Lüks smartfon istehsalçısı Caviar təxminən 8 420 ABŞ dolları dəyərində yeni iPhone modelini təqdim edib. Şirkət bu dəfə sevgililər günü münasibətilə xüsusi konsept hazırlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, brend iPhone 17 Pro bazasında “Garden of Eden” adlı limitli kolleksiyanı anons edib.
Yaradıcılara görə, bu seriya sevginin simvolik bağı ideyasını əks etdirir və Şərqdən Viktoriya dövrü İngiltərəsinə qədər müxtəlif toy mədəniyyətlərinin rəmzlərini bir araya gətirir.
Kolleksiyaya üç model daxildir: Charming Lotus, Goldfish və Wings of Love. Hər bir cihaz əl işi zərgərlik nümunəsi kimi hazırlanıb. Smartfonların korpusu 24 karat qızıl, sapfir, brilyant və rəngli mina ilə bəzədilib.
Charming Lotus modeli Şərq toy estetikasına əsaslanır. Dizaynın mərkəzində bir saplaq üzərində iki lotus çiçəyi yer alır. Hindistan və Çin mədəniyyətində bu obraz ayrılmaz birlik, məhsuldarlıq və ailə harmoniyasını simvolizə edir. Korpusda ar-nuvo üslubunda emal floristikası və şərq naxışları tətbiq olunub.
Goldfish modeli isə həm Avropa, həm də Asiya bolluq simvolikasına istinad edir. Həcmli qravüra texnikasında işlənmiş və qiymətli daşlarla örtülmüş iki qızıl balıq dairəvi hərəkətdə təsvir olunub. Çin ənənəsində bu simvol toy qab-qacağında və tikmələrdə istifadə edilib, Avropada isə balıq fiqurları ildönümlərində uğur və firavanlıq rəmzi kimi hədiyyə olunub.
Wings of Love modeli qaranquş motivini daşıyır. Viktoriya dövrü İngiltərəsində qaranquş sədaqət andı və evə dönüş vədinin simvolu hesab olunurdu. Portuqaliyada keramika qaranquşları bu gün də yeni evlənənlərin evlərini bəzəyir, Çində isə dam altında quş yuvası xoşbəxt ailə əlaməti sayılır. Smartfonun korpusunda qızıl və mina dekoru içində “uçan” quş təsvirləri yer alıb.
Seriyanın ayrıca aksesuarı kimi “Caviar-dan valentinkalar” təqdim olunub. Bu, üzərində mina ilə işlənmiş ürək və qravüra olan qızıl sikkələrdir. Arxa hissəsində yerləşdirilən QR-kod vasitəsilə istifadəçi keçid etdikdə, şirkətin iddiasına görə, “Şekspirin şəxsi sevgi proqnozu”nu əldə edir.
Bütün modellər iPhone 17 Pro Max daxil olmaqla 1 TB yaddaşlı versiyalar əsasında hazırlanıb. Garden of Eden kolleksiyası məhdud sayda buraxılıb və hər bir nümunə fərdi premium qablaşdırmada təqdim olunur.
Bazar analitikləri bildirirlər ki, texnologiya bazarının doyma mərhələsinə çatdığı bir dövrdə brendlər artıq texniki göstəricilərdən daha çox mədəni simvolika və emosional bağlılığa üstünlük verməyə başlayıblar.