdarlıq.
Təhlükəsiz olmayan 2G şəbəkələrindən qorunma.
Şübhəli zənglərin və spam çağırışların avtomatik yoxlanılması.
Fişinq saytlarının bloklanması və Chrome-da gücləndirilmiş HTTPS qoruması.
Bundan əlavə, sistem fon rejimində işləyir və smartfonun sensorlarından istifadə edərək şübhəli aktivliyi aşkarlayır. Süni intellekt alqoritmi qeyri-adi, kəskin hərəkətləri (məsələn, telefonun qəfil əldən alınması kimi) aşkar edərsə, ekran avtomatik olaraq kod-parolla kilidlənir. Ekspertlərin sözlərinə görə, bu funksiyanın aktivləşdirilməsi cihazın iş sürətinə təsir göstərmir.
Əsas məhdudiyyətlər "Google Play"dən kənar tətbiqlərin quraşdırıla bilməməsi və spam/zəng filtrlərində müəyyən dəyişikliklərin ola bilməsidir. Əlavə olaraq qeyd edilir ki, yayılan məlumatlara görə Apple yaxın vaxtlarda iPhone 17e modelini təqdim edə bilər. Bu modeldə 25 Vt gücündə MagSafe şarj dəstəyi olacağı bildirilir.