Nokia süni intellekt funksiyaları ilə təchiz edilmiş dörd yeni düyməli telefon modelini təqdim edib.
Lent.az xəbər verir ki, söhbət Nokia 200 4G, Nokia 210 4G, Nokia 215 4G (2nd Edition) və Nokia 235 4G (2nd Edition) modellərindən gedir.
Yeni telefonlarda yerləşdirilən xüsusi AI düyməsi vasitəsilə istifadəçilər “Sikey AI” adlı köməkçiyə birbaşa çıxış əldə edirlər. Bu köməkçi səsli əmrlərlə zəng etmək, fənəri yandırmaq, kameranı açmaq, siqnal qurmaq və sadə sualları cavablandırmaq imkanına malikdir.
AI xidməti ilk 180 gün ərzində pulsuz, daha sonra isə ödənişli abunə ilə istifadə olunacaq.
Bütün modellər S30+ əməliyyat sistemi, 1450 mAh batareya, USB-C, 3,5 mm qulaqlıq girişi, FM radio və “Xpress Chat” görüntülü danışıq dəstəyi ilə təchiz olunub.
Şirkət telefonların satış tarixi və qiymətini hələ açıqlamayıb.