OpenAI yeni modeli GPT-5-in "xasiyyətini bir qədər yumşaltmaq" qərarına gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftənin cümə günü şirkət elan etdi ki, süni intellekti yeniləyərək onu "daha isti və mehriban" edir. GPT-5-in təqdimatı əvvəl planlaşdırıldığı qədər problemsiz keçmədi. Şirkətin baş direktoru Sam Altman etiraf edib ki, buraxılış "bizim gözlədiyimizdən bir qədər daha gərgin" oldu. Bir çox istifadəçi açıq şəkildə bildirib ki, əvvəlki GPT-4o onlara daha çox xoş gəlirdi - çünki yeni modelin tonu çox quru və uzaq səslənirdi. İndi isə OpenAI GPT-5-ə kiçik “insani” əlavələr edib: məsələn, "Yaxşı sualdır" və ya "Əla başlanğıcdır" kimi ifadələr.
Tərtibatçıların sözlərinə görə, bu ifadələr yaltaqlıq məqsədi daşımır, sadəcə danışıq tonunu daha təbii göstərmək cəhdidir. Şirkət bildirib ki, daxili testlər bu versiyada əvvəlki ilə müqayisədə yaltaqlıq səviyyəsinin artmadığını göstərib. OpenAI rəhbərliyi jurnalistlərlə şam yeməyi zamanı diqqəti GPT-5-dən sonrakı planlara yönəltməyə çalışsa da, uğursuz start yenə də əsas müzakirə mövzusu olaraq qalırdı. Şirkətin vitse-prezidenti Nick Turley izah edib ki, yeniləməyə qədər model "çox birbaşa və sərt" idi, lakin indi ünsiyyətdə daha isti olacaq. Başqa sözlə, GPT-5 rəsmi olaraq “nəzakət kurslarından” keçib. Lakin yeni versiyanın istifadəçilərin xoşuna gəlib-gəlməyəcəyi hələ açıq sualdır.