iPhone, iPad və ya Mac istifadə etdiyiniz zaman heç düşündünüzmü, niyə dünyanın ən tanınan texnologiya şirkətlərindən biri Apple adlanır? Microsoft və NVIDIA kimi texniki səslənən adların fonunda “Apple” həm canlı, həm də yadda qalan təsir bağışlayır.
Lent.az xarici mediaya istinadla şirkətin adının ortaya çıxması ilə bağlı maraqlı detala diqqət çəkir.
Adın ideyası pəhrizdən yarandı
Apple adı marketinq iclaslarının məhsulu olmayıb. Bu fikir Stiv Cobsun fruktoryan pəhrizi zamanı yaranıb. O dövrdə o, alma ilə qidalanır və bu meyvəyə bağlı yaşayırdı.
Cobs almabaxçasına səfərdən qayıdarkən şirkətə “Apple Computer” adını təklif edib. O, adın “şən, canlı və qorxuducu olmayan” səsləndiyini qeyd edirdi. Bu isə sadə insanlar üçün əlçatan kompüterlər yaratmaq istəyən şirkət üçün ideal uyğunluq idi.
Hüquqi narahatlıq və Beatles faktoru
Həmtəsisçi Stiv Voznyak ideyanı dərhal qəbul etməyib. Çünki həmin vaxt məşhur The Beatles qrupunun Apple Corps adlı musiqi şirkəti olub və ad oxşarlığı hüquqi problem yarada bilərdi. Sonradan bu narahatlıq reallaşıb, Apple brendi trademark mübahisəsinə görə kompensasiya ödəməli olub.
Bununla belə, o dövrdə müzakirə olunan “Executex” və ya “Matrix Electronics” kimi daha texniki adlar nə səs harmoniyası, nə də fəlsəfi baxımdan qəbul edilə bilməyib.
Telefon kitabçasının rolu
Ad seçiminin daha praktik yanaşması da olub, Apple adı telefon kitabçasında Atari-dən əvvəl yerləşəcəkdi. Bu isə şirkətə rəqiblərdən öndə görünmək üçün pulsuz reklam imkanı qazandırırdı.
Sadəlik, müsbət assosiasiya, insanlara yaxınlıq və bir az da praqmatiklik. Bu amillərin birləşməsi Apple adının uzunmüddətli uğurunun səbəbi hesab olunur.