Dünyada İLK:   üçlü qara dəlik sistemi kəşf edildi -VİDEO
20 avqust 2025 14:32 (UTC +04:00)

Dünyada İLK: üçlü qara dəlik sistemi kəşf edildi -VİDEO

Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, onlar ulduz kütləli 3 qara dəlikdən ibarət və cazibə qüvvəsi ilə bir-birinə bağlı olan ilk sistemi kəşf ediblər. Astronomlar qravitasiya dalğalarını analiz ediblər. Bu dalğalar qravitasiya dalğası detektorları tərəfindən qeydə alınıb və əvvəllər ulduz kütləli 2 qara dəlikdən ibarət sistemdən gəldiyi güman olunurdu. Həmin 2 qara dəlik birləşərək daha böyük bir qara dəlik yaratmışdı. Yeni raşdırma isə, sistemdə üçüncü qara dəliyin mövcudluğuna işarə edən anormal sürətlənmə əlamətlərini ortaya qoyub. Qara dəliklər birləşərkən kosmosa qravitasiya dalğaları yayılır. Qravitasiya dalğaları ilk dəfə 10 il əvvəl müşahidə olunandan bəri astronomlar artıq təxminən 300 qara dəlik birləşməsi hadisəsi qeydə alıblar.

Bu hadisələr zamanı 2 qara dəlik bir-birinə yaxınlaşır və nəticədə daha böyük tək bir qara dəliyə birləşirlər, bu zaman isə güclü qravitasiya dalğaları yayılır. Qravitasiya dalğalarındakı siqnalların analizi birləşmədə iştirak edən iki qara dəliyin kütləsinin nə qədər olduğunu göstərməyə imkan verir. Bəzi birləşmələr isə “ierarxik birləşmə” adlandırılan prosesi göstərir. Bu, getdikcə daha böyük qara dəliklərin yaranmasına səbəb olan ardıcıl birləşmələr zənciridir. Bu, ulduz kütləli qara dəliklərin formalaşma zamanı müəyyən bir kütlə həddinə malik olması ilə bağlıdır. Yəni nəhəng bir ulduz supernova partlayışı zamanı xarici qatlarını atır və yalnız nüvə qalır, bu nüvə öz cazibəsi nəticəsində sıxılaraq qara dəliyə çevrilir. Əgər ulduz müəyyən kütlə həddini aşarsa, bu zaman bütün ulduz - nüvə də daxil olmaqla - tam şəkildə partlayır və yalnız qalıq parçaları geridə qalır.

Buna görə də əgər astronomlar bu həddi aşan kütləyə malik bir qara dəlik aşkar edirlərsə, nəticəyə gəlirlər ki, o, əvvəlki qara dəlik birləşmələrinin məhsuludur. GW190814 sistemində kütləsi həddi aşan bir qara dəlik yox idi. Bu sistemdəki qara dəliklərdən biri indiyə qədər aşkar edilmiş ən kiçik qara dəlik hesab olunur. Onun kütləsi Günəşin kütləsindən cəmi 2.6 dəfə böyük idi. Digər qara dəlik isə daha böyük idi - onun kütləsi Günəşin kütləsindən 23 dəfə artıq idi. Bu kütlə nisbəti ulduzların təkamül modellərinin proqnozlarını üstələyir: adətən ikili sistemlər oxşar ölçüdə obyektlərdən ibarət olur. Astronomlar hesab edirlər ki, bu qara dəliklərin kütlə fərqi onların mürəkkəb keçmişinə işarə edir.
     

Ehtimal olunur ki, bu 2 qara dəlik daha böyük üçüncü bir qara dəliyin cazibəsi ilə bir araya gəlib və onun ətrafında dövr ediblər. Alimlər qara dəliklərin birləşməsi nəticəsində yaranan qravitasiya dalğaları ilə bağlı məlumatları diqqətlə öyrəniblər. Üçüncü, daha böyük qara dəliyin ətrafında fırlanan qara dəlik cütlüyü orbit hərəkətinə görə əlavə sürətlənmə göstərməlidir. Alimlər bu effektin necə müşahidə olunacağını müəyyənləşdiriblər və sonra modellərini GW190814 müşahidə məlumatları ilə müqayisə ediblər. Araşdırma göstərdi ki, işığın sürətinin 0.0015-i qədər sürətlənmə mövcud olub və bu nəticənin təxminən 90% etibarlılıq səviyyəsi var.

Bu isə üçüncü bir qara dəliyin mövcudluğuna işarə edir. Bu nəticə onu göstərə bilər ki, qara dəliklərin birləşməsi - heç olmasa bəzi hallarda - əvvəl güman edildiyindən daha mürəkkəb şəraitdə baş verə bilər. Bundan əlavə, bu kəşf ierarxik birləşmələrə dair əlavə sübut təqdim edir və üç qara dəlikdən ibarət sistemlərin mövcudluğunu təsdiqləyir. Belə sistemlərdə birləşmələr baş verə bilər. Alimlər bildirirlər ki, bu, üçlü qara dəlik sisteminin və 2 qara dəliyin birləşməsi zamanı üçüncü obyektin iştirakına dair açıq sübutların ilk kəşfidir. Onlar belə nəticəyə gəliblər ki, GW190814 sistemindəki 2 qara dəlik böyük ehtimalla izolyasiya olunmuş şəkildə yaranmayıb, əksinə, daha mürəkkəb bir cazibə sisteminin tərkib hissəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar