Yaxın zamanda ChatGPT-də reklamlar görünəcək. OpenAI şirkəti reklam bloklarının birbaşa çat-botla yazışmaların daxilində test edilməsinə start verir.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Şirkət bunu “faydalı tövsiyələr” formatında təqdim edir. Məsələn, istifadəçi yemək resepti istədikdə ChatGPT cavabın sonunda evə ərzaq çatdırılması ilə bağlı seçimlər təklif edə bilər. Başqa bir ölkə haqqında sual verildikdə isə otel bronlama xidmətlərinə keçid linkləri göstərilə bilər. Bu tip elanlar cavabın aşağı hissəsində yerləşəcək və xüsusi şəkildə işarələnəcək.
Reklamları deaktiv etmək üçün isə ChatGPT Plus, Pro və ya Enterprise abunəliyi lazım olacaq. Bundan əlavə, 18 yaşdan aşağı istifadəçilərə reklam göstərilməyəcəyi bildirilir. Həmçinin sağlamlıq, psixologiya və siyasət kimi həssas mövzularla bağlı söhbətlərdə reklamların çıxmayacağı qeyd olunur.
OpenAI vurğulayır ki, reklamverənlər istifadəçilərin yazışmalarına çıxış əldə etməyəcək və reklamların göstərilməsinə birbaşa təsir göstərə bilməyəcəklər.
Məlumata görə, reklamların test mərhələsi yaxın həftələrdə başlayacaq və ilkin olaraq yalnız ABŞ-da tətbiq ediləcək. Daha sonra isə xidmətin mövcud olduğu digər ölkələrdə də aktivləşdiriləcək. Bu siyahıya Ukrayna da daxildir.
Qeyd edək ki, OpenAI reklamların ChatGPT-yə inteqrasiya olunacağını hələ 2024-cü ildə açıqlamışdı. Şirkətin həmtəsisçisi Sem Altman isə süni intellekt və reklamın birləşməsinin etik suallar yarada biləcəyini və istifadəçi etibarını azalda biləcəyini bildirmişdi.