Niyə suya düşən telefonunuzu düyüdə qurutmamalısınız:  məşhur mif təkzib edildi
12 may 2026 11:00 (UTC +04:00)

Niyə suya düşən telefonunuzu düyüdə qurutmamalısınız: məşhur mif təkzib edildi

0

Telefon suya düşdükdən sonra onu düyü qabına qoymaq geniş yayılmış üsul hesab olunsa da, mütəxəssislər bunun effektiv olmadığını bildirirlər. Məlumata görə, bu üsul nəinki faydasızdır, hətta cihazın zədələnməsinə səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istiinadla xəbərinə görə, ekspertlər qeyd edir ki, düyü smartfondan rütubəti düşünüldüyü qədər effektiv şəkildə çəkmir. Əksinə, düyünün xırda toz hissəcikləri və qalıqları cihazın daxilinə keçərək portları tıxaya və elektron komponentlərə zərər verə bilər. Bu barədə smartfon istehsalçıları, o cümlədən Apple da xəbərdarlıq edir.

Bundan əlavə, pambıq çubuqlar, fen və ya sıxılmış hava balonlarından istifadə etmək də tövsiyə olunmur, çünki bu üsullar suyun cihazın daha dərin hissələrinə yayılmasına səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, müasir smartfon modelləri əvvəlkilərlə müqayisədə suya və toza daha davamlıdır. Bu, əsasən korpusun hermetik quruluşu və xüsusi su itələyici örtüklər sayəsində mümkün olur. Lakin cihaz kifayət qədər qorunmursa, su ilə təmasdan sonra ilk addım onu dərhal söndürməkdir. Daha sonra telefonun üzəri quru parça ilə silinməli, SIM kart çıxarılmalı və mümkündürsə batareya ayrılmalıdır.

Ekspertlər cihazı şaquli vəziyyətdə portlar aşağı istiqamətdə saxlayaraq yüngülcə silkələməyi tövsiyə edir ki, artıq maye çıxsın. Bundan sonra telefon yaxşı havalandırılan yerdə təbii şəkildə qurudulmalıdır.

Mütəxəssislərin sözlərinə görə, əsas təhlükə suyun özü deyil, daxili hissələrdə yaranan korroziyadır. Xüsusilə dəniz suyu, hovuz suyu, şirin içkilər və şirələr daha təhlükəlidir, çünki onlar kontaktların zamanla sıradan çıxmasına səbəb olur.

Texnika mütəxəssisləri, o cümlədən iFixit, cihazın təmizlənməsi üçün 90 faizlik izopropil spirtdən istifadəni tövsiyə edir. Bu maddə rütubəti sıxışdıraraq çirkləri təmizləməyə kömək edir və korroziyanın qarşısını alır. Lakin telefonun sökülməsi mürəkkəb proses olduğundan, ciddi zədələnmə halında servis mərkəzinə müraciət etmək daha təhlükəsiz hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar