Uzun illərdir smartfon bazarında Apple məhsulları üstünlük təşkil etsə də, tarixdə ən çox satılan mobil telefon modeli iPhone olmayıb. Araşdırmalara görə, rekord hələ də 2000-ci illərin əvvəllərində təqdim olunan düyməli Nokia 1100 modelinə məxsusdur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2003-cü ildə satışa çıxarılan bu telefon sadəliyi, möhkəmliyi və aşağı qiyməti sayəsində qlobal fenomenə çevrilib. Model dünya üzrə 250 milyon ədəd satılıb və mobil telefon tarixinin ən uğurlu cihazı hesab olunur.

Reytinqdə ikinci yeri Nokia 1110 tutur. Bu modeldən ümumilikdə 248 milyon ədəd satılıb. İlk üçlüyü isə iPhone 6 və iPhone 6 Plus tamamlayır. Hər iki model birlikdə 224 milyon satış göstəricisinə çatıb.
Mütəxəssislər bildirirlər ki, həmin dövrdə bazarda rəqabətin daha az olması Nokia telefonlarının uğurunda mühüm rol oynayıb. Şirkətin əsas üstünlüyü isə əlçatan qiymət siyasəti olub.
Nokia 1100 təxminən 100 dollara, Nokia 1110 isə təxminən 78 dollara satılırdı. Müqayisə üçün, həmin dövrün məşhur modellərindən olan Motorola Razr V3 449 dollar qiymətə təklif edilirdi.
Qeyd olunur ki, hətta ilk iPhone təqdim edildikdən sonra belə, milyonlarla insan uzun müddət Nokia telefonlarından istifadə etməyə davam edib. Təkcə 2011-ci ildə Afrikada təxminən 50 milyon Nokia 1100 istifadədə olub.
Ekspertlərin fikrincə, bu rekordun yaxın gələcəkdə qırılması çətin görünür. Hazırda smartfon bazarında Apple, Samsung, Xiaomi və Huawei kimi çoxsaylı iri istehsalçılar fəaliyyət göstərir və bazar payı daha bərabər bölünüb.
Bundan əlavə, istifadəçilər artıq telefonlarını daha uzun müddət istifadə etdikləri üçün satış rekordlarının yenilənməsi əvvəlki illərlə müqayisədə daha çətin hesab olunur.