Müasir rəqəmsal köməkçilər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib – hava proqnozunu öyrənmək və ya xatırlatmalar qurmaq üçün istifadə olunur. Lakin bu rahatlığın qarşılığında çox vaxt məxfilikdən imtina etməli oluruq. Çünki cihazlar sizin birbaşa razılığınız olmadan ətraf səsləri qeydə ala bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əksər müasir telefonlarda daxili səsli köməkçi – xüsusilə Google Assistant mövcuddur. Sürətli reaksiya vermək üçün cihaz daim ətraf səsləri “dinləyir” və aktivləşdirici sözləri gözləyir.
Mütəxəssislər bildirir ki, səs yazısı yalnız “kod söz” deyildikdən sonra başlayır. Lakin sistem mükəmməl deyil. Bənzər səslər və ya fon səs-küyü səhv aktivləşməyə səbəb ola bilər. Bu zaman şəxsi danışıqlarınız qeydə alınıb şirkətin serverlərinə ötürülə bilər.
Bu funksiyanı necə söndürmək olar?
“Ses və audio aktivliyi” funksiyası adətən deaktiv olur. Amma istifadəçilər telefonun ilkin qurulması zamanı şərtləri oxumadan təsadüfən onu aktiv edə bilirlər.
Telefonunuzda bu funksiyanın aktiv olub-olmadığını yoxlamaq üçün:
• “Ayarlar” bölməsini açın
• Google bölməsinə keçin
• “Məlumatlar və məxfilik” hissəsini seçin
• “Tətbiq və veb tarixçəsi” bölməsində “Audio aktivliyi daxil edilsin” seçimini tapın və işarəni götürün
Artıq saxlanılmış səs yazılarını silmək üçün “My Activity” səhifəsindən istifadə edə və ya köməkçini söndürməzdən əvvəl səsli əmrlə silmə funksiyasını işə sala bilərsiniz.