"iPhone" istifadəçiləri batareyanın sürətlə tükənməsindən şikayətlənərkən, mütəxəssislər heç bir parametr dəyişmədən enerjiyə qənaət etməyin sadə üsulunu açıqlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna əsas səbəb çoxları tərəfindən nəzərə alınmayan bildirişlərin yaratdığı əlavə enerji sərfiyyatıdır.
Gün ərzində çoxlu e-poçt, mesaj və digər bildiriş alan istifadəçilərdə "iPhone" ekranı onlarca dəfə yanır. Hər dəfə ekranın aktivləşməsi batareyanın zəifləməsinə səbəb olur.
Mütəxəssislər bildirir ki, telefondan istifadə etmədiyiniz zaman onu ekranı aşağı olmaqla masaya qoymaq enerji itkisini xeyli azaldır. Vibrasiya və ya səs açıq olduğu halda bildiriş yenə də gəlir, lakin ekran işə düşmədiyi üçün batareya sərfi azalır.
Bu üsul Apple-ın iOS 9-la təqdim etdiyi Facedown Detection funksiyası ilə işləyir. Sensorlar telefonun ekranının səthə yönəldiyini aşkar etdikdə, bildiriş gəlsə belə displey yanmır.
Batareyası tez boşalanlar üçün başqa həll də təklif olunur: Parametrlər - Bildirişlər bölməsinə daxil olaraq, tez-tez istifadə olunmayan tətbiqlər üçün bildiriş icazəsini söndürmək.
Ekspertlər Android istifadəçilərinə də oxşar məsləhətlər verirş Enerji qənaəti rejimini aktivləşdirmək, parlaqlığı azaltmaq, Always On Display funksiyasını bağlamaq və fon aktivliyini məhdudlaşdırmaq cihazın daha uzun müddət işləməsinə kömək edir.