VibeLens şirkətinin mütəxəssisləri 2K keyfiyyətli kamera ilə təchiz olunmuş simsiz MusicCam qulaqlıqlarını təqdim ediblər. İstehsalçılar bu cihazı həm həcimli ekşn-kameraların, həm də suya qarşı zəif müdafiəyə malik smart eynəklərin alternativi kimi təqdim edir. Yeni qurğu istifadəçiyə “birinci şəxs baxışı ilə (POV)” çəkilişdə tam azadlıq imkanı verir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq uğurla maliyyə toplayan MusicCam, musiqi dinləmə, danışıq və yüksək keyfiyyətli video çəkilişi funksiyalarını birləşdirir. Cəmi 50 qram çəkisi olan bu hibrid cihaz istifadəçiyə anı qaçırmadan, baş verənləri eyni anda lentə almağa imkan yaradır.
Texnologiyalar: 2K video, sümük keçiriciliyi və süni intellekt
"MusicCam"ın əsasını 6 oxlu HD kamera təşkil edir. O, 2K keyfiyyətdə video çəkir və 180 dərəcəlik geniş bucaq təmin edir. Linzanın 30 dərəcə bucaq tənzimləmə imkanı var, bu da istənilən səhnəni daha dəqiq çəkməyə kömək edir.
Səs texnologiyası: Qulaqlıqlar sümük keçiriciliyi (bone conduction) prinsipi ilə işləyir, yəni qulaqları açıq saxlayır. Bu, xüsusilə velosiped sürərkən, qaçarkən və ya söhbət zamanı təhlükəsizliyi təmin edir.
Rabitə: İki mikrofon aktiv səsboğucu sistem (ENC) ilə təchiz olunub. Bu sistem istifadəçinin səsini külək, nəqliyyat və kütlə səsindən effektiv şəkildə ayırır.
Süni intellekt: Daxili AI sistemi Smart Vision, unikal imkanlar təqdim edir. O, 100-dən çox dili real vaxt rejimində tərcümə edə bilir, lövhə, menyu və ya görməli yerləri tanıyır. İstifadəçi süni intellektə sual verərək məkan, istiqamət və ya hava proqnozu barədə məlumat ala bilər.
Etibarlılıq və enerji dayanıqlığı
MusicCam IPX8 səviyyəli suya davamlılıq sertifikatına malikdir yəni 20 metr dərinliyə qədər suya batırıla bilər. Bu, cihazı üzgüçülük və sualtı çəkilişlər üçün də yararlı edir. 600 mA/saat tutumlu batareya 2,6 saat fasiləsiz video çəkilişi və ya 15 saata qədər musiqi dinləməni təmin edir. Bundan əlavə, sürətli enerji yığma funksiyası var batareya cəmi 15 dəqiqəyə 80 faiz dolur.
İdarəetmə həm korpus üzərindəki düymələrlə, həm də mobil tətbiq vasitəsilə mümkündür. İstifadəçi şaquli formatı (TikTok, Reels üçün) və ya 16:9 formatını (YouTube üçün) seçə bilər. Cihaza 32 GB daxili yaddaş daxildir, bu da çəkilən videoların saxlanmasını və paylaşılmasını asanlaşdırır.
Qiymət və maraq səviyyəsi
Kickstarter mərhələsində MusicCam 199 ABŞ dollarına təklif olunur. Pərakəndə satış qiymətinin isə 399 dollar olacağı gözlənilir. Layihə artıq 372 000 dollardan çox investisiya cəlb edib bu da istifadəçilərin “ağıllı” qulaqlıqlara olan yüksək marağını təsdiqləyir.