Apple şirkəti yeni iPhone Air 2 smartfonunun satışa çıxarılmasını müvəqqəti olaraq təxirə salıb. Bununla belə, gecikmənin qəti qərar olmadığı bildirilir. Təxirəsalmanın əsas səbəbi isə əvvəlki model – iPhone 17 Air smartfonunun aşağı satış göstəriciləridir. Ultra-nazik korpusa baxmayaraq, həmin model iPhone 17 seriyasının digər cihazları ilə rəqabətdə üstünlük qazana bilməmişdi.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Əvvəlcə planlaşdırılırdı ki, iPhone Air 2 şirkətin iPhone 18 xəttinə daxil olacaq və bu seriya 2026-cı ilin payızında təqdim olunacaq. Seriyaya həmçinin iPhone 18 Pro, iPhone 18 Pro Max və ilk qatlana bilən model olan iPhone Fold daxil ediləcəkdi. Baza modeli iPhone 18 və daha sərfəli iPhone 18e smartfonlarının isə 2027-ci ilin yazında satışa çıxarılması nəzərdə tutulurdu.
Lakin indi iPhone Air 2-nin çıxışı 2027-ci ilin yazına keçirilib. Yeni modelin arxa panelində iki kameralı modul olacaq və hazırda Apple mühəndisləri bu sistem üzərində işləyirlər.
Mütəxəssislər bildirirlər ki, ikinci obyektivinin inteqrasiya edilməsi cihazın korpus möhkəmliyinin və batareya ömrünün qorunub saxlanılması baxımından çətinlik yarada bilər. Buna görə də modelin təqdimat tarixi yenidən dəyişdirilə bilər.
Qeyd edək ki, ilk iPhone Air modeli istifadəçilər arasında üç əsas məsələ ilə bağlı suallar yaratmışdı: möhkəmlik, enerji davamlılığı və kamera. Testlər nəticəsində cihazın möhkəmliyinin normal olduğu, batareya ömrünün isə gözləntiləri üstələdiyi təsdiqlənmişdi. Tək çatışmazlıq bir kameralı modul idi və Apple bunu Air 2 modelində aradan qaldırmağı planlaşdırır.