Bu laboratoriyada insan beynindən kompüter  hazırlanır
08 oktyabr 2025 14:06 (UTC +04:00)

Bu laboratoriyada insan beynindən kompüter hazırlanır

0

Alimlər “süni beyinlərə” qarşı xüsusi simpatiya hissi bəsləmirlər, onların fikrincə, bunlar sadəcə başqa materialdan hazırlanmış kompüterlərdir. BBC jurnalisti Zoi Klaynman İsveçrənin FinalSpark laboratoriyasına baş çəkib və burada alimlərin üzərində işlədiyi qeyri-adi texnologiyanı - Wetware adlanan miniatür “beyin orqanidlərini” öz gözləri ilə görüb. Bu orqanidlər sınaq borularında insanın dəri hüceyrələrindən əldə edilən kök hüceyrələr vasitəsilə yetişdirilir və kiçik neyron yığınlarından ibarət olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onlar siqnal ötürmək və məlumat emal etmək qabiliyyətinə malikdirlər, amma bu proses hələ çox sadə səviyyədədir.

Mini-beyinlər necə yaradılır

Orqanidlərin hazırlanması adi dəri hüceyrələrinin yenidən proqramlaşdırılması ilə başlayır. Bu hüceyrələr kök hüceyrələrə çevrilir və daha sonra laborator şəraitdə böyüdülərək “mini-beyinlərə” çevrilir. Mikroskop altında onlar bir neçə kiçik ağ kürəcik kimi görünürlər.

Lakin bu strukturlar hələ çox kövrəkdir və təxminən dörd ay yaşayırlar, çünki hazırda insan beynində olduğu kimi onları qidalandıran qan dövranı sistemini süni şəkildə yaratmaq mümkün deyil. Maraqlıdır ki, bəzi hallarda orqanidlər “ölüm” ərəfəsində qısa müddətli aktivlik artımı göstərirlər, lakin alimlər bunu sadəcə bioloji reaksiya kimi qiymətləndirirlər və romantik mənalar yükləmirlər. Onların fikrincə, bu orqanidlər canlı deyil, sadəcə başqa materialdan düzəldilmiş kompüterlərdir.

Beyin-kompüterlər necə işləyir

FinalSpark laboratoriyasındakı biokompyuterlərdə bu “beyin hissəcikləri” elektrodlar vasitəsilə kompüter sisteminə qoşulur və sadə klaviatura komandalarına reaksiya verə bilir. Onların fəaliyyəti elektroensefaloqrammaya (EEQ) bənzər qrafiklərlə izlənilir.

Bu sahədə tədqiqatlar yalnız "FinalSpark"la məhdudlaşmır. Dünyanın müxtəlif laboratoriyalarında süni neyronlar artıq “Pong” kimi klassik oyunları öyrənməyə, həmçinin Alzheimer və autizm kimi xəstəliklərə qarşı dərman sınaqları üçün istifadə olunmağa başlanıb.

Gələcəyin məqsədi - bioloji və süni ağlın birləşməsi

Alimlər ümid edirlər ki, gələcəkdə Wetware texnologiyası ənənəvi mikrosxemləri əvəz etməyəcək, əksinə onları tamamlayacaq. Bu, insan beyninə xas sürət və enerji səmərəliliyini kompüterlərə qazandırmağa kömək edə bilər.

Qeyd edək ki, daha əvvəl ABŞ alimləri insan düşüncələrini oxuya bilən beyin implantı hazırlamışdılar, ilkin sınaqlarda bu cihazın “fikirləri oxuma dəqiqliyi” 74 faiz təşkil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar