Smartfonunuz başqa telefonu  da enerji ilə təmin edə bilər
24 iyul 2026 15:49 (UTC +04:00)

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

0

Bir çox müasir smartfon təkcə özü enerji toplamaqla kifayətlənmir, eyni zamanda digər cihazları da enerji ilə təmin edə bilir. Bu funksiya səfər zamanı, elektrik rozetkası olmadıqda və ya təcili vəziyyətlərdə digər telefonu, simsiz qulaqlığı və ya ağıllı saatı enerji ilə doldurmağa imkan verir.

Lent.az xəbər verir ki, enerji ötürülməsi modeldən asılı olaraq iki üsulla həyata keçirilir. Birinci üsul USB-C kabeli vasitəsilə, ikinci üsul isə əks simsiz enerji paylaşımı (Reverse Wireless Charging) texnologiyası ilə mümkündür. Bu zaman cihazları sadəcə arxa hissələri bir-birinə toxundurmaq kifayətdir. Mütəxəssislər bildirirlər ki, simsiz üsul daha az səmərəlidir və batareyanın daha çox qızmasına səbəb olur. Buna görə də bu funksiyadan daimi istifadə etmək tövsiyə edilmir.

iPhone modellərində necə işləyir?

USB-C girişinə malik iPhone 15 seriyasından başlayaraq Apple smartfonları kabel vasitəsilə digər uyğun cihazlara enerji ötürə bilir. Bunun üçün əlavə ayar aktivləşdirməyə ehtiyac yoxdur. Sadəcə uyğun kabel vasitəsilə cihazları bir-birinə qoşmaq kifayətdir.

Bu üsulla aşağıdakı cihazları enerji ilə doldurmaq mümkündür:

USB-C girişli digər iPhone modelləri;
USB-C-Lightning kabeli vasitəsilə köhnə iPhone modelləri;
AirPods qulaqlıqları;
USB-C maqnit şarj kabeli ilə Apple Watch.

Samsung telefonlarında funksiyanı necə aktivləşdirmək olar?

Samsung smartfonlarında bu texnologiya Wireless PowerShare adlanır. Bu funksiya Galaxy S10 və daha yeni S seriyası modellərində, Galaxy Note 10, Note 20, eləcə də bütün müasir Galaxy Z Fold və Galaxy Z Flip modellərində mövcuddur. Aktivləşdirmək üçün sürətli ayarlar panelini açıb Wireless PowerShare funksiyasını işə salmaq lazımdır. Daha sonra enerji veriləcək cihazı telefonun arxa hissəsinə yerləşdirmək kifayətdir. Funksiya Galaxy Watch, Galaxy Buds və Qi simsiz enerji standartını dəstəkləyən əksər cihazlarla işləyir.

Google Pixel telefonlarında necə istifadə edilir?

Google Pixel 5 və sonrakı modellərdə bu funksiya Battery Share adı ilə təqdim olunur.

Onu aktivləşdirmək üçün:

Ayarlar - Batareya - Battery Share

bölməsinə daxil olmaq və funksiyanı aktivləşdirmək lazımdır. Burada telefonun digər cihazlara enerji verməyi dayandıracağı minimum batareya səviyyəsini də təyin etmək mümkündür. Həmçinin cihaz həddindən artıq qızdıqda enerji paylaşımı avtomatik dayandırılır.

Nə zaman faydalıdır?

Bu funksiya xüsusilə enerji bankı (powerbank) olmadıqda simsiz qulaqlıqları, ağıllı saatı və ya başqa telefonu təcili enerji ilə təmin etmək üçün əlverişlidir. Lakin nəzərə almaq lazımdır ki, başqa cihazı enerji ilə doldurmaq telefonun öz batareyasını da sürətlə boşaldır. Buna görə mütəxəssislər bu funksiyadan yalnız zəruri hallarda istifadə etməyi tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar