Evdə Wi-Fi siqnalının zəifləməsi ilə qarşılaşan insanların çoxu ilk növbədə daha bahalı və yeni router almağı düşünür. Lakin mütəxəssislər bildirirlər ki, əksər hallarda problem cihazın özündə deyil. Bu barədə MakeUseOf nəşri yazıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, routerin əsas vəzifəsi internet trafikinin idarə olunmasıdır.
O, interneti ev şəbəkəsinə paylayır, lakin mənzilin bütün otaqlarında mükəmməl siqnal təmin etmək üçün nəzərdə tutulmayıb. Buna görə də məqsəd evdəki zəif siqnal olan zonaları aradan qaldırmaqdırsa, yeni router almaqdansa, əlavə giriş nöqtəsi quraşdırmaq daha səmərəli həll sayılır.
Bir çox istifadəçi bu problemi Wi-Fi gücləndiricisi ilə həll etməyə çalışır. Ancaq bu cihazlar siqnalı simsiz qəbul edib yenidən ötürdüyü üçün internet sürəti adətən iki dəfə azalır. Giriş nöqtəsi isə routerə kabel vasitəsilə qoşulduğundan siqnalı sürət itkisi olmadan yayır.
Əgər evdə köhnə ikinci routerdən istifadə edilirsə, onu mütləq AP (Access Point) rejiminə keçirmək tövsiyə olunur. Əks halda ikiqat NAT problemi yarana bilər ki, bu da onlayn oyunlarda, internet zənglərində və şəbəkə yaddaş qurğularının işləməsində müxtəlif nasazlıqlara səbəb ola bilər.
Yeni avadanlıq almamışdan əvvəl mütəxəssislər mənzildə siqnalın zəif olduğu yerləri xüsusi Wi-Fi analiz proqramları ilə müəyyən etməyi məsləhət görürlər. Onların sözlərinə görə, router antenalarının düzgün yerləşdirilməsi də əhatə dairəsinə ciddi təsir göstərir. Ən yaxşı nəticə antenalardan biri şaquli, digəri isə üfüqi vəziyyətdə olduqda əldə edilir.
Bəzi istifadəçilər problemi həll etmək üçün şəbəkəni kabel vasitəsilə çəkir və ya elektrik xətləri üzərindən internet ötürən Powerline adapterlərindən istifadə edirlər. Lakin elektrik şəbəkəsində yaranan gərginlik dəyişiklikləri və elektromaqnit maneələri bu cihazların işini qeyri-sabit edə bilər.
Bundan başqa, ucuz USB-Ethernet adapterləri də gözlənilən nəticəni vermir. Bu qurğular kifayət qədər soyutma sistemi olmadığı üçün tez qızır və nəticədə internet sürəti nəzərəçarpacaq dərəcədə azalır.
Ekspertlər bildirirlər ki, bəzən heç bir əlavə avadanlığa ehtiyac olmur. İnternet qəfil yavaşıyıbsa, routeri təxminən 30 saniyə söndürüb yenidən işə salmaq kifayət edə bilər. Bu sadə üsul cihazın yaddaşını təmizləyir və yaranmış şəbəkə problemlərini aradan qaldıra bilir.
Digər vacib məqam isə kanal enidir. Bir çox istifadəçi daha geniş kanalın həmişə daha sürətli internet verdiyini düşünür. Əslində isə çoxmənzilli binalarda geniş kanallar qonşu Wi-Fi şəbəkələrinin yaratdığı maneələri daha çox qəbul edir. Buna görə də 2,4 GHz diapazonunda kanal enini 40 MHz əvəzinə 20 MHz seçmək bağlantının sabitliyini və real internet sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Mütəxəssislər sonda istifadə etdiyiniz routerin Mesh texnologiyasını dəstəkləyib-dəstəkləmədiyini də yoxlamağı tövsiyə edirlər. Məsələn, ASUS AiMesh və ya TP-Link OneMesh sistemləri mövcud routerə uyğun giriş nöqtəsi əlavə etməklə bütün evdə vahid və fasiləsiz Wi-Fi şəbəkəsi yaratmağa imkan verir. Beləliklə, bahalı avadanlıq almağa və bütün şəbəkəni yenidən qurmağa ehtiyac qalmır.