Samsung 2026-cı ilin noyabrında süni intellektlə işləyən ilk ağıllı eynəyini təqdim etməyə hazırlaşır. Şirkət bu yeniliyi Google ilə birlikdə hazırlayır. Dizaynın yaradılmasına isə Gentle Monster və Warby Parker brendləri də qoşulub.
Lent.az xəbər verir ki, Samsung bu ağıllı eynəyi ilk dəfə 2025-ci ilin oktyabrında anons etmişdi. 2026-cı ilin mayında isə şirkət Google ilə birlikdə cihazı canlı olaraq nümayiş etdirmişdi. İndi isə yeniliyin bazara çıxacağı vaxt dəqiqləşib.
Yeni smart eynəkdə daxili ekran olmayacaq. Bununla belə, cihaz istifadəçinin gördüyünü və eşitdiyini qeydə ala bilən mikrofon və kamera ilə təchiz olunacaq. Bu məlumatların emalına Google-un Gemini süni intellekti cavabdeh olacaq. AI funksiyalarının işləməsi üçün eynək smartfona qoşulacaq. Cihaz Android XR platformasında çalışacaq və Snapdragon AR1 Gen 1 çipi ilə təchiz ediləcək.
Gözlənilir ki, "Samsung"un ağıllı eynəyi bir enerji yığımı ilə 9 saata qədər işləyə biləcək. Onun enerji yığan futlyarı isə cihazı daha 7 dəfə tam doldurmağa imkan verəcək. Eynək Samsung və Google-un bir sıra xidmətləri ilə inteqrasiya olunacaq. O, xəritələr, tərcüməçi və qeydlər xidməti ilə yanaşı, Spotify və YouTube Music kimi musiqi platformaları ilə də işləyəcək.
Ağıllı eynəklərin sayının artması məxfiliklə bağlı sualları da gündəmə gətirir. Kamera və mikrofon digər insanların xəbəri olmadan da video və səs yazısı aparmağa imkan verə bilər. Samsung bildirir ki, bu smart eynəklərdə çərçivənin iç və çöl hissəsində LED işıqlar olacaq. Cihaz audio və ya video yazısı aparanda həmin işıqlar yanacaq ki, ətrafdakılar bunu görə bilsin.
Samsung iyul ayında keçirdiyi təqdimatda eynəyin çəkisini də ayrıca vurğulayıb. Şirkətin sözlərinə görə, yenilik süni intellektlə işləyən əksər eynəklərdən daha yüngül olacaq. Yerli medianın məlumatına əsasən, cihazın çəkisi təxminən 46 qram olacaq. Bu, 51 qram çəkisi olan Meta Ray-Ban modelindən 5 qram azdır.
Məlumata görə, Meta da Ray-Ban brendi olmadan daha əlçatan Meta Glasses modelini hazırlayır. Şirkət EssilorLuxottica ilə əməkdaşlığını davam etdirsə də, yeni model gün eynəyi istehsalçısının adı ilə təqdim olunmayacaq. Gözlənilir ki, "Meta Glasses"in başlanğıc qiyməti 299 dollar olacaq. Yeni model məşhur Ray-Ban Meta eynəklərinə daha ucuz alternativ ola bilər.