Samsungun Now Nudge adlı yeni funksiyası ilə bağlı ilk detallı məlumat yayılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu seçim One UI 8.5 yenilənməsinin əsas yeniliklərindən biri olacaq.
İnsayder Tarun Vats tərəfindən paylaşılan videodemontrasiyada Galaxy AI-nin ayrı-ayrı alətlər toplusundan çıxaraq, real vaxtda ekrandakı konteksti analiz edən proaktiv sistem köməkçisinə çevrildiyi göstərilir.
Şirkət daxilində “ekran fərqindəliyi” kimi adlandırılan bu yanaşma interfeysi passiv idarəetmə vasitəsindən istifadəçinin addımlarını öncədən təxmin edən ağıllı asistenta çevirir.
Now Nudge necə işləyəcək?
Now Nudgeun iş prinsipi ekrandakı məzmunun fon rejimində davamlı analizinə əsaslanır. Sistem aktiv tətbiqdən məlumat toplayır və interfeysin üzərində kontekstə uyğun ipucları təqdim edir.
Sızmada göstərilən ssenarilərdən birində istifadəçi messencerdə görüş üçün boş vaxtla bağlı mesaj aldıqda, klaviaturanın üstündə “Təqvimi aç” düyməsi çıxır. Alqoritm təkcə təqvimə keçidi təklif etmir, eyni zamanda cədvəli analiz edərək ən yaxın boş vaxt intervalını özü seçib təqdim edir. Bu da prosesi bir toxunuşa qədər azaldır.
Digər nümunədə isə veb-forma doldurularkən ad, ünvan və telefon nömrəsi kimi xanalar üçün sistem istifadəçiyə profil məlumatlarını avtomatik əlavə etməyi təklif edir.
Mütəxəssislər qeyd edirlər ki, Now Nudge-un əsas fərqi onun ayrı-ayrı tətbiqlər səviyyəsində deyil, One UI-nin neyroşəbəkə nüvəsinə dərin inteqrasiya olunmasıdır. Bu isə istifadəçi təcrübəsində daha “tikişsiz” və sürətli keçidlər vəd edir.
Funksiya nə vaxt ortaya çıxıb?
Bildirilir ki, Galaxy S25 flaqmanları üçün One UI 8.5-in beta testləri hələ keçən ay başlayıb və nəzərəçarpacaq vizual dəyişikliklər gətirib. Lakin analitiklər məhz Now Nudge-u yenilənmənin ən böyük “gizli üstünlüyü” hesab edirlər.
Funksiya haqqında ilk izlər sistem kodunda ötən ilin noyabrında aşkarlanmışdı. İndi isə Galaxy AI parametrlər menyusundan gələn sızma onun mexanizmini daha aydın göstərib.
Ən böyük sual: hansı modellərdə işləyəcək?
Əsas müzakirə mövzularından biri də aparat uyğunluğudur. Çünki ekrandakı məlumatı real vaxtda analiz etmək yüksək resurs tələb edir və sürətli cavab reaksiyası üçün güclü neyroprosessor lazımdır.
Hələlik məlum deyil ki, Now Nudge yalnız gözlənilən Galaxy S26 seriyası üçün eksklüziv olacaq, yoxsa S25 və daha köhnə modellərə də gələcək.
Məxfilik narahatlığı da var
Now Nudge-un işləməsi üçün sistemin ekranda görünən məlumatları daimi “görməsi” və analiz etməsi tələb olunur. Bu isə şəxsi yazışmalar və maliyyə məlumatları kimi məxfi informasiyalarla bağlı suallar yaradır.
Ehtimal edilir ki, Samsung digər Galaxy AI funksiyalarında olduğu kimi, bu dəfə də məlumatların buluda göndərilmədən cihaz daxilində emalına üstünlük verəcək.
Təhlükəsizlik protokolları və dəstəklənəcək cihazların siyahısının isə stabil versiyanın təqdimatına yaxın açıqlanacağı bildirilir.
Samsungun yeni funksiyası texnologiya dünyasında “həqiqətən ağıllı interfeys” yarışını daha da sürətləndirə bilər. İndi əsas məsələ cihazın sadəcə “ağıllı” olması yox, istifadəçinin niyyətini öncədən hiss edib düzgün anda kömək edə bilməsidir.