Bu model paltar yuma effektivliyinə görə çox aşağı qiymət alıb və üstəlik kifayət qədər səsli işləyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tez-tez belə olur ki, yeni məişət texnikası köhnəsindən daha tez sıradan çıxır. Bunun mümkün səbəblərindən biri odur ki, bəzi istehsalçılar cihazları yalnız zəmanət müddəti ərzində işləyəcək şəkildə hazırlayırlar.
Bəzi paltaryuyan maşın modelləri geyimləri yaxşı təmizləyir və eyni zamanda bir çox əlavə funksiyalar və rejimlər təklif edir. Lakin bəzi modellər bu baxımdan xeyli zəif nəticə göstərib: onlar hətta lazımi səviyyədə yuma keyfiyyətini təmin edə bilməyiblər.
Ən zəif nəticə göstərən model isə Midea MLTW41A1BWW olub. Bu model paltar yuma effektivliyinə görə çox aşağı qiymət alıb və həm də kifayət qədər səsli işləyib.
Qeyd olunur ki, bu yuxarıdan yüklənən paltaryuyan maşında müxtəlif yuma rejimləri mövcuddur, lakin əgər cihaz paltarı keyfiyyətli yuya bilmirsə, bu funksiyaların böyük əhəmiyyəti qalmır.
Midea şirkəti də paltaryuyan maşın markalarının müqayisəli reytinqində yüksək nəticə göstərməyib və 20 marka arasında 14-cü yeri tutub.
Siyahının yuxarı pillələrində isə GE, LG və Speed Queen qərarlaşıb. Bosch və Miele kimi böyük markalar da ümumilikdə "Midea"dan daha yaxşı nəticə göstəriblər. Midea şirkəti 1968-ci ildə yaradılıb, ilk məişət texnikası xəttini isə 1980-ci ildə istehsal edib. Şirkətin məhsul inkişafı mərkəzlərinin əksəriyyəti Çində yerləşir, lakin Almaniya, İtaliya, Yaponiya və ABŞ-da da ofisləri var.
Midea paltaryuyan maşınlarla yanaşı, istilik-ventilyasiya-kondisioner sistemləri (HVAC), günəş panelləri üçün akkumulyatorlar, soyuducular və tozsoranlar da istehsal edir.
Midea MLTW41A1BWW modeli, Consumer Reports testlərinin nəticələrinə əsasən, yeni paltaryuyan maşın almaq istəyənlər üçün ən yaxşı seçim sayılmır. Bazarda daha yaxşı nəticə göstərən bir çox alternativ mövcuddur, buna görə də alışdan əvvəl hansı funksiyalara həqiqətən ehtiyacınız olduğunu diqqətlə düşünmək tövsiyə olunur.