"ChatGPT" ekstremizmə meyilli istifadəçiləri müəyyən edərək, onları "deradikallaşdırmaq" məqsədilə xüsusi çat-botlara yönləndirəcək.
Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bu təşəbbüs artan məhkəmə iddiaları fonunda süni intellekt sahəsindəki təhlükəsizlik problemlərini həll etmək cəhdidir. Yeni alətin hazırlanması ilə Yeni Zelandiyanın "ThroughLine" startapı məşğul olur. Şirkət bu layihədə "OpenAI" ("ChatGPT"), "Anthropic" və "Google" kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq edir.
"ThroughLine" hazırda istifadəçilərin sorğularında özünə zərər yetirmə, məişət zorakılığı və ya qida qəbulu pozuntuları (anoreksiya və s.) ilə bağlı risklər aşkar etdikdə, onları böhran dəstəyi xidmətlərinə yönləndirir. İndi isə təşkilat öz funksionallığını genişləndirərək zorakı ekstremizmin qarşısını almağa çalışır.
Layihə çərçivəsində internetdə nifrətin yayılmasına qarşı mübarizə aparan "The Christchurch Call" təşəbbüsü ilə birgə fəaliyyət göstəriləcək. "The Christchurch Call" ekstremist məzmun aşkar edildikdə ekspert tövsiyələri təqdim edəcək, "ThroughLine" isə operativ müdaxilə üçün xüsusi çat-botun proqram təminatını hazırlayacaq.