İnsanın gördüklərini  bərpa edə bilən   süni intellekt hazırlandı
06 oktyabr 2026 16:56 (UTC +04:00)

İnsanın gördüklərini bərpa edə bilən süni intellekt hazırlandı

0

Alimlər insanın baxdığı görüntünü beyin fəaliyyəti əsasında yenidən yarada bilən süni intellekt sistemi hazırlayıblar. Texnologiya beynin skan edilməsi zamanı toplanan məlumatlardan istifadə edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sistem beynin müxtəlif hissələrinin fəaliyyətini təhlil edərək siqnallarla görüntülər arasındakı əlaqəni müəyyənləşdirir.

Bunun əsasında obyektləri, onların yerləşməsini, rənglərini və görüntünün ümumi quruluşunu bərpa etməyə çalışır. Modelin hazırlanmasında səkkiz könüllünün məlumatlarından istifadə olunub. Onların hər biri yüksək dəqiqlikli funksional maqnit-rezonans tomoqrafiyası fMRT müayinəsi zamanı təxminən 9 min şəkilə baxıb.

Sistemin yeni bir insana uyğunlaşdırılması üçün isə təxminən bir saatlıq beyin fəaliyyəti məlumatı kifayət edir. Bu, əvvəlki oxşar texnologiyalarla müqayisədə xeyli azdır.

Bununla belə, sistem hələ səhvlərə yol verir. Məsələn, sınaqlardan birində tortu üç sendviç, iti isə keçi kimi təsvir edib.

Tədqiqatçılar gələcəkdə texnologiyanın imkanlarını genişləndirmək istəyirlər. Məqsəd yalnız şəkilləri deyil, videoları, səsləri, insanın xəyalında canlandırdığı səhnələri və hətta yuxuları da bərpa edə bilən sistem yaratmaqdır.

Alimlər vurğulayırlar ki, bu texnologiya hələ sözün həqiqi mənasında “fikir oxumur”. O, beyin fəaliyyətində müəyyən edilən qanunauyğunluqlar əsasında insanın gördüyü görüntünü təxmin edir.

Sistem gələcəkdə ağır iflic səbəbindən ünsiyyət qurmaqda çətinlik çəkən insanlara kömək edə bilər. Bununla yanaşı, belə texnologiyalar beyin fəaliyyəti haqqında məlumatların məxfiliyi və insanın razılığı olmadan istifadəsi ilə bağlı suallar doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar